...

Azərbaycanın hakim partiyası Jirinovskini provokator adlandırıb

Siyasət Materials 17 Sentyabr 2012 14:37 (UTC +04:00)
Erməniləri azərbaycanlılara qarşı terror hərəkətlərinə səsləyən Jirinovski bununla əslində erməni terrorizmini etiraf etmiş olur”- deyə, qeyd edən Əli Əhmədovun sözlərinə görə, bir vaxtlar Jirinovski Səddam Hüseynin sarayından çıxmırdı
Azərbaycanın hakim partiyası Jirinovskini provokator adlandırıb

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın hakim partiyası Jirinovskini provokator adlandırıb.

"Jirinovski həmin mitinqdə özünü siyasətçi kimi deyil, xalis provokator kimi aparıb. Rusiya tarixində ibrətamiz provokatorluq nümunəsi var. Lakin Liberal Demokrat partiyasının sədrinin ənənə halını almış belə hərəkətləri, görünür onun beynindəki ziddiyyətlə əlaqədardır", -Trend-in məlumatına görə, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov Moskvada Ramil Səfərovun əfv edilməsinə etiraz olaraq erməni diasporunun təşkil etdiyi mitinqdə çıxış edən Liberal Demokrat partiyasının sədri Vladimir Jirinovskinin erməniləri azərbaycanlılara qarşı terror aksiyaları həyata keçirmək barədə çağırışına münasibət bildirərkən səsləndirib.

"Erməniləri azərbaycanlılara qarşı terror hərəkətlərinə səsləyən Jirinovski bununla əslində erməni terrorizmini etiraf etmiş olur"- deyə, qeyd edən Əli Əhmədovun sözlərinə görə, bir vaxtlar Jirinovski Səddam Hüseynin sarayından çıxmırdı.

"Düşünmürəm ki, bu, Səddam Hüseynə sevgidən irəli gəlirdi. Xeyir, sadəcə olaraq Səddamın sarayında olanlar oradan yaxşı hədiyyələrlə geri dönürdülər. Səddamın axırına çıxdılar, Müəmmar Qəddafinin sarayına ayaq açdı. Motiv eyni idi. Səddamı da, Qəddafini də provokasiyalara çəkib məhvə apardı. Jirinovski onları da silahlanmağa, terrora əl atmağa çağırırdı. İndi erməniləri silahlanmağa terror əməliyyatlarına səsləyir. Üzdə liberal-demokrat, batində provokator və terrorçu ideoloqu - Jirinovskinin mahiyyəti budur. Ancaq mən ermənilərə ehtiyatlı olmağı məsləhət görərdim. Jirinovskinin dostları Səddam Hüseyn və Mühəmmar Qəddafinin taleyini unutmasınlar. Bu provokator siyasətçi kiminlə dostluq edib, məsləhətlər veribsə, onun axırı yaxşı qurtarmayıb" Əhmədov deyib.

YAP-ın Sədr müavini daha sonra qeyd edib ki, Jirinovski heç də ermənilərə olan xoş münasibətindən onları terrorçuluğa səsləmir.

"Qoy bir sual versinlər, zəngin iş adamı Ara Abramyanın mitinqdə iştirak etməməsi nədən Jirinovskinin kefinə soğan doğramışdır? Görünür Jirinovski daha böyük qonarar alacağına ümid edirmiş, lakin zəngin iş adamının mitinqə qatılmaması onun istəyini gözündə qoyub. Yəqin Ara Abramyan Vladimir Volfoviçin xasiyyətinə yaxşı bələddir. Jirinovski ilk dəfə deyil ki, Azərbaycana və azərbaycanlılara qarşı hədyanalar danışır. Əlbəttə, bunun nə Azərbaycana, nə də azərbaycanlılara isti-soyuğu yoxdur. Necə deyərlər, it hürər, karvan keçər. Lakin bütöv bir xalqın qəzəbini və nifrətini artıq qazanıb. Bu faktdır"- deyə, Əli Əhmədov bildirib.

Xəbər lenti

Xəbər lenti