...

Naxçıvanda "Arpaçay-1" və "Arpaçay-2" Su Elektrik stansiyaları işə salınıb (FOTO)

Siyasət Materials 7 Aprel 2014 18:32 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının işə salınması mərasimində iştirak etmişdir.
Naxçıvanda "Arpaçay-1" və "Arpaçay-2" Su Elektrik stansiyaları işə salınıb (FOTO)

Azərbaycan, Bakı, 7 aprel /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində "Arpaçay-1" və "Arpaçay-2" Su Elektrik stansiyalarının işə salınması mərasimində iştirak etmişdir.

Son illərdə ölkəmizin elektroenergetika sektoru üzrə enerji təchizatının dayanıqlığı, səmərəliliyi və təhlükəsizliyi prinsiplərini nəzərə alan mühüm Dövlət proqramları qəbul olunmuşdur. Proqramlara əsasən Naxçıvan Muxtar Respublikasında da olduqca əhəmiyyətli işlər görülmüşdür. 20,5 meqavat gücündə "Arpaçay-1" və 1,4 meqavat gücündə "Arpaçay-2" Su Elektrik stansiyalarının işə salınması bu qəbildən olan tədbirlərin ardıcıl xarakter aldığını nümayiş etdirir.

Naxçıvanda həyata keçirilən bu layihələr muxtar respublikanın elektrik enerjisi ilə təminatında mühüm rol oynayaraq, ümumilikdə, ölkəmizin enerji təhlükəsizliyinə töhfə verir. Belə stansiyaların fəaliyyətə başlaması Naxçıvanın iqtisadi inkişafının təmin edilməsində də müstəsna rol oynayır. Bundan başqa, bu cür layihələr sosial məsələlərin həlli üçün nəzərdə tutulan işlərin uğurla, həm də qısa müddətdə reallaşmasına yardım edir. Bütün bunlar Prezident İlham Əliyevin belə vacib və strateji əhəmiyyət kəsb edən layihələrin icrasına daim diqqətlə yanaşdığını bir daha təsdiqləyir. Təsadüfi deyildir ki, dövlətimizin başçısının diqqət və qayğısı sayəsində hələ 2006-cı ildə Naxçıvanın enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edən və ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası işə salınmışdır. Turbinlərin qazla işləmə rejiminə keçirilməsi nəticəsində Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasının gücü 60 meqavat artmışdır. Sonradan müxtəlif dövrlərdə bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində Heydər Əliyev su anbarı üzərində 4,5 meqavat gücündə Ordubadda Biləv Su Elektrik Stansiyası fəaliyyətə başlamış, Şərur rayonunda "Arpaçay" Su Elektrik Stansiyasının işə salınması istiqamətində mühüm işlər görülmüşdür.

Əvvəlcə "Arpaçay-2" Su Elektrik Stansiyasının fəaliyyəti ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, 1,4 meqavat gücündə olan stansiyanın anbarının ümumi su tutumu 3 milyon kubmetrdir. Əsasən paylayıcı funksiyanı yerinə yetirən stansiyada son vaxtlar görülən işlər əhalinin elektrik enerjisi ilə fasiləsiz təmin olunmasına və daha geniş ərazidə əkin sahələrinin suvarılmasına əlverişli imkanlar yaradır.

Dövlətimizin başçısı "Arpaçay-2" Su Elektrik Stansiyasını işə saldı.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Prezident İlham Əliyevə məlumat verdi ki, aparılan yenidənqurma işləri zamanı müasir texnika və avadanlığın quraşdırılması diqqət mərkəzində saxlanılmışdır. Bu işlər Prezident İlham Əliyevin 2014-cü il martın 14-də "Naxçıvan Muxtar Respublikasında "Arpaçay-2" Su Elektrik Stansiyasının tikintisinin maliyyələşdirilməsi haqqında" imzaladığı Sərəncam əsasında aparılmışdır. Sərəncama əsasən, "Arpaçay-2" Su Elektrik Stansiyasının tikintisini başa çatdırmaq məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 4 milyon manat ayrılmışdır.

Sonra Prezident İlham Əliyev "Arpaçay-1" Su Elektrik Stansiyasının işə salınması mərasimində iştirak etdi.

Dövlətimizin başçısına məlumat verildi ki, gücü 20,5 meqavat olan Su Elektrik Stansiyası suqəbuledici qurğu, stansiya binası, tunel və transformator yarımstansiyasından ibarətdir. Suqəbuledici saniyədə 37 kubmetr su buraxmaq gücünə malikdir. Tuneldən suyu turbinlərə ötürmək üçün yüksək təzyiqli boru xətti çəkilmiş, havaboşaldıcı inşa edilmişdir. Buradakı anbarın su tutumu 150 milyon kubmetrdir. Anbardan götürülən su ilə 17 min 370 hektar əkin sahəsi suvarılacaqdır.

Stansiya binasında müasir iş otaqları və idarəetmə mərkəzi yaradılmışdır. Burada stansiyanı idarəetmə və nəzarət-mühafizə sistemləri quraşdırılmışdır. Bu da stansiyanın iş rejimini daimi nəzarətdə saxlamağa imkan verir. Stansiya binasında 8 meqavat gücündə iki, 4,5 meqavat gücündə bir turbin quraşdırılmışdır. Bu energetika qurğusunda bütün emal prosesi avtomatlaşdırılmışdır. İstehsal olunmuş elektrik enerjisini şəbəkəyə ötürmək üçün ərazidə transformator yarımstansiyası qurulmuş, 11 kilometr uzunluğunda 110 kilovoltluq elektrik xətləri çəkilmişdir.

Prezident İlham Əliyev "Arpaçay-1" Su Elektrik Stansiyasını işə saldı.

Azərbaycan Prezidentinə məlumat verildi ki, iqtisadi səmərəlilik və enerji potensialının gücləndirilməsi baxımından böyük əhəmiyyətə malik olan stansiyanın işə salınması ilə muxtar respublikanın elektrik enerjisinə olan tələbatının böyük hissəsi su elektrik stansiyaları hesabına ödəniləcəkdir. Bu prosesə hazırda Şərur rayonu ilə yanaşı, Ordubadda 36 meqavat gücündə inşa olunan yeni elektrik stansiyasının tikintisi də əsaslı töhfə verəcəkdir. Sovet hakimiyyəti illərində cəmi bir elektrik stansiyası olan muxtar respublikada hazırda 7 elektrik stansiyası fəaliyyət göstərir. Bu nailiyyətlər bir tərəfdən muxtar respublikanın sosial-iqtisadi inkişafının dinamik xarakter aldığını, digər tərəfdən isə əlverişli coğrafi mövqeyə, xüsusən də zəngin hidroenerji potensialına malik olan muxtar respublikada bu imkanlardan hərtərəfli və düzgün istifadə olunmasına dəlalət edir. Nəticədə blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvan Muxtar Respublikasının elektrik enerjisinə olan tələbatı daxili imkanlar hesabına tam ödənilir. Bundan başqa, muxtar respublikanın elektrik enerjisi ixrac etmək imkanları da ilbəil genişlənir.

Sonra dövlətimizin başçısı Naxçıvan Muxtar Respublikası ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.

Daha sonra Prezident İlham Əliyev tutumu 150 milyon kubmetr olan su anbarına baxdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti