...

Azərbaycan Prezidenti Şamaxıda Vergilər Nazirliyinin Tədris Mərkəzinin açılışında iştirak edib (FOTO)

Siyasət Materials 13 Sentyabr 2011 20:40 (UTC +04:00)
Sentyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Şamaxıda Vergilər Nazirliyinin yeni Tədris Mərkəzinin açılışında iştirak edib.
Azərbaycan Prezidenti Şamaxıda Vergilər Nazirliyinin Tədris Mərkəzinin açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Sentyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Şamaxıda Vergilər Nazirliyinin yeni Tədris Mərkəzinin açılışında iştirak edib.

Mərkəzin kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı.

Vergilər naziri Fazil Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, son illərdə ölkəmizdə vergi sistemində aparılan islahatlar, ilk növbədə bu sahədə modern texnologiyaların tətbiqinə, yeni kadr hazırlığının həyata keçirilməsinə yönəlib.

Prezident İlham Əliyev Tədris Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.

Bildirildi ki, Tədris Mərkəzinin inşasına 2008-ci ildə başlanmışdır. 2,5 hektar ərazidə aparılan inşaat işləri yüksək tikinti standartlarına tam cavab verir. Mərkəzin kompleksinə üçmərtəbəli tədris binası, ikimərtəbəli inzibati bina, müdavim və müəllim yataqxanaları, o cümlədən dəvət olunan ekspertlər üçün nəzərdə tutulan ikimərtəbəli dörd qonaq evi daxildir.

Mərkəzdə üç mühazirə auditoriyası yaradılıb. Bütün texniki vasitələrlə təchiz edilən auditoriyaların hər biri 20 nəfərlikdir. Burada üç səviyyədə hazırlıq nəzərdə tutulur. Mərkəzin strukturuna iqtisadiyyat və menecment, vergi metodologiyası, vergi qanunvericiliyi və təsərrüfat hüququ kafedraları, elmi tədqiqat bölməsi, tədris-metodika və maliyyə-təsərrüfat şöbələri daxildir. Tədris Mərkəzinin vəzifəli şəxslərinin say həddi 30 nəfər müəyyən edilib.

Mərkəzdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotoguşə yaradılıb. Burada Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli fəaliyyətin, o cümlədən vergi sisteminə göstərdiyi diqqət və qayğının müxtəlif məqamlarını əks etdirən fotolar və elmi-kütləvi ədəbiyyat nümayiş etdirilir.

Konfrans zalı ilə tanışlıq zamanı dövlətimizin başçısına Avropadaxili Vergi Administrasiyaları Təşkilatının prezidenti Svein Ragnar Kristensenin videotəbriki təqdim olundu. O, Azərbaycan Prezidentini yüksək standartlara cavab verən bu cür Tədris Mərkəzinin istifadəyə verilməsi münasibətilə təbrik etdi.

Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, hazırda nazirliyin sistemində vergi tədris modeli layihəsi uğurla tətbiq edilir. Bu layihədən vergi orqanları əməkdaşlarının peşə hazırlığının təkmilləşdirilməsi və ixtisaslarının artırılması prosesində mühüm vasitə kimi istifadə olunur. Həmçinin informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə əməkdaşların məsafədən tədrisinin müxtəlif formaları tətbiq edilir. Eyni zamanda, əməkdaşların bilik və peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi də işdən ayrılmadan onlayn rejimində yerinə yetirilir.

Akt zalı ilə tanışlıq zamanı bildirildi ki, 96 nəfərlik zalda mühüm tədbirlərin, təqdimat mərasimlərinin keçirilməsi üçün hər cür şərait yaradılıb. Bununla yanaşı, mərkəzdə yüksək zövqlə tərtib edilən foye və guşələr burada hərtərəfli istirahət üçün geniş imkanlar açır.

Prezident İlham Əliyev müdavimlər üçün nəzərdə tutulan yataqxanadakı şəraitlə də tanış oldu. Bildirildi ki, burada üç nəfərlik 21, iki nəfərlik 3, bir nəfərlik 3 otaq var. Otaqların hər biri yüksək səviyyədə təchiz olunub, müdavimlərin yaşaması üçün hər cür şərait yaradılıb.

Mərkəzin idman-sağlamlıq kompleksində yaradılan şəraitlə tanışlıq zamanı bildirildi ki, burada 80 kvadratmetrlik üzgüçülük hovuzu yaradılıb, trenajorlar quraşdırılıb. Kompleksdə eyni vaxtda 20 nəfərə xidmət göstərən kafe də var.

Tədris Mərkəzinin həyətyanı sahəsini gəzən dövlətimizin başçısı dəvət olunan xarici qonaqlar və ekspertlər üçün nəzərdə tutulan evlərdə yaradılan şəraitlə maraqlandı. Bildirildi ki, ikimərtəbəli evlərdə hər cür şərait yaradılıb. Qeyd edildi ki, burada müəllimlərin yaşaması üçün ayrıca korpus tikilib. Bu korpusda birotaqlı 12, ikiotaqlı 24 mənzillər var. Tədris Mərkəzinin kitabxanası və internet mərkəzi buraya gələnlərin istifadəsinə verilib.

Mərkəzdə yaradılan şəraitlə yaxından tanış olan dövlətimizin başçısı kollektivlə görüşdü, onlara uğurlar arzuladı.

Sonda xatirə şəkli çəkdirildi.

Xəbər lenti

Xəbər lenti