Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir Ü.Sadıxova/
Avropa İttifaqı və Azərbaycan əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi, ikitərəfli münasibətlərin səviyyəsinin artırılması perspektivlərini müzakirə ediblər.
Genişləndirmə və Avropa qonşuluq siyasəti üzrə Avropa komissarı Ştefan Fülenin sözlərinə görə, Azərbaycan və Aİ arasında münasibətlər energetika sahəsi ilə kifayətlənməməlidir.
"MənAzərbaycan tərəfi ilə münasibətlərin yaxınlaşdırılması və yaxşılaşdırılması üçün gələcəkdə keçiriləcək tədbirləri müzakirə etdim", - cümə günü Füle hazırkı mandatı çərçivəsində Bakıya ilk səfərinin yekunları ilə bağlı Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Füle səfər zamanı Azərbaycanın da iştirak etdiyi "Şərq tərəfdaşlığı" proqramını, həmçinin "Azərbaycanın modernləşdirilməsi" yollarını müzakirə edib.
"Şərq tərəfdaşlığı" layihəsi Aİ-nin postsovet məkanının altı dövləti - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarus ilə siyasi və iqtisadi yaxınlaşmanı nəzərdə tutur. "Şərq tərəfdaşlığı"nın təsis sammiti 2009-cu il mayın 7-də Praqada keçirilib.
Avropa komissarı qarşıdakı parlament seçkilərinə də toxunub.
"Mən vətəndaş cəmiyyətləri və müxalifət nümayəndələri ilə görüşdüm, bəzi siyasi partiyaların mövqeyi ilə tanış oldum. Görüş zamanı qeyd etdim ki, qarşıdakı parlament seçkiləri açıq və azad olmalıdır", - bildirib.
XİN rəhbəri Məmmədyarov bildirib ki, Azərbaycan ATƏT-in parlament seçkiləri ilə bağlı Azərbaycan üçün məqbul ola biləcək təkliflərini nəzərdən keçirməyə hazırdır.