Azərbaycan, Bakı, 21 yanvar /Trend/
ABŞ Konqresinin "The Hill" qəzetində Birləşmiş Ştatların "Caspian Group" şirkətinin icraçı direktoru S. Rob Sübhaninin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ABŞ-ın birinci xanımı Mişel Obama ilə nəzərdə tutulan görüşü barədə "Birinci xanımlar Əliyeva və Obama: Xərçəng xəstəliyinə qarşı mübarizə" sərlövhəli məqaləsi dərc olunub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Məqalədə deyilir: "Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ Prezidenti Barak Obamanın sonuncu görüşü 2010-cu ilin sentyabrında olmuşdur. İki gənc liderin bu görüşünün mövzusu şübhəsiz ki, Azərbaycanın terrorizmə qarşı mübarizəyə verdiyi töhfə, Əfqanıstandakı ABŞ və NATO hərbi qüvvələrinin yanacaq təchizatı, Azərbaycanın enerji resurslarının beynəlxalq bazarlara fasiləsiz nəqli olmuşdur. Doqquz milyon əhalisi olan Azərbaycan Qərbin enerji təhlükəsizliyində mühüm rol oynayır. Çünki Avropa təbii qaz ixracını şaxələndirməkdə qərarlıdır.
Təəssüf ki, bu görüşdə müzakirə olunmayan mühüm mövzulardan biri xərçəng xəstəliyinə qarşı mübarizə idi. Birinci xanımlar Mehriban Əliyeva və Mişel Obama arasında Ağ Evdə keçiriləcək görüş isə bu aktual problemə - xərçəng xəstəliyinə qarşı mübarizə işinə yeni enerji, maliyyə vəsaiti və mənəvi inam gətirə bilər. Söhbət xərçəng xəstəliyindən düşəndə Azərbaycanın birinci xanımı öz iş otağından Xəzər dənizinə baxaraq həyəcanla deyir: "Xərçəng xəstəliyi insan həyatını məhv edir". Bu bəla Mehriban xanıma tanışdır - o, cavan yaşda vəfat etmiş anasının itkisini xatırlayır. Birinci xanım əlbəttə, düz deyir. Xərçəng xəstəliyinin qurbanları arasında Stiv Cobs, Massaçusets ştatından olan senator Ted, Azərbaycandan olan 32 yaşlı Murad da vardır... Mehriban xanım təəssüflə deyir: "Xərçəng xəstəliyi sərhəd, milli mənsubiyyət tanımır. İstər amerikalı olsun, istər azərbaycanlı, xərçəng fərq qoymadan öldürür".
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva humanitar səylərini Azərbaycan gəncliyi üçün məktəb və internatların modernləşdirilməsi işinə yönəldib. O, doğma xalqının zəngin mədəni irsinin də hamisidir. Azərbaycan milli musiqisini dünyada təbliğ edir, Heydər Əliyev Fondunun xətti ilə Azərbaycan xalqının zəngin milli dəyərlərini dünyaya tanıdır. Bundan başqa, üç övlad anası olan bu lütfkar qadın ölkəsində və dünyada diabet və talassemiya xəstəliyinə tutulmuş uşaqlara kömək etmək üçün yorulmadan çalışır. Təəccüblü deyil ki, o, UNESCO-nun xoşməramlı səfiridir. Bu yaxınlarda isə Fransanın "Şərəf legionunun zabiti" ali ordeni ilə təltif edilmişdir. Bu xanımın xərçəng xəstəliyinə qarşı mübarizədə göstərdiyi qətiyyət onu daha çox humanitar təşəbbüslərə sövq edir.
ABŞ-ın birinci xanımı Mişel Obama azərbaycanlı həmkarı Mehriban xanımın mötəbər tərəfdaşıdır. Məsələn, Mişel Obama hamının diqqətini ölkədə milli bəlaya çevrilmiş uşaqlarda köklük sindromuna yönəltmişdir. Nə qədər ki, dünyada yeni stiv cobslar, tedlər, yaxud muradlar itkisi yoxdur, bəlkə Mişel Obama Mehriban xanımı Ağ Evə dəvət etsin. Onlar xərçəng xəstəliyinə qarşı birlikdə mübarizə elan etsinlər. Bu dəhşətli xəstəlik Amerikada hər il 500 min atanı, ananı, oğlu və qızı dünyadan aparır. Hər il Amerikada 1.4 milyon adama xərçəng xəstəliyi diaqnozu qoyulur, onlardan 569 min 490-ı həyatını itirir. Dünyanı bürümüş xərçəng xəstəliyi ölümlərin birinci səbəbidir. 1975-2000-ci illər arasında xərçəng xəstəliyi iki dəfə artmış, 2020-ci ildə daha iki dəfə artacaqdır. 2010-cu ildə 12 milyon insana xərçəng diaqnozu qoyulmuş, 7 milyon nəfər bu xəstəlikdən ölmüşdür. Xərçəngə qarşı Mübarizə Beynəlxalq Agentliyinin məlumatına görə, 2030-cu ildə 17 milyon adam bu xəstəlikdən vəfat edəcəkdir.
Xərçəng xəstəliyinə qarşı ABŞ ilə Azərbaycanın birgə mübarizəsi üçün yaxşı zəmin vardır. Azərbaycan ABŞ-ın etibarlı strateji tərəfdaşıdır. ABŞ-da Azərbaycanın problemlərinə həssaslıqla yanaşırlar. Ötən əsrin 90-cı illərinin əvvəllərində Prezident Klinton Azərbaycanın o vaxtkı Prezidenti Heydər Əliyevin əlini sıxaraq, birlikdə Xəzər və Aralıq dənizlərini birləşdirən enerji dəhlizinin təməlini qoymuşlar. Bu gün mərhum Heydər Əliyevin uzaqgörənliyi və sabiq Prezident Klintonun təşəbbüsü ilə Amerikanın şərq sahillərindəki neftayırma zavodları Azərbaycandan xam neft alır. Üstəlik Azərbaycanın təbii qazı Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamağa başlamışdır.
Ağ Evdə növbəti görüşdə birinci xanımlar Mehriban Əliyeva və Mişel Obama Corctaun Xərçəng Mərkəzi, Con Hopkins Xəstəxanası və Azərbaycan Milli Onkologiya mərkəzləri ilə birlikdə xərçəng xəstəliyinə qarşı müasir mübarizə fondunun yaradılmasını elan edə bilərlər. Bu fondun əsas məqsədini belə ifadə etmək olar: "Xərçəng xəstəliyi üzrə tədqiqatları demokratikləşdirmək". Nəticədə Amerikada verilmiş qan analizindən eyni vaxtda Azərbaycanda, yaxud digər ölkələrdəki həkim və xəstələr də xəbər tutacaqlar.
Beləliklə, xərçəng xəstəliyinə qarşı mübarizədə ABŞ-Azərbaycan əməkdaşlığından daha mühüm bir şey ola bilməz".