Viktoriya Javoronkova, Trend-in icmalçısı
20 illik durğunluq dövründən sonra Azərbaycan və Qırğızıstan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Bu fakt Bakıda Azərbaycan və Qırğızıstan prezidentləri arasında keçirilən danışıqların yekununda qeyd edilib.
Mədəniyyət, kök və tarixi baxımdan iki yaxın ölkənin əməkdaşlığının genişləndirilməsində həqiqətən də yeni səhifə açılıb. Bu barədə Bakı və Bişkek münasibətlərinin inkişafında baş verən son hadisələr üzrə hökm vermək olar. Bunlar arasında yəqin ki, ən əlamətdar hadisələrdən biri Prezident Almazbek Atambayevin Azərbaycana cari səfəri oldu.
Sənədlər paketi imzalandı. Bu sənədlərin reallaşdırılması hər iki ölkəyə həm iqtisadi, həm də mədəni sahələrdə xeyli mənfəət verə bilər. Hazırda iki ölkənin əməkdaşlığının genişləndirilməsi üçün əlverişli şərait yaranıb. Bu şərait iqtisadi aspektlərlə və türkdilli xalqların yaxınlaşması ilə möhkəmlənib.
Yəqin Bakı və Bişkek arasında təmasın ən vacib nöqtələrindən biri bu gün Azərbaycan iqtisadiyyatının əsas sahələrindən biri, Qırğızıstan üçün isə olduqca problemli olan enerjidir.
SSRİ-nin dağılmasından sonra Mərkəzi Asiya respublikalarında neft məhsullarının istehsalı praktiki olaraq dayandırılıb və bu gün Bişkek strateji əhəmiyyətli məhsulun tədarükçüsünü regiondakı qonşu ölkələr arasında axtarmaq məcburiyyətindədir. Hazırda Qırğızıstana yanacaq-sürtkü materiallarının əsas tədarükçüsü Rusiyadır, lakin bu təbii inhisarçılıq Bişkek üçün çoxlu risklər yaradır və onu neft məhsulları tədarükçüsü ölkəsindən asılı vəziyyətə salır. Azərbaycan çoxdan Qırğızıstan tərəfindən neft məhsullarının alternativ tədarükçüsü qismində nəzərdən keçirilirdi, lakin onların tədarükü yüksək nəqletmə qiymətləri və yekunda iqtisadi baxımdan məqsədəuyğunsuzluğu ilə çətinləşirdi.
Bu problemin konseptual həlli Mərkzi Asiya respublikası ərazisində ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) neft emalı zavodunun (NEZ) tikintisi haqqında razılaşma ola bilər. Bakıda aparılan danışıqlar bir daha iki ölkənin bu istiqamətdə sıx əməkdaşlıq etmək niyyətini təsdiq etdi.
Yerli ekspertlərin proqnozlarına əsasən, əgər ARDNŞ-nin NEZ-i tikilərsə, Qırğızıstan bu zavodun məhsulunu almaqla respublikanın yanacaq-sürtkü materiallarına olan tələbatını ödəyə və enerji daşıyıcılarının tədarükünü şaxələndirə bilər. Bundan əlavə, respublika ərazisində yanacaq-sürtkü materiallarının istehsalı ümumilikdə bütün respublikanın inkişafı yolunda vacib addımdır.
Yeni zavodun açılması Azərbaycana yeni bazarlara çıxmaq imkanı verəcək.
İqtisadi perspektivlərdən başqa, iki ölkəni bir çox şeylər - tarix, müstəqilliyin möhkəmlənməsi, mədəni və dini ümumilik, türk kökləri birləşdirir. Qırğızıstan Prezidentinin Azərbaycanda apardığı danışıqların yekunlarından bəhs edərkən onların türk xalqlarının birliyi baxımından əhəmiyyətini qeyd etməmək olmaz.
Hər iki ölkə rəhbərinin vurğuladığı kimi, türk dünyası ölkələri arasında tərəfdaşlıq inteqrasiya, qarşılıqlı iqtisadi və siyasi dəstək, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq üçün geniş perspektivlər açır. Tarixi köklər çox vaxt dövlətlərin möhkəm, tərəfdaşlıq, qarşılıqlı faydalı münasibətlərinin əsası olur ki, bu da Atambayevin Bakıya səfərinin vacib nəticəsi ola bilər. Yəqin bu danışıqlar aktiv inkişaf və çiçəklənmə üçün güclərin birləşdirilməsini nəzərdə tutan türkdilli dövlətlərin birliyi yolunda daha bir addım olacaq.
Bu qədər uzun müddətdən sonra Qırğızıstan və Azərbaycan münasibətlərinin aktivləşməsi, görünür, bütün istiqamətlərdə uzunmüddətli və səmərəli xarakter daşıyacaq və iki ölkənin inkişafının maraqlarına xidmət edəcək.