Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov
(milliyet.com.tr) - 2008-ci il avqust müharibəsi Qafqazda təhlükəsizliyin nə dərəcədə kövrək olduğunu və həll edilməmiş münaqişələrin regionda sülh və sabitliyin pozulmasına əsas təhdid olaraq qaldığını göstərdi. Regionda uzunmüddətli sülhün qurulması ilk növbədə bu münaqişələrin həlli üzərində qurulub. Avqust müharibəsindən sonra Türkiyənin təklif etdiyi və "kooperativ təhlükəsizlik" konsepsiyasına əsaslanan Cənubi Qafqazda əməkdaşlıq və sabitlik platforması bizə yad deyildi. Hələ 90-cı illərin sonunda mərhum Prezident Heydər Əliyev tərəfindən belə bir əməkdaşlıq forması təklif edilmişdi. Bu formatın uğur qazanması ilk növbədə dövlətlər arasında düşmənçiliyin aradan qaldırılmasını və ümumi gələcək naminə kompromisin nümayiş etdirilməsini nəzərdə tutur. Ermənistan isə regionda bu iki şərtin həyata keçirilməsinin düyün nöqtəsidir.
Müstəqillik Bəyannaməsinin 11-ci maddəsində Türkiyənin şərq torpaqlarının "Qərbi Ermənistan" adlandıraraq beynəlxalq hüququn sərhədlərin toxunulmazlığı və varislik prinsipini pozan, eyni maddədə "1915-ci il soyqırımının beynəlxalq tanınmasını" dövlətin ümdə vəzifəsi kimi göstərən, Türkiyə-Ermənistan danışıqlarında anlaşmadan ziyadə şantaj metoduna üstünlük verən bir dövlətin regionda təhlükəsizliyə töhfəsinin nə qədər çətin olacağının Türkiyə şahidi oldu.
Bu məsələlər son bir ildə Türkiyənin gündəmində əsas yer tutmağa başlayıb. Torpaqlarının 20 faizi işğal olunmuş Azərbaycan isə 20 ildən çoxdur ki apardığı danışıqlarda Ermənistanın qeyri-konstruktiv mövqeyinin daim şahidi olub. Bu gün də danışıqlar masasında yenilənmiş Madrid prinsiplərini var. Azərbaycan regionda sülh və barış naminə bu təklifi qəbul edir. Ermənistan isə yenə də qeyri-konstruktivlik nümayiş etdirir. Təklifləri qəbul etmir, prosesi uzadır və verdiyi absurd təkliflərlə danışıqlar prosesini lap əvvələ götürür.
Biz başa düşürük ki, "soyqırım" məfkurəsi Ermənistan üçün həyati əhəmiyyətlidir, onilliklərdir erməni milli varlığının mayası və onurğa sütunudur. Bu mövzunun müzakirəyə açılması, onun tarixi reallıq deyil, bir ideoloji uydurma olduğunun ortaya qoyulması Ermənistan üçün faciəvi ola bilər. Onlar da bunu gözəl başa düşürlər. Ermənistanın protokollara imza atmasının da, ardından baş verən manipulyativ proseslərin də əsas səbəbi ideoloji uydurmanın üzə çıxması qorxusudur. Sürixdə imzalanan protokollar ilə "tarixi həqiqətdən qorxmuruq" görünüşü yaradan Ermənistanın qorxduğu da əslində budur. Protokol prosesinin getdiyi bir vaxtda "soyqırımın tanınması" istiqamətində erməni lobbisinin fəaliyyətini artırılması da bu baxımdan anlaşılandır. 24 aprel tarixinə iki gün qalmış Ermənistanın protokollar prosesini dondurması da, əslində Ermənistan rəhbərliyinin sözügedən manevrlərindən biridir.
Ermənistanın uydurma "soyqırım" ideologiyasının bir qurbanı da məhz azərbaycanlılardır. Unutmaq olmaz ki, 1918-ci ildə Azərbaycanın müxtəlif bölgələrində və 1992-ci ilin fevral ayında Xocalıda türklərlə eyni etnik kökü paylaşan azərbaycanlılara qarşı vəhşicəsinə törədilən qətliam onilliklər boyu erməni xalqına təlqin edilən "soyqırım" düşüncəsindən doğan nifrətin və qisasın acı bir nəticəsi idi. 1915-ci il hadisələrində köç etmiş erməniləri hər addım başı yada salanlar, bəs niyə 1988-94 illərdə 1 milyon azərbaycanlının qaçqın olaraq öz torpaqlarının tərk etməsini xatırlamırlar.
Ermənistanın Azərbaycan torpaqlarının işğalı məsələsini protokollar prosesindən ayrı tutmaq cəhdləri isə gülüncdür. Regionda sülh və təhlükəsizliyin məqsəd olaraq bəyan edildiyi bir prosesdə Ermənistan tərəfi yəqin ki işğalı əldə ediləcək regional təhlükəsizliyin bir parçası olaraq görür. Təəssüf ki, Azərbaycan torpaqlarının işğalı məsələsinə bəzi qüvvələrin ikili yanaşması mövcuddur. BMT Təhlükəsizlik Şurasının 15 il bundan öncə işğal olunmuş torpaqların boşaldılması haqqında qəbul etdiyi 4 qətnamə hələ də icra olunmayıb. Bir tərəfdən regionda sülh istəyi bəyanatları vermək, digər tərəfdən isə işğalçıya dəstək faktları, zənnimcə, yetərincədir. Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesində vasitəçilik edən ATƏT-in Minsk qrupu isə illərdir ki müəyyən təşəbbüslərlə çıxış edir, lakin işğalçı tərəflə - Ermənistanla sözün əsl mənasında bacara bilmir (bəlkə də bunu istəmir).
Ermənistan bir qonşu dövlətin ərazisini işğal edir, qətliamlar törədir, digər qonşularına (Türkiyə və Azərbaycan) torpaq iddiası ilə çıxış edir, uydurma "soyqırım"ı legitimləşdirmək üçün (tarixi həqiqətləri araşdırmaqdan başqa) hər növ vasitədən istifadə edir və yekunda, Qərb onu dəstəkləyir.
Bu gün Cənubi Qafqazda sülh və təhlükəsizliyin iki amilə ehtiyacı var: ədalətli beynəlxalq yanaşma və məsuliyyətli, sülhə meyilli Ermənistan.