...

Prezident İlham Əliyev: Azərbaycan və Fransa arasında siyasi əlaqələr yüksək səviyyədədir (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 12 May 2014 12:28 (UTC +04:00)
"Biz sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfər Fransa-Azərbaycan dostluq əlaqələrinin inkişafında öz müsbət rolunu oynayacaqdır və bizim dostluğumuz davam edəcəkdir".
Prezident İlham Əliyev: Azərbaycan və Fransa arasında siyasi əlaqələr yüksək səviyyədədir (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir S.Əliyev/

"Biz sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfər Fransa-Azərbaycan dostluq əlaqələrinin inkişafında öz müsbət rolunu oynayacaqdır və bizim dostluğumuz davam edəcəkdir". Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Fransa Prezidenti Fransua Ollandla keçirdiyi birgə mətbuat konfransında çıxışında deyib.

İlham Əliyev bildirib ki, bu gün imzalanan sənədlər bir çox sahələr üzrə Azərbaycan və Fransanın gələcək əməkdaşlığını müəyyən edir.

Azərbaycan Prezidenti qeyd edib ki, bu sənədlər arasında, əlbəttə ki, birgə bəyanat xüsusi yer tutur: "Çünki bu sənəddə bizim gələcək siyasi əlaqələrimizin əsas konturları əks olunur. Bizim siyasi əlaqələrimiz yüksək səviyyədədir. Fransa Prezidentinin Azərbaycana rəsmi səfəri bunu bir daha təsdiqləyir. Mən dəfələrlə Fransada olmuşam və mütəmadi olaraq məsləhətləşmələr aparılır. Bir çox beynəlxalq məsələlər üzrə danışıqlar, məsləhətləşmələr, əlbəttə ki, bizim siyasi əlaqələrimizi daha da gücləndirir".

Dövlət başçısı vurğulayıb ki, son iki il ərzində Azərbaycan Fransa ilə bərabər BMT Təhlükəsizlik Şurasında iştirak edib: "Dünyanın ən mötəbər qurumunda biz çox uğurlu əməkdaşlıq qurmuşuq. Yəni beynəlxalq məsələlər ilə əlaqədar bir çox hallarda bizim mövqeyimiz üst-üstə düşür. Əlbəttə, Fransa Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz səylərini göstərir və bu gün təbii ki, bu məsələ ilə bağlı çox geniş fikir mübadiləsi aparılmışdır. Biz ümid edirik ki, vasitəçilərin köməyi ilə bu münaqişə tezliklə öz həllini tapacaq və bölgəyə sülh gələcək. Bildiyiniz kimi, uzun illər Azərbaycan torpaqları işğal altındadır. Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayon erməni işğalı altındadır və bu işğaldan 20 ildən çox vaxt keçir. Bütün mötəbər beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz mövqelərini bildirmişlər, o cümlədən BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir ki, o qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması nəzərdə tutulurdu".

Azərbaycan Prezidenti qeyd edib ki, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT və digər beynəlxalq təşkilatlar bu məsələni diqqət mərkəzində saxlayır və müvafiq qərar və qətnamələr qəbul ediblər. Ancaq əfsuslar olsun ki, bu məsələ öz həllini tapmır, işğal davam edir.

İlham Əliyev bildirib ki, ATƏT-in faktaraşdırıcı missiyaları iki dəfə işğal edilmiş torpaqlara ezam olunub və onların məruzələrində göstərilir ki, hər şey dağıdılıb, bizim tarixi, dini abidələrimiz ermənilər tərəfindən yerlə yeksan edilib: "Bu münaqişəyə tezliklə son qoyulmalıdır. Beynəlxalq hüquq norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bu münaqişə öz həllini tapmalıdır. O ki qaldı xalqların öz müqəddəratını təyin etmə prinsipinə, biz bu prinsipə hörmətlə yanaşırıq. Ancaq bu hüquq ölkələrin beynəlxalq birlik tərəfindən tanınan sərhədlərini pozmamalıdır. Erməni xalqı isə artıq bir dəfə öz müqəddəratını təyin edib, müstəqil Ermənistan dövləti var və ikinci erməni dövlətinin Azərbaycan torpaqlarında yaradılmasına Azərbaycan heç vaxt imkan verməyəcəkdir".

Azərbaycan Prezidenti qeyd edib ki, bu münaqişənin həlli bölgənin hər bir ölkəsi üçün faydalı ola bilər: "Ümid edirəm ki, Fransa və digər həmsədrlər bu məsələ ilə bağlı öz səylərini davam etdirəcəklər və tezliklə biz işğal edilmiş torpaqlara öz vətəndaşlarımızı yerləşdirə biləcəyik".

İlham Əliyev bildirib ki, Azərbaycan və Fransa arasında iqtisadi sahədə çox uğurlu əməkdaşlıq aparılır. Bu gün keçiriləcək biznes-forumda sənədlər imzalanacaqdır. Ticarət dövriyyəsi 2 milyard dollara yaxınlaşır. 50-dən yuxarı Fransa şirkəti Azərbaycanda fəaliyyət göstərir.

Dövlət başçısı deyib ki, imzalanacaq müqavilələr təxminən 2-2,5 milyard dollar həcmindədir: "Bu istiqamətdə əminəm ki, səfərdən sonra yeni layihələr icra ediləcəkdir. Nəqliyyat, telekommunikasiya, informasiya texnologiyaları, turizm, inşaat və digər sahələrdə gözəl perspektivlər, imkanlar vardır. Dünən Fransa liseyinin açılışı özlüyündə böyük bir hadisə idi. Bu, onu göstərir ki, hər iki ölkə təhsil məsələlərinə böyük diqqət göstərir. İlin sonuna qədər Bakıda Fransa liseyi yeni gözəl binada öz fəaliyyətini davam etdirəcək".

Prezident İlham Əliyev qeyd edib ki, bu gün eyni zamanda enerji təhlükəsizliyi ilə bağlı fikir mübadiləsi aparılıb. Bu sahədə də Azərbaycan Fransa ilə sıx əməkdaşlıq edir: "Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün öz səylərini göstərir. Keçən ilin sonlarında imzalanan sənədlər Azərbaycan qazını Avropa məkanına çatdıracaq və əminəm ki, bu layihənin icrasından sonra bizim Avropa ilə əlaqələrimiz daha da sıx olacaqdır. "Şahdəniz", Trans-Anadolu və Trans-Adriatik layihələri Avropanın ən böyük infrastruktur layihələridir. Nəzərdə tutulan investiyaların həcmi təxminən 45 milyard dollar səviyyəsindədir. Bu layihənin icrası nəticəsində hər tərəf - həm Azərbaycan, tranzit ölkələr və Avropa istehlakçıları ancaq fayda görəcək. Çünki bu, hər bir tərəfin marağına xidmət göstərən bir layihədir".

Dövlət başçısının sözlərinə görə, Azərbaycan Xəzər hövzəsində enerji resurslarının dünya bazarlarına, o cümlədən Avropaya çıxarılmasında öz liderlik funksiyasını davam etdirir və əlbəttə ki, enerji təhlükəsizliyi məsələləri hər bir ölkənin milli təhlükəsizlik məsələlərinə çevrilib: "Azərbaycanın zəngin neft-qaz resursları, mövcud olan və yaranmaqda olan nəqliyyat infrastrukturu Avropanın enerji xəritəsini böyük dərəcədə dəyişdirmişdir. Bizim gündəliyimiz çox genişdir. Sadəcə olaraq bir mətbuat konfransı zamanı bütün məsələləri əhatə etmək mümkün deyil. Ancaq hesab edirəm ki, əsas məsələ ondan ibarətdir ki, qarşılıqlı əlaqələri davam etdirmək üçün hər iki tərəfdə çox güclü siyasi iradə var, qarşılıqlı maraq var. Xalqlar arasındakı əlaqələr də inkişafdadır, yüksək səviyyədədir. Əminəm ki, səfər bizim münasibətlərimizə yeni güclü təkan verəcəkdir. Bir daha, cənab Prezident, Azərbaycan xoş gəlmisiniz!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti