...

Azərbaycanın milli təhlükəsizlik naziri BMT-nin yeni təyin olunmuş səfiri ilə görüşüb

Siyasət Materials 28 İyul 2010 14:59 (UTC +04:00)
MTN-in İctimai Əlaqələr Mərkəzindən çərşənbə günü Trend-ə verilən məlumata görə, nazir, general-leytenant Eldar Mahmudov Fikrət Akçuranı Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib.
Azərbaycanın milli təhlükəsizlik naziri BMT-nin yeni təyin olunmuş səfiri ilə görüşüb

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın milli təhlükəsizlik naziri Birləşmiş Millətlər Təşkilatının ölkəmizdə yeni təyin olunmuş rezident-əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident-nümayəndəsi səfir Fikrət Akçuranı qəbul edib.

MTN-in İctimai Əlaqələr Mərkəzindən çərşənbə günü Trend-ə verilən məlumata görə, nazir, general-leytenant Eldar Mahmudov Fikrət Akçuranı Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib.

Nazir BMT ilə Azərbaycan arasında münasibətlərin inkişafı yönümündə, habelə BMT İnkişaf Proqramı və "Cənubi Qafqazda narkotiklərə nəzarət" (SCAD) regional Yardım Proqramı üzrə həyata keçirilən layihələr çərçivəsində ölkəmizin hüquq-mühafizə orqanlarının, o cümlədən, nazirliyin texniki və metodiki baxımdan təchizatı və beynəlxalq təcrübə mübadiləsinin təşkili, narkotiklərin qaçaqmalçılığı ilə mübarizə sahəsində yardımları və önəmli səyləri yüksək qiymətləndirib.

Milli təhlükəsizlik naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun yaratdığı fəsadlar, ölkəmizin problemin hamılıqla qəbul olunmuş beynəlxalq prinsip və hüquq normalarına uyğun ədalətli həlli uğrunda göstərdiyi səylər, Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasına dair BMT-nin müvafiq qətnamələrinin yerinə yetirilməsi və bu işdə aidiyyəti beynəlxalq strukturların ardıcıl çalışmalarının zəruriliyi barədə danışıb.

Mahmudov beynəlxalq terrorçuluqla və transmilli mütəşəkkil cinayətkarlığın digər təhlükəli təzahürləri ilə aparılan mübarizə ilə bağlı məlumat verib.

Səfir təmsil etdiyi beynəlxalq qurumun ölkəmizdə həyata keçirdiyi müvafiq proqramların xalqın rifahı və inkişafı naminə əhəmiyyətli töhfə verməsi üçün bundan sonra da hərtərəfli kömək göstəriləcəyini qeyd edib.

Akçura Azərbaycanın tərəqqisi üçün başlıca təminat olan mövcud ictimai-siyasi sabitliyi yüksək qiymətləndirib, bu işdə, eləcə də bütün sahələrdə hər cür təhdidlərin xəbərdar olunmasında və qarşısının alınmasında, həmçinin, ölkədə fəaliyyət göstərən diplomatik korpusun təhlükəsizliyinin təmin olunmasında Milli Təhlükəsizlik Nazirliyinin rolunu xüsusi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti