...

Çexiya Prezidenti və xanımı İçərişəhərlə tanış olublar

Siyasət Materials 18 May 2011 20:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may /Trend/

Azərbaycanda rəsmi səfərdə olan Çexiya Prezidenti Vatslav Klaus və xanımı Liviya Klausova çərşənbə günü Bakıda dünya mədəni irs abidələrindən olan İçərişəhərlə tanış olublar.

Trend-in məlumatına görə, qonaqlar gəzintiyə yeni istifadəyə verilmiş Çin məsçidi ilə tanışlıqdan başlayıblar. Çexiya Prezidenti və xanımı burada numizmatik ekspozisiya ilə maraqlanıblar.

Məlumat verilib ki, ekspozisiyaya daxil olan sikkələr eramızdan əvvəl IV əsrdən eramızın XIX əsrin birinci yarısınadək böyük bir dövrü əhatə edir. Burada pula qədər istifadə olunan əmtəə mübadilə vasitələrini, Azərbaycan ərazisində yerləşən dövlətlərin, onlarla iqtisadi əlaqələri olan bir çox xarici dövlətlərin sikkələrini görmək mümkündür.

Elektromobillərlə gəzinti zamanı qonağa YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.

Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Çexiya Prezidenti Vatslav Klaus və xanımı təndir çörəyinə qonaq ediliblər.

Sonra Qız qalası ilə tanış olan qonaqlara Bakının rəmzi sayılan abidənin tarixi barədə məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş bu abidə XII əsrdə bərpa olunub. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan qala silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir.

Qız qalasının yaxınlığındakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki daş ekspozisiyanın yenidən təşkili işləri qonaqların böyük marağına səbəb olub.

Qonaqlara Cümə məscidi və burada aparılmış təmir-bərpa işləri barədə də ətraflı məlumat verilib.

Daha sonra Çexiya Prezidenti və xanımı "Kiçik Karvansara"dakı Azərbaycan təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi - "İncəsənət bağı"nda olublar. Burada qonaqların şərəfinə çay süfrəsi təşkil edilib.

Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıqdan yadigar olaraq, qonaqlara hədiyyələr təqdim olunub.

Çexiya Prezidenti Vatslav Klaus İçərişəhərin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Xəbər lenti

Xəbər lenti