...

Azərbaycanda müdafiə təyinatlı məhsulların istehsalı 11,2 dəfə artıb

Siyasət Materials 28 İyul 2011 13:23 (UTC +04:00)
Azərbaycanda 2011-ci ilin birinci yarısında müdafiə təyinatlı məhsulların istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,2 dəfə artıb.
Azərbaycanda müdafiə təyinatlı məhsulların istehsalı 11,2 dəfə artıb

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda 2011-ci ilin birinci yarısında müdafiə təyinatlı məhsulların istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,2 dəfə artıb. Trend-in Müsadafiə Sənayesi Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə nazirliyin tabeli müəssisələrində 2011-ci ilin I yarımilliyinin yekunlarına həsr edilmiş səyyar kollegiya iclaslarında qeyd olunub.

İyulun 25-28-də nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclaslarda birlik və müəssisələrin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilib. Bildirilib ki, 2011-ci ilin 6 ayında tabeli müəssisələrdə ümumilikdə istehsal olunan məhsulların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıb.

Hesabat dövründə 2011-ci ilin "Dövlət Müdafiə Sifarişi Proqramı"nda nəzərə tutulan tədbirlərin icrası davam etdirilib, respublikanın güc strukturları ilə bağlanmış müqavilələr əsasında ötən ilin müvafiq dövrünə nisbətən 11,2 dəfə çox müdafiə təyinatlı məhsul istehsal edilərək sifarişçilərə təhvil verilib. Həmin dövrdə müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 3,7 dəfə artırılıb. Eləcə də mülki məhsulların istehsalında 14 faiz artım əldə edilib.

2011-ci ilin birinci yarısında "Dövlət Müdafiə Sifarişi Proqramı"nın "yaradılma" bölməsi üzrə 10 mövzunun 25 mərhələsi yerinə yetirilib, 4 ilkin, 2 dövlət və 10 ixtisaslaşma sınaqları həyata keçirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yerinə yetirilmiş mərhələlərin sayı 2 dəfə artıb.

İclaslarda birlik və müəssisə rəhbərlərinin hesabatları dinlənilib. "Dövlət Müdafiə Sifarişi Proqramı"nın və digər proqnoz göstəricilərin icrasının təmin edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Kollegiya iclaslarında nazir Yavər Camalov hesabat dövrü ərzində tabeli birlik və müəssisələrdə görülmüş işləri yüksək qiymətləndirib. Qeyd edib ki, kollektiv əldə edilmiş uğurlarla kifayətlənməməli, Respublikanın müdafiə qüdrətinin möhkəmləndirilməsi istiqamətində Silahlı Qüvvələrin müasir silah və döyüş sursatları ilə təmin edilməsi üçün nazirliyin qarşısında qoyulmuş mühüm vəzifələrin icrası layiqincə yerinə yetirilməlidir.

Xəbər lenti

Xəbər lenti