...

Azərbaycan Prezidenti İranın neft nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 12 Yanvar 2011 18:20 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də İran İslam Respublikasının neft naziri Seyid Məsud Mirkaziminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb
Azərbaycan Prezidenti İranın neft nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü İran İslam Respublikasının neft naziri Seyid Məsud Mirkazıminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

İki ölkə arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini xatırladan Prezident İlham Əliyev enerji sektorunda əlaqələrin böyük tarixinin olduğunu deyib. Dövlətimizin başçısı əməkdaşlığın yeni sahələrinin müəyyən edilməsinin önəmini vurğulayaraq, hazırkı mərhələdə enerji sahəsində də əməkdaşlığın yeni imkanlarını araşdırmağın zəruriliyini söyləyib və bunun üçün yaxşı potensialın olduğunu bildirib. Prezident İlham Əliyev enerji sahəsində əlaqələrin genişləndirilməsi ilə bağlı artıq yüksək səviyyədə fikir mübadiləsinin aparıldığını qeyd edib və razılaşdırılmış məsələlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Seyid Məsud Mirkazımi İran Prezidenti Mahmud Əhmədinejadın səmimi salamlarını dövlətimizin başçısına çatdırıb. İkitərəfli münasibətlərin, xüsusilə, enerji sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı ötən il dövlət başçılarının imzaladığı sənədin əhəmiyyətinə toxunan nazir Bakıya səfəri zamanı bu məsələ ilə bağlı müzakirələrin davam etdiriləcəyini deyib. Seyid Məsud Mirkazımi tarixən iki ölkə arasında əlaqələrin bütün sahələrdə, o cümlədən enerji sektorunda yaxşı səviyyədə olduğunu vurğulayıb və bundan sonra da genişlənəcəyinə əminliyini bildirib.

Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirib və özünün də səmimi salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş edib.

Xəbər lenti

Xəbər lenti