...

Səfir Əkrəm Zeynallı: Azərbaycan-İsveçrə əlaqələri elə inkişaf mərhələsindədir ki, hər iki ölkə vətəndaşlarının gediş-gəlişlərinin asanlaşdırılması zərurətini meydana çıxarır (MÜSAHİBƏ)

Siyasət Materials 20 Noyabr 2013 08:00 (UTC +04:00)
Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallının Trend-ə müsahibəsi
Səfir Əkrəm Zeynallı: Azərbaycan-İsveçrə əlaqələri elə inkişaf mərhələsindədir ki, hər iki ölkə vətəndaşlarının gediş-gəlişlərinin asanlaşdırılması zərurətini meydana çıxarır (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallının Trend-ə müsahibəsi

- Azərbaycanla İsveçrə arasında ikitərəfli siyasi əlaqələrin hazırkı vəziyyətini necə dəyərləndirirsiniz və sizin bu ölkədəki fəaliyyətinizin əsas prioritetləri nədən ibarətdir?

- Azərbaycan-İsveçrə əlaqələrinin hazırkı vəziyyətini xarakterizə edərkən, ilk növbədə qeyd edilməlidir ki, bu əlaqələr dostluq və qarşılıqlı etimada əsaslanan, yüksək inkişaf dinamikası və nümunəviliyi ilə seçilən ciddi tərəfdaşlıq münasibətləri kimi səciyyələndirilir.

Azərbaycan İsveçrə Konfederasiyası ilə münasibətlərinə böyük əhəmiyyət verir və ikitərəfli əlaqələrin bütün sahələr üzrə dərinləşməsində maraqlıdır. Bildiyiniz kimi, ikitərəfli əlaqələrin inkişaf etdirilməsində dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı rəsmi səfərlər və bu çərçivədə əldə edilmiş siyasi razılaşmalar müstəsna əhəmiyyət kəsb edir. Bu xüsusda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu ilin oktyabr ayında Konfederasiyaya rəsmi səfəri Azərbaycan-İsveçrə münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcı olmuş və ikitərəfli siyasi əlaqələrin gələcək inkişafı üçün möhkəm özül yaratmışdır. Bununla yanaşı, son illər ərzində parlament sədrləri, xarici işlər nazirləri və digər səviyyələrdə həyata keçirilmiş qarşılıqlı səfərlər də iki ölkə arasında təşəkkül tapmış əməkdaşlıq əlaqələrinin inkişafına öz müstəsna töhfəsini vermişdir.

İki ölkə arasında yüksək səviyyəli siyasi təmasların həyata keçirilməsi baxımından vacib platforma kimi Davos İqtisadi Forumunun əhəmiyyətli roluna da xüsusi diqqət yönəldilməlidir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Davos İqtisadi Forumu çərçivəsində isveçrəli rəsmilərlə keçirdiyi mütəmadi ikitərəfli görüşlər ölkələrimiz arasındakı siyasi dialoqun davamlılığı və fəallığı baxımından müstəsna əhəmiyyət kəsb edir və əlaqələrimizin durmadan inkişaf etdirilməsi işinə xüsusi töhfə verir.

Azərbaycan-İsveçrə ikitərəfli siyasi əlaqələrinin hazırkı vəziyyətinin aydın təsəvvür edilməsi baxımından son bir il müddətində həyata keçirilmiş yüksək səviyyəli səfərlərin və görüşlərin qeyd edilməsi önəmlidir. Belə ki, cari ilin yanvar ayında Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İsveçrənin Federal Prezidenti Ueli Maurer ilə ikitərəfli görüşü, İsveçrə Federal Parlamentinin yuxarı palatası sayılan Kantonlar Şurasının sədri Filippo Lombardinin cari ilin iyul ayında ölkəmizə rəsmi səfəri, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun BMT Baş Assambleyasının cari ilin sentyabr ayında Nyu-Yorkda keçirilmiş 68-ci sessiyası çərçivəsində isveçrəli həmkarı Didye Burkhalterlə ikitərəfli görüşü, İsveçrə Federal Şurasının üzvü və İqtisadiyyat, Təhsil və Tədqiqatlar Federal Departamentinin rəhbəri (nazir) Yohan Şnayder-Ammanın cari ilin aprel ayında ölkəmizə rəsmi səfəri, İsveçrə Xarici İşlər Federal Departamentinin dövlət katibi İv Rosyenin keçən ilin dekabr ayında ölkəmizə rəsmi səfəri, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun cari ilin noyabr ayında Bern şəhərinə rəsmi işgüzar səfəri iki ölkə arasında mövcud intensiv siyasi dialoqun bariz təcəssümüdür.

İki ölkə arasında siyasi əlaqələrdən danışarkən ikitərəfli parlamentlərarası əlaqələrin inkişafına da nəzər yetirmək maraqlı olar. Nəzərinizə çatdırmaq istərdim ki, İsveçrə Federal Parlamentində cəmi 18 parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir və onlardan birinin İsveçrə-Azərbaycan dostluq qrupu olması bizi çox sevindirir. İsveçrə Federal Parlamentinin sabiq sədri xanım Kristin Egerzegi-Obristin rəhbərlik etdiyi İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupuna İsveçrə Federal Parlamentinin yuxarı palatası sayılan Kantonlar Şurasının sədri Filippo Lombardinin də cari ilin iyun ayında üzv olaraq qoşulması ölkəmizin sürətlə artan nüfuzunun bariz göstəricisidir.

Məlum olduğu kimi, İsveçrə Konfederasiyası 2014-cü ildə АТƏТ-ə sədrlik edəcək və sədrlik dönəmində Cənubi Qafqazda mövcud olan həlli uzadılmış münaqişələr onun prioritetləri sırasına daxil edilib. Bu da öz növbəsində, İsveçrə ilə əməkdaşlığımızın yeni bir istiqamətini formalaşdırır və hesab edirəm ki, bu istiqamətdə də İsveçrə tərəfi ilə sıx əməkdaşlıq edəcəyik. Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri olaraq, öz növbəmdə mən də, yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, kifayət qədər sürətlə inkişaf edən Azərbaycan-İsveçrə əlaqələrinin daha da genişlənməsi və dərinləşməsi üçün səylərimi əsirgəməyəcəyəm.

- Ölkələrimiz arasındakı ticari-iqtisadi və humanitar əlaqələrin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

- Sualınıza cavab olaraq qeyd etmək istərdim ki, iki ölkə arasındakı siyasi münasibətlər iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üçün münbit şərait yaratmışdır. Bu gün iki ölkə arasında iqtisadi sahədə ciddi işbirliyi mövcuddur və ticari-iqtisadi əlaqələrimiz yüksək templə inkişaf edir. Ölkəmizin son zamanlar iqtisadi sahədə əldə etdiyi nailiyyətlər Azərbaycanı isveçrəli iş adamları üçün cəlbedici edir. Hazırda 70-dən çox İsveçrə şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir və İsveçrənin "Holcim" şirkəti ölkəmizin qeyri-neft sektoruna qoyulmuş sərmayələrin həcminə görə ilk yerlərdən birini tutur. "Holcim" şirkətindən sonra İsveçrənin tanınmış "Stadler Rail" şirkəti də Azərbaycana irihəcmli sərmayə yatırmaq niyyətindədir və şirkət hazırda "Azərbaycan Dəmir Yolları" QSC ilə intensiv danışıqlar aparır. İsveçrənin Azərbaycan iqtisadiyyatına artan marağının bariz nümunəsi kimi, İsveçrə Konfederasiyası Federal Şurasının üzvü, eyni zamanda, İqtisadiyyat, Təhsil və Tədqiqatlar Federal Departamentinin rəhbəri (nazir) Yohan Şnayder-Ammanın rəhbərliyi altında geniştərkibli nümayəndə heyətinin cari ilin aprel ayında ölkəmizə rəsmi səfərini xüsusilə vurğulamaq istərdim. Belə ki, bu səfər ikitərəfli əlaqələrimizin tarixinə isveçrəli iqtisadiyyat nazirinin ilk səfəri olaraq düşmüşdür. Sözügedən səfər çərçivəsində Y.Şnayder-Ammanı Konfederasiyanın 20-уə yaxın iri şirkətlərinin rəhbərləri müşayiət etmişdir.

Azərbaycan-İsveçrə iqtisadi əlaqələrindən danışarkən, Azərbaycan-İsveçrə Hökumətlərarası İqtisadi Komissiyasının müstəsna roluna diqqət yetirilməyə bilməz. Məhz sözügedən komissiyanın fəaliyyəti ikitərəfli iqtisadi əlaqələrimizin inkişafına töhfə verən və onu təşviq edən əsas vasitədir. Məmnuniyyətlə qeyd etmək istərdim ki, gələn ilin fevral ayında Birgə İqtisadi Komissiyanın Bern şəhərində növbəti iclası və bu çərçivədə hər iki ölkənin iş adamlarının iştirakı ilə keçiriləcək biznes forum ikitərəfli iqtisadi əlaqələrimizin inkişafında əhəmiyyətli rol oynayacaqdır.

Nəzərinizə çatdırmaq istərdim ki, ölkələrimiz maliyyə sahəsində də yaxından əməkdaşlıq edirlər. Belə ki, Azərbaycan Dünya Bankı və Beynəlxalq Valyuta Fondunda İsveçrənin rəhbərlik etdiyi səsvermə qrupundadır və ölkəmiz İsveçrənin qrupdakı fəaliyyətini yüksək qiymətləndirir.

Humanitar sahədə əməkdaşlığa gəldikdə, burada iki ölkə arasında təhsil sahəsində əməkdaşlığa xüsusi önəm vermək istərdim. Dövlətlərimiz arasında təhsil sahəsində mövcud əməkdaşlıq sayəsində bu ölkədə təhsil alan tələbələrimizin sayı sürətlə artmaqdadır. Hazırda İsveçrənin müxtəlif təhsil ocaqlarında təqribən 200-ə yaxın tələbəmiz təhsil alır. İsveçrə təhsil sisteminin özünəməxsusluğunu nəzərə alaraq, ölkəmiz İsveçrə ilə təhsil sahəsində əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır. Bu xüsusda, Azərbaycan təhsil nazirinin keçən ilin dekabr ayında İsveçrəyə ilk rəsmi səfərini xatırlatmaq istərdim. Sözügedən səfərin nəticəsi olaraq, iki ölkənin ali təhsil ocaqları arasında əməkdaşlığın inkişaf etdirilməsi, tələbə mübadiləsi, İsveçrə peşə təhsili modelinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və təhsil sahəsində müxtəlif səpkili layihələrin həyata keçirilməsi qərara alınmışdır.

Bu gün Azərbaycanla İsveçrə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələr elə bir inkişaf mərhələsini yaşayır ki, bu, hər iki ölkənin vətəndaşlarının qarşılıqlı gediş-gəlişlərinin asanlaşdırılması zərurətini meydana çıxarır. Məhz buna görədir ki, müəyyən kateqoriyadan olan insanların iki ölkəyə səfərlərinin asanlaşdırılması məqsədilə bir müddət öncə Azərbaycan və İsveçrə öz aralarında viza prosedurlarının sadələşdirilməsi üzrə danışıqlara başlamışlar. Ümid edirik ki, bu danışıqlar yaxın zamanlarda müsbət sonluqla nəticələnəcəkdir.

- Azərbaycan şirkətləri hazırda xarici ölkələrə sərmayə yatırmağa başlayıblar. İsveçrədə Azərbaycan sərmayələrinə maraq varmı?

- Azərbaycan son illər iqtisadi sahədə əldə etdiyi uğurlar nəticəsində investisiya qəbul edən ölkədən investisiya yatıran ölkəyə çevrilmişdir. Bu xüsusda, İsveçrə də istisna deyil. Bildiyiniz kimi, bir müddət öncə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Exxon Mobil" şirkətinə məxsus bu ölkədəki ESSO yanacaqdoldurma məntəqələrini almaqla İsveçrənin enerji bazarına daxil olmuşdur. ARDNŞ tərəfindən yatırılmış irihəcmli sərmayələr nəticəsində bu gün İsveçrədə 160-dan çox yanacaqdoldurma məntəqəsi "SOCAR" brendi altında uğurla fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin yanvar ayında Davos İqtisadi Forumunda iştirakı zamanı İsveçrəni Avropaya "giriş qapısı" olaraq səciyyələndirmiş və ARDNŞ tərəfindən İsveçrəyə sərmayə qoyuluşunu ilk addımlar olaraq qiymətləndirmişdir. Əminəm ki, gələcəkdə sizinlə Azərbaycan şirkətləri tərəfindən İsveçrə iqtisadiyyatına qoyulacaq yeni sərmayələrin şahidi olacağıq.

- Siz mütəmadi olaraq İsveçrənin bölgələrinə səfərlər edirsiniz. Sözügedən bölgələrin rəhbərlərinin Azərbaycanla əməkdaşlıqda maraqları varmı və əgər varsa, hansı sahələrdə?

- Azərbaycan İsveçrə ilə federal səviyyədə əməkdaşlıqla yanaşı, kantonlar səviyyəsində də əlaqələrin qurulmasında maraqlıdır və bölgələrə səfərlərimiz məhz bu məqsədi daşıyır. Bildiyiniz kimi, İsveçrə dövlət quruluşuna görə konfederativ bir ölkədir və 26 kantondan ibarətdir. İsveçrədə mədəniyyət və təhsil məsələləri kantonların muxtar səlahiyyətlərinə aiddir və bu sahələrdə əməkdaşlıq kantonal səviyyədə həyata keçirilməlidir. Kantonlara səfərlərimiz zamanı Azərbaycanı bu bölgələrdə daha yaxından tanıtmaq üçün mədəni tədbirlərin keçirilməsi, sözügedən kantonlarla ölkəmizin regionları arasında birbaşa əlaqələrin qurulması, qardaşlaşmış şəhərlər təcrübəsinin reallaşdırılması imkanlarının araşdırılması və s. məsələlər ətrafında fıkir mübadiləsi aparılır. Sözügedən səfərlərin nəticəsi olaraq, artıq İsveçrənin bir neçə kantonunda "Azərbaycan mədəniyyəti həftəsi"nin keçirilməsinə, eləcə də ölkəmizin bir sıra rayon və şəhər icra hakimiyyəti başçılarının bir sıra kantonlara rəsmi səfərlərinin təşkilinə dair ilkin razılıq əldə edilmişdir.

- Yaxın zamanlarda hansı qarşılıqlı səfərlərin həyata keçirilməsi gözlənilir və bu səfərlər çərçivəsində hansı aktual məsələlərin müzakirəsi nəzərdə tutulur?

- Sualınıza cavab olaraq qeyd etmək istərdim ki, ikitərəfli münasibətlərin inkişafında qarşılıqlı səfərlər müstəsna əhəmiyyət kəsb edir və bu baxımdan da tərəfimizdən müxtəlif sahələr üzrə yüksək səviyyəli səfərlərin reallaşdırılması istiqamətində iş davam etdirilir. Sizi əmin edə bilərəm ki, qarşıdan gələn 2014-cü il qarşılıqlı səfərlərin intensivliyi ilə yadda qalan 2013-cü il ilə müqayisədə daha zəngin olacaqdır.

- Siz eyni zamanda ölkəmizin Lixtenşteyn Knyazlığında səfirisiniz. Azərbaycan-Lixtenşteyn münasibətlərini və gələcək perspektivini nесə qiymətləndirirsiniz?

- Azərbaycan Lixtenşteynlə ikitərəfli münasibətlərinə əhəmiyyət verir və bu ölkə ilə əlaqələrinin inkişaf etdirilməsində maraqlıdır. Bu gün Lixtenşteyn Knyazlığı ilə ikitərəfli əlaqələrimiz, əsasən, beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlıqla xarakterizə edilir. Bununla yanaşı, hazırda hər iki ölkənin parlamentləri və Xarici İşlər nazirlikləri arasında əlaqələrin inkişafı, eləcə də Lixtenşteyndə müxtəlif səpkili mədəni tədbirlərin təşkili istiqamətində iş aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti