Hikmət Babaoğlu - "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru
Milli maraqlar nədir?
Sosial-siyasi proseslər və bu münasibətlər sistemi çərçivəsində istifadə edilən mühüm kateqoriyalardan biri də milli maraq anlayışıdır. Milli maraq anlayışı öz strukturu etibarilə hər nə qədər politoloji səciyyə daşısa da, məhz bir o qədər də sosioloji kateqoriya kimi çıxış edir. Yəni fərdlərin formalaşdırdığı sosium-cəmiyyət bütöv bir sistem səciyyəsi daşıyır və burada təşəkkül tapmış kompleks mənafelər milli maraqlar kimi dəyərləndirilir.
Modern informasiya cəmiyyətində başlıca istinad vasitələrindən biri olan milli maraqların yeri və rolunu müyyənləşdirmək üçün ilk növbədə ictimai təfəkkürdə milli maraqlar kateqoriyasına toxunmaq lazımdır. Milli maraqların ictimai təfəkkürdə əks olunması ifadəsi sosioloji xarakter daşıyır, başqa sözlə, ictimai təfəkkürdə milli maraq dedikdə cəmiyyətin ayrı-ayrı yarım sistemlərində (siyasi, iqtisadi, mədəni, hüquqi, ekoloji və s.) mövcud olan dərk edilmiş kompleks mənafelər sistemi nəzərdə tutulur. Eyni zamanda, milli maraqlar dedikdə xalqın, sosiumun fundamental dəyər və məqsədlərinin, habelə, insanın, cəmiyyətin və dövlətin inkişaf və tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusu nəzərdə tutulur.
Ümumiyyətlə, Azərbaycan sosiumunu intellektual əsaslarda formalaşmış modern bir cəmiyyət kimi xarakterizə etmək olar. Qətiyyətlə belə bir fikir ifadə etmək olar ki, Azərbaycan cəmiyyəti məhz yuxarıda sadaladığımız, sosial və siyasi hadisə kimi səciyyələndirdiyimiz milli maraq hadisəsini idraki baxımdan dərk edən və onu ictimai, siyasi münasibətlərdə və dövlətə münasibətində nümayiş etdirməyi bacaran xalqdır. Qeyd etdik ki, milli maraqların dərk olunması sistemin bir sıra yarım sistemlərində mövcud olan kompleks mənafelərdən çıxış edir. Bu mənafeləri xarakterizə edərkən siyasi, iqtisadi, mədəni, hüquqi və s. maraqları nəzərdə tuturuq.
Əlbəttə ki, hazırkı mərhələdə Azərbaycan cəmiyyətinin bütün sosial təbəqələrində bu məsələ əksər hallarda şüurlu, bir sıra hallarda isə intuitiv olaraq aydın dərk edildiyi üçün regionda və dünyada baş verən siyasi proseslərə münasibət məhz bu əsaslarda formalaşır. Dediyimiz yanaşma cəmiyyətin əksəriyyət tərəfindən mənimsənilmiş ideoloji prinsiplərlə çulğalaşdıqda isə ictimai ahəngdarlığı, ictimai nizamı formalaşdırır. Bu isə cəmiyyətdə olan sosial-iqtisadi və sosial-siyasi sabitliyin əsasını təşkil edir. Belə olan halda, hesab edirik ki, Azərbaycanda baş verən hadisələrə də bu kontekstdən yanaşsaq, daha doğru təhlil aparıb, daha düzgün nəticəyə gələ bilərik.
Özünüifadənin emosional forması: münaqişə
Son dövrlərdə ayrı-ayrı regionlarda bu və ya digər formada, əsas etibarilə isə məişət münaqişəsi kontekstində müxtəlif hadisələr baş verir. Hər bir normal demokratik cəmiyyətdə bu məsələlər təbii qarşılanır və hətta cəsarətlə deyə bilərik ki, söz və mətbuat azadlığının, insan hüquqlarının bərqərar olunduğu demokratik cəmiyyətlər üçün bu cür hadisələr xarakterikdir. Yəni, insanların hansısa şəkildə öz mövqelərini ifadə etməsi, hansısa məsələyə öz etirazını bildirməsi, emosional və qeyri-emosional formada bunu ifadə etməsi normal bir haldır. Çox təəssüf ki, bəzi hallarda müxtəlif marginal qruplara və radikal cərəyanlara mənsub olan siyasi təşkilatlanmalar demokratik cəmiyyətlər üçün xas olan bu cür hadisələri istismar etməyə, bundan siyasi dividend qazanmağa çalışırlar. Düşünürük ki, heç bir halda, bu üsul belə qrupların məqsədi üçün yaxşı mexanizm ola bilməz və uzunmüddətli perspektivdə bu cür hadisələrdən siyasi dividend qazanmaq istəyənlərin lehinə deyil, əleyhinə işləyən bir prosesə çevrilir. Azərbaycanda olan İsmayıllı hadisələrindən bu gün siyasi məqsədlər üçün istifadə etməyə çalışan bəzi radikal siyasi qrupların özləri 1990-cı illərin əvvəllərindən başlayan uzunmüddətli dağıdıcı siyasi fəaliyyətləri dövründə bu metoddan dəfələrlə istifadə etdilər və heç bir uğur qazana bilmədilər. İndi isə çox təəssüf ki, yenidən eyni köhnəlmiş və yararsız metoda qayıdaraq eyni səhvə yol verirlər. Ancaq bu cür yanaşma onların özünün ictimaiyyətdə olmayan nüfuzunu bir az da aşağı salır.
Belə hallarda demokratik cəmiyyətlərdə medianın rolu nədən ibarət olmalıdır? Heç şübhəsiz ki, bu cür hallarda media, ilk növbədə, özünün klassik funksiyasını yerinə yetirməlidir, hadisələr haqqında tərəfsiz informasiya yaymalıdır, yalnız təfərrüatlar bəlli olduqdan sonra və müxtəlif mənbələrdə hadisələrin baş vermə səbəbləri izah edildikdən, aydınlaşdırıldıqdan sonra bu hadisənin səbəbləri mediada əksini tapmalıdır. Əks halda, hadisəyə başqa cür yanaşma medianı da istismarçı alətə çevirmiş olur. Hər bir halda, formasından asılı olmayaraq, çap mediası, elektron media, sosial şəbəkələr və s. bu cür yanaşmasalar deməli ictimai məsuliyyəti nəzərə almırlar. Belə olduqda isə nəticə etibarilə ictimai məsuliyyət daşımayan medianı, yaxud mətbuatın klassik tələblərini öz fəaliyyətində yerinə yetirməyən medianı milli media kimi səciyyələndirə bilmərik. Çünki milli medianın məqsədi milli inkişafa və milli maraqlara xidmət etməkdir.
Milli mətbuat və manipulyativ davranış
Təəssüf ki, istər Quba, istərsə də İsmayıllı hadisələrində Azərbaycan mediasının o qədər də xoşa gəlməyən davranışlarının şahidi olduq. Onlar hadisələri Azərbaycan ictimaiyyətinə manipulyativ şəkildə təqdim etməklə, maraqlarını ifadə etdikləri marginal siyasi qrupların alətinə çevrildilər. Hesab edirik ki, bu, Azərbaycan mediasına yaraşmayan keyfiyyətdir. İsmayıllı hadisələrini təhlil edən zaman qarşımıza çıxan ilk arqumentlər bunlardır. Məsələni necə qoymalıyıq? İsmayıllıda baş verən hadisələr sosial böhran idi, siyasi etiraz aksiyası idi adi məişət zəminində baş verən qarşıdurma idi, yoxsa üsyan idi? Çox təəssüf ki, bəzi media orqanları bunu üsyan, inqilab, "ərəb baharı" və s. kimi əsası olmayan ifadələrlə və cümlələrlə ölkə ictimaiyyətinə təqdim edirlə. Əslində, nə baş vermişdir? Əvvəla, qeyd edək ki, hansısa siyasi böhranın baş verməsi üçün istər ictimai, istərsə də elmi nöqteyi-nəzərdən obyektiv səbəblər olmalıdır.
Sosial-iqtisadi göstəricilər nə deyir?
Bildiyimiz kimi, İsmayıllı bu gün Azərbaycanın ən yüksək inkişaf etmiş rayonlarından biridir. İsmayıllı turizm rayonudur və əgər iqtisadi təhlil aparsaq görərik ki, Azərbaycan rayonları içərisində iqtisadi baxımdan ən yaxşı təmin olunmuş rayonlardan biridir. Rayonun kifayət qədər iqtisadi, aqrar, turizm potensialı var və bunların hamısından səmərəli şəkildə istifadə edilir. Rayonda son illərdə kifayət qədər istehsal, aqrar sənaye müəssisələri, kənd təsərrüfatı məhsullarının emalı üçün xüsusi müəssisələr yaradılıb və oluqca çoxsaylı turizm obyektləri tikilib. Bütün bunlar rayonun və rayon əhalisinin sosial məsələlərinin həllində ciddi faktor kimi gözümüzün önünə gəlir.
Deməli, İsmayıllı rayonunda baş verən hadisələri sosial-iqtisadi səbəblərlə əlaqələndirmək mümkün deyil və Azərbaycan xalqı da bunu bilir. Əgər ciddi sosial narazılıq yoxdursa, burada siyasi səbəblər axtarmağa dəyməz. Çünki İsmayıllı rayonu Azərbaycanın kiçik bir modeli olmaqla, kiçik bir Azərbaycan təəssüratı yaradır. Burada sosial, dini, mədəni identiklik yüksək səviyyədə təmin olunub. Dolayısı ilə İsmayıllı rayonu azərbaycançılığın təntənə etdiyi bir ərazimizdir. Belə olan halda, baş vermiş hadisədə siyasi motiv axtarmaq siyasi korluqdur və ya siyasi qərəzdir.
Qeyd etdiyimiz üçüncü məqam, baş verənlərin üsyan adlandırılması ilə bağlıdır. Əgər yuxarıda sadaladığımız sosial-siyasi və ideoloji arqumentlər yoxdursa, bunu üsyan adlandıra bilmərik. Üsyan kütləvidir, siyasidir, ideolojidir və s. Gördüyümüz kimi, bu arqumentlərin heç biri yoxdur. Bəs onda İsmayıllı rayonunda baş verən hadisələr nədir? Bu, adi məişət zəminində baş verən və sonradan bir qədər emosional vəziyyət alan qarşıdurmadır, insidentdir. Belə olan halda, çox təəssüf ki, bəzi mətbuat orqanları yenə də baş verən hadisələrlə əlaqədar olaraq analogiya aparmağa çalışırlar və bu hadisəni 1990-cı illərin əvvəllərində baş verən hadisələrlə identikləşdirərək eyni nəticəyə gəlməyə çalışırlar. Birincisi, yanaşmanın özü kökündən yanlışdır. Çünki Azərbaycan inqilablar və üsyanlar dövrünü XX əsrin sonlarında yaşayıb və geridə qoyub. İkincisi, üsyan kimi xarakterizə edilən və analogiya aparılan hadisələrlə bunun heç bir bağlılığı yoxdur. Çünki o vaxtkı hadisələrə səbəb olacaq sosial-iqtisadi və siyasi zəmin yoxdur. Belə bir vəziyyətdə ayrı-ayrı mətbuat orqanlarının məsələyə bu cür yanaşması ya siyasi sifarişdir, ya qərəzdir, ya da siyasi korluqdur, ona görə də, heç bir halda bu məsələni siyasiləşdirmək olmaz.
Qanun ümumi, məcburi davranış qaydasıdır
Hesab edirik ki, obyektiv yanaşma belə olmalıdır ki, Azərbaycan demokratik bir dövlətdir, bu cür hadisələrin xüsusən gənclər arasında baş verməsi normal bir haldır və dövlətin vəzifəsi onun yaratdığı, yəni demokratik dövlətin əsas hakimiyyət bölgüsündən biri olan ali qanunverici orqanın istehsal etdiyi qanunların həyata keçirilməsini təmin etməkdən ibarətdir. Qanun dövlət tərəfindən yaradılmış ümumi məcburi davranış qaydasıdır. Hadisə baş verər-verməz dövlət rəsmiləri məsələni məhz bu cür qiymətləndirdilər və hadisəyə səbəb olan qanun pozucularının dərhal cəzalandırılması üçün ilkin addımları atdılar. Hesab edirik ki, sağlam düşüncə və özünü milli mətbuat kimi tanıyan mətbuat məsələyə bu cür yanaşmalıdır, obyektiv yanaşma belə olmalıdır.
Milli mətbuat siyasi avantüristlərə tribuna olmamalıdır
Ona görə də, bu hadisələri ayrı-ayrı antiazərbaycançı mərkəzlərin sifarişi ilə siyasiləşdirmək, istismar etmək və siyasi gündəliyi adi məişət zorakılığı ilə zəbt etmək, Azərbaycan xalqının milli maraqlarına uyğun deyil və Azərbaycanın əleyhinə işləyən bir prosesdir. Əgər kimsə Azərbaycanda inqilab görmək istəyirsə, o səhv edir. Azərbaycanda inqilab üçün əsas yoxdur və Azərbaycan xalqı yaxşı bilir ki, heç bir halda, səbəb nə olursa-olsun inqilab heç bir cəmiyyətə pozitiv dəyişikliklər gətirməyib. İnqilab radikal düşüncənin məhsuludur və bütün hallarda dağıdıcıdır. Ona görə də, hesab edirik ki, sağlam Azərbaycan mətbuatı məsələyə məhz bu cür yanaşmalıdır və bu hadisəni adi məişət zorakılığı zəminində baş vermiş qarşıdurma kimi qiymətləndirərək imperialist güclərin, antiazərbaycançı mərkəzlərin əlində ölkəmizi qarışdırmaq üçün bir maşaya çevirməməlidir.