...

Yeni hədəflərimiz

Siyasət Materials 25 Oktyabr 2011 17:15 (UTC +04:00)
Natiq Məmmədli - "Kaspi" qəzetinin baş redaktoru
Yeni hədəflərimiz

Natiq Məmmədli - "Kaspi" qəzetinin baş redaktoru

Müstəqilliyinin 20-ci ilini yaşayan Azərbaycanın bu illər ərzində keçdiyi yola nəzər saldıqda, onu bir neçə mərhələyə bölmək olar: yeni əldə edilmiş müstəqilliyin qorunması və dayaqlarının möhkəmləndirilməsi, müstəqilliyin verdiyi üstünlüklərdən yararlanıb milli həmrəyliyə və inkişafa nail olunması, ölkənin sosial-iqtisadi rifahını yüksəltmək və dünyada layiq olduğu yerə gətirib çıxarmaq. Şərti olaraq böldüyümüz hər bir mərhələnin öz xüsusiyyətləri, problemləri və itkiləri olmuşdur. Müstəqil dövlət kimi ayaqda durmağın çətinliklərini dəf edən Azərbaycan artıq inkişafının yeni bir mərhələsinə qədəm qoymaqdadır.

"Keçid dövrü" adlanan mərhələ tarixə qovuşub, iqtisadiyyatın azad bazar prinsipləri ilə özünü tənzimləməsi mexanizmi oturaqlaşıb, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması bununla sinxronluq təşkil edir, habelə regionların inkişafına yönələn dövlət proqramları öz bəhrəsini verməkdədir. Cəmiyyətin ictimai həyatında plüralizm prinsipləri möhkəmlənib, demokratik təsisatlar güclənib, ifadə azadlığı, insanların sərbəst şəkildə rəy və fikirlərini bölüşmələri, müstəqil medianın strukturlaşması və ictimai rəyə təsir imkanlarının getdikcə artması ölkə reallıqlarının tərkib hissəsidir. Dövlətin lap əvvəldən bəyan etdiyi kimi, neft kapitalının insan kapitalına çevrilməsi kimi milli maraqlara söykənən strategiya artıq reallıqdır və yuxarıda sadaladığımız amillər məhz kifayət qədər düşünülmüş və sistemli formada həyata keçirilən kursun ilkin göstəriciləridir.

Bütün bunlar müstəqilliyinin 20-ci ilini yaşayan ölkənin həyatında artıq yeni bir mərhələnin başlanmasını şərtləndirir. Bu mərhələ inkişafın təbii axarından irəli gəlir, onu tamamlayır və daha təkmil formada özünü göstərir. Bu baxımdan Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında qarşıda duran yeni hədəflərdən danışması təsadüfi deyil. Prezidentin müəyyənləşdirdiyi və növbəti 10 ili əhatə edəcək hədəfləri qruplaşdırıb təhlil etdikdə, Azərbaycanın yaxın gələcəkdə daha böyük uğurlara imza atacağını bəri başdan demək mümkündür. Beləliklə, növbəti 10 ildə nələrin şahidi olacağıq? Birinci, Ümumi Daxili Məhsul ən azı 2 dəfə artacaq, ikinci, daha böyük həcmdə məhsul ixracına nail olunacaq, kənd təsərrüfatının potensialından tam yararlanmaq üçün yeni emal müəssisələri yaradılacaq, üçüncü, Azərbaycan şirkətlərinin xaricə investisiya qoyuluşları prioritet məsələlər cərgəsində olacaq, dördüncü, korrupsiya ilə mübarizə daha da gücləndiriləcək.

Azərbaycanın sahib olduğu maliyyə ehtiyatları sadalanan vəzifələri yerinə yetirmək üçün əsaslı zəmin yaradır. Nəzərə alaq ki, indi valyuta ehtiyatlarımız 40 milyard dolları ötüb. Kənd təsərrüfatının canlandırılması öz növbəsində regionların simasını dəyişməklə yanaşı, məşğulluq sferasına da təsir göstərir, yeni iş yerlərinin yaradılması əhalinin davamlı sosial müdafiəsinin gücləndirilməsi yönümündə ən mühüm addımdır. Yeni hədəflərdən doğan vəzifələri izah edərkən Prezident əminliyini bildirib ki, qarşıdakı iki il ərzində elektrik enerjisi istehsalının həcmi artırılacaq, bununla paralel olaraq əsas məqsəd isə ixrac yönümlü sənaye potensialının yaradılmasıdır. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, 20 milyard dollardan çox olan Azərbaycanın gələnilki büdcəsi məhz investisiya və sosial yönümlüdür.

Perspektiv planlarla yanaşı, dünən Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurası kimi mötəbər quruma üzv seçilməsi bəhs etdiyimiz yeni mərhələnin mühüm bir detalı kimi nəzərdən keçirilməlidir. 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləyərək onu dünyada sülhün və sabitliyin keşiyində dayanan mötəbər təşkilata üzv seçdi. Dünya miqyasında 155 ölkənin etimadını qazanmaq bu vaxta kimi həyata keçirilən xarici siyasətin, beynəlxalq hüquq normalarına hörmətin, ən əsası, torpaqları işğala məruz qalan bir ölkənin sülhə sadiqliyinin məntiqi nəticəsidir.

Xalqı təbrik edən Prezident İlham Əliyev bunu haqlı olaraq böyük qələbə adlandırıb: "Bu səsvermə müstəqilliyimizin 20 illiyinə təsadüf edir. Bu, çox rəmzi məna daşıyan bir hadisədir. Bu göstərir ki, 20 il ərzində Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü göstərib".

Qarşıda duran yeni hədəflərin mahiyyətində Azərbaycanı daha da qüdrətli dövlətə çevirmək, vətəndaşının rifahını yüksəltmək, beynəlxalq arenadakı mövqeyini möhkəmləndirmək niyyəti dayanır. Dünyanı və regionu maraqlar müstəvisinə bölən qlobal güclər Azərbaycanın artan nüfüzu ilə hesablaşmaya bilməzlər. Cənubi Qafqazın ən sabit və varlı ölkəsi olan Azərbaycanın potensialını, gələcək perspektiv inkişafını keçmiş postsovet ölkələrinin heç biri ilə müqayisə etmək mümkün deyil. 20 il göstərdi ki, təhdidlərə, müxtəlif xarici və daxili qaynaqlara söykənən təzyiqlərə baxmayaraq, Azərbaycan müstəqil dövlət kimi dayaqlarını möhkəmləndirə, özünü müstəqil respublika kimi təsdiqləyə bildi. Dövlətin müəyyənləşdirdiyi yeni hədəflər içərisində ən ümdə məsələ ərazi bütövlünün bərpa edilməsinə nail olmaqdır. Öz iqtisadi qüdrətini artıran Azərbaycanın buna nail olacağı hamıda əminlik yaradır.

Xəbər lenti

Xəbər lenti