Gürcüstan, Tbilisi, 21 dekabr /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstanın sabiq enerji və maliyyə naziri Aleksandr Xetaquriyə qarşı rüşvətxorluq və qanunsuz gəlirlərin leqallaşdırılması maddələri üzrə ittiham irəli sürülüb.
Trend-in məlumatına görə, keçmiş nazirin vəkili David Xajaliya bildirib ki, Xetaquri özünü təqsirkar hesab etmir.
Vəkil, həmçinin bəyan edib ki, Gürcüstan Cinayət Məcəlləsinin (CM) 338-ci maddəsinin ikinci hissəsi 7-11 il, üçüncü hissəsi isə 11-15 il azadlıqdan məhrum etməni nəzərdə tutur. Xetaquri eləcə də CM-in 194-cü maddəsi üzrə ittiham edilir.
Məhkəmə 24 saat ərzində Xetaquriyə qarşı həbs qətimkan tədbiri seçəcək.
"Rustavi-2" teleşirkətinin baş direktoru, sabiq təhsil naziri Nika Qvaramiyaya qarşı isə CM-in 5-ci maddəsi üzrə ittiham irəli sürülüb. Bunu Qvaramiyanın vəkili Mamuka Çabaşvili bildirib.
Vəkilin sözlərinə görə, Çabaşviliyə qarşı rüşvətxorluq, qanunsuz gəlirlərin leqallaşdırılması, saxta kredit və hesab kartlarının hazırlanması, reallaşdırılması və ya istifadəsi, saxta sənəd, möhür, ştamp və blankın hazırlanması, reallaşdırılması və ya istifadəsi maddələri üzrə ittiham irəli sürülüb.
Qvaramiya özünü günahkar hesab etmir. İttiham irəli sürüldükdən sonra məhkəmə ona qarşı həbs qətimkan tədbiri seçməlidir.
İqtisadiyyat nazirinin keçmiş müavinləri Kaxa Dameniyə (CM-in 4-cü maddəsi üzrə) və İzabella Qutidzeyə (CM-in 3-cü maddəsi üzrə) də ittiham irəli sürülüb.
Dameniya və Qutidzenin vəkili Kaxa Şoniya jurnalistlərə bildirib ki, Dameniyə qarşı rüşvətxorluğa yardım (CM-in 25-338-ci maddəsinin ikinci və üçüncü hissəsi), saxta kredit və hesab kartlarının hazırlanması və ya istifadəsi (210-cu maddənin ikinci hissəsi, cərimə və ya 4-7 il müddətinə azadlıqdan məhrum etmə), saxta sənəd, möhür, ştamp və ya blankın hazırlanması, reallaşdırılması və ya istifadəsi (362-ci maddənin ikinci hissəsi), həmçinin qanunsuz gəlirlərin leqallaşdırılması (194-cü maddənin ikinci hissəsi) üzrə ittiham irəli sürülüb.
Qutidzeyə gəlincə, o, CM-in 210-cu maddəsinin ikinci hissəsi, 362-ci maddənin ikinci hissəsi və 375-ci maddəsi (cinayətin gizlədilməsi) üzrə ittiham olunur.
Bütün təqsirləndirilənlər bir cinayət işində mühakimə olunurlar.