Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir İ.İzzət/
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin Diaspor Rəhbərlərinin I Bakı Forumunun Bakı Bəyannaməsi qəbul edilib.
Trend-in məlumatına görə, sənəddə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin diaspor təşkilatlarının 9 istiqamətdə fəaliyyətinin koordinasiya olunmasını tövsiyə edilib.
Forum iştirakçıları türkdilli ölkələrin diasporlarının təşkilatlanma prosesinə dəstək verilməsi, türkdilli diaspor təşkilatlarının, icma və qurumlarının fəaliyyətinin koordinasiya olunması məqsədilə regional mərkəzlərin yaradılmasını, eləcə də dünya ictimaiyyətinin türk dünyasının tarixi, mədəniyyəti, müasir həyatı barədə ətraflı məlumatlandırılması istiqamətində tədbirlərin görülməsini vacib hesab edir.
Sənəddə türkdilli xalqların diaspor təşkilatlarının fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatına təsir imkanlarının genişləndirilməsi istqaimətində tədbirlərin görülməsi, türkdilli icmaların cəmiyyətdə müəyyən nüfuza malik nümayəndələrinin seçkili orqanlara namizədliyinin irəli sürülməsi və dəstəklənməsi də tövsiyə olunur.
Bundan əlavə, diaspor nümayəndələri xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən nüfuzlu türkdilli iş adamlarının birgə forumlarının təşkili, türkdilli ölkələrin iştirakı ilə həyata keçirilən transmilli layihələrin iqtisadi və siyasi əhəmiyyətinin təbliğində türkdilli diaspor təşkilatlarının fəal iştirakına nail olunması, xaricdə təhsil alan türkdilli gənclərin diaspor və lobbi quruculuğu işinə cəlb edilməsi, gənclərin təhsil sahəsində meydana çıxan problemlərinin həll olunmasına dair təkliflərin təqdim olunmasına də xüsusi önəm veriblər.
Bəyannamədə türkdilli xalqların əleyhinə aparılan təbliğat kampaniyalarının qarşısının alınması, həmçinin İslam dini və onun təbliğ etdiyi mənəvi dəyərlər haqqında son zamanlar dünya ictimaiyyətində yayılmış yanlış təsəvvürlərin aradan qaldırılması məqsədilə birgə tədbirlərin keçirilməsi, türkdilli xalqların üzləşdiyi problemlər barədə dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində birgə fəaliyyət göstərilməsi, internet məkanında, virtual şəbəkələrdə bu istiqamətdə təbliğatın aparılması nəzərdə tutulur.
Son olaraq, sənəddə türkdilli xalqların güclü lobbisinin yaradılması məqsədilə nüfuzlu beynəlxalq ictimai təşkilatlar və beynəlxalq QHT-lər, həmçinin KİV-lərlə türkdilli icmaların qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə yer ayrılıb.