Novruz Bayramı münasibəti ilə Nyu-York şəhərində tədbir keçirilmişdir

Siyasət Materials 9 Aprel 2010 06:02 (UTC +04:00)

ABŞ,  Nyu-York, 9 aprel /Trend, müxbir R.Cəfərov/

Cümə axşamı Novruz bayramı münasibəti ilə Nyu-York  şəhərində yerləşən Türk Mərkəzində Azərbaycanın, Qazaxıstanın, Türkmənistanın, Türkiyənin, Özbəkistanın BMT yanında Daimi Nümayəndəlikləri həmçinin, Türkiyənin, Qazaxıstanın və Özbəkistanın Nyu-Yorkdakı Baş Konsulluqlarının təşkilatçılığı ilə tədbir keçirilmişdir. Bu barədə BMT yanında Daimi nümayəndəliyinin yaydığı press-relizdə deyilir.

Tədbirdə Novruz bayramının dünyanın bir çox ölkələrində təntənəli şəkildə üç min ildən artıqdır ki qeyd edilməsi barədə məlumat verilərək, həmin bayramın özündə mehriban qonşuluq, qarşılıqlı hörmət, dözümlülük kimi qədim adət-ənənələri əks etdirdiyini vurğulandı. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş, 21 mart tarixinin Beynəlxalq Novruz Günü kimi tanınmasına dair BMT Baş Assambleyasının cari ilin 23 fevral tarixində qəbul edilmiş qətnamənin əhəmiyyəti qeyd edildi.

Tədbirin sonunda qeyd edilən ölkələrin mədəniyyət nümayəndələrinin iştirakı ilə konsert proqramı təşkil edilmiş və tədbir iştirakçılarına milli mətbəxlərin nümunələri təqdim edilmişdir.

Tədbirdə BMT yanında xarici dövlətlərin Daimi Nümayəndələri, Baş Konsulları və BMT rəsmiləri iştirak etmişlər.

Xəbər lenti

Xəbər lenti