...

Azərbaycan ATƏT-in seçkilərlə bağlı tövsiyələrini birmənalı dəyərləndirmir - Şahin Əliyev

Siyasət Materials 18 May 2010 12:46 (UTC +04:00)
Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri ATƏT-in seçkilərlə bağlı tövsiyələrini birmənalı dəyərləndirmir.
Azərbaycan ATƏT-in seçkilərlə bağlı tövsiyələrini birmənalı dəyərləndirmir - Şahin Əliyev

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri ATƏT-in seçkilərlə bağlı tövsiyələrini birmənalı dəyərləndirmir.

"Bildiyiniz kimi, dünyada bu sahədə praktika kifayət qədər müxtəlifdir və bu tövsiyələri, əlbəttə, mən birmənalı dəyərləndirə bilmərəm. Çünki bu tövsiyələr ATƏT tərəfindən səsləndirilir və bildiyiniz kimi, mövcud seçki komissiyalarının formatı da vaxtilə ATƏT-in təklifi olub". - Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Prezident Administrasiyası qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev bildirib.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin noyabrın birinci həftəsində keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

ATƏT seçki komissiyalarının bitərəflər tərəfindən formalaşdırılması təklifi ilə çıxış edib.

Əliyevin sözlərinə görə, indiki seçki komissiyalarının təşkil edilməsi formulu üzərində ATƏT-lə çox gərgin və uzunmüddətli iş aparılıb.

"Mən təəccüb edirəm, yenidən bu məsələ ATƏT tərəfindən Azərbaycan hökuməti qarşısında qaldırılır. Seçki komissiyalarının mümkün təşkili üslubarından danışanda deyildi ki, seçki komissiyaları tam bitərəf olmalıdır. Xatırlatmaq istərdim ki, 2002-ci ildə İFES-lə birgə fəaliyyət nəticəsində seçki komissiyalarının təşkilinin yeni bir formulu hazırlanıb. Bu formula görə, seçki komissiyaları tam bitərəf qeyri-hökumət təşkilatlarının nümayəndələrindən formalaşmalı idi. Hökumət buna 2002-ci ildə razılıq vermişdi, lakin təəssüf ki, ATƏT bu formulu qəbul etməmişdi. Mən yenə təəccüblənirəm ki, bitərəf məsələsi ATƏT tərəfindən yenə qaldırılır", - şöbə müdiri əlavə edib.

Hökumətin seçki komissiyalarının indiki formatını dəyişmək istəyib-istəməməsinə gəldikdə, Əliyev deyib ki, hökumətin mövqeyi ondan ibarətdir ki, seçkilər tam peşəkarlar tərəfindən keçirilməli və Seçki Məcəlləsinin tələblərinin pozulmasına imkan yaratmamaq nöqteyi-nəzərindən peşəkar idarə olunmalıdır.

"Seçki komissiyalarının tərkibinin dəyişməsi ilə bağlı mən kifayət qədər formalar, fikirlər səsləndirə bilərəm. Dünyada da müxtəlif təcrübə mövcuddur, lakin seçki komissiyaları nəyin naminə dəyişdirilməlidir? Bunun arxasında analitik təhlil olmalıdır. İndiki vəziyyət nədən ibarətdir və seçki komissiyaları bu və ya digər yolla dəyişdirilsə, onun nəticəsində biz gələcək seçkilərdə nə etmiş olarıq?" - hökumət rəsmisi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti