...

“Azərbaycanın geosiyasəti”

Siyasət Materials 23 Oktyabr 2015 13:17 (UTC +04:00)

Yunus Oğuz

"Azərbaycanın geosiyasəti"

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Təbiidir ki, dünyada ən çox əhalisi olan (1 milyard 300 milyondan artıq) dövlət ucuz işçi qüvvə kimi insan resursları ilə də fərqlənir. Belə ki, dünyanın hər yerinə yayılan və bütün sahələrdə çalışan çinlilər getdikcə yaşadıqları ölkələr (baxmayaraq onlar həmişə kompakt yaşayırlar, xaricdə öz ölkələrinin adət-ənənələrinin qoruyucusuna çevrilirlər) inteqrasiya olunur. İstisna deyil ki, hansı sahədəsə söz sahibliyi hüququnu da daşısınlar. Təsadüfi deyil ki, Çin istehsalı dünyanın ən məşhur və bahalı brendlərini, yaxud brend olmayan mallarını bir aydan sonra ən ucuz qiymətə istehsal edir və dünya bazarına bu malları çıxarmağa müvəffəq olur.

Bütün bunlarla yanaşı Əli Həsənov qeyd edir ki, region dövlətləri ilə ideoloji, iqtisadi-siyasi əlaqələr yaratmaq baxımından da Çin sərfəli tərəfdaş hesab olunur. Bu ölkə bir qayda olaraq, tərəfdaş dövlətlərin daxili siyasi və ideoloji həyatına müdaxilə etmir, daha çox onlarla iqtisadi və mədəni əməkdaşlıq, ölkələrarası dostluq münasibətləri yaratmağa meyl göstərir. Çin bir qayda olaraq geosiyasi və geoiqtisadi rəqiblərinə münasibətdə özünü təmkinli aparır. Çalışır ki, ölkəsinin milli maraqlarını münaqişəsiz, birbaşa, üz-üzə gəlmədən, toqquşmadan reallaşdırsın. Bölgədə fəallığı seçilən ilə, nüvə silahına sahib çıxdıqdan sonra regionda nüfuzunu artıran geosiyasi maraqlarını Hindistan və İrana zidd olan ölkələrdən biri də Pakistandır. Qeyd edək ki, bu ölkənin Türkiyə və Azərbaycana geosiyasi tərəfdaşlıq münasibətləri mövcuddur və bu münasibətlər getdikcə dərinləşir.

Nəzərə almaq lazımdır ki, bu tərəfdaşlıq və əməkdaşlığın kökündə tarixi münasibətlər durur. Təsadüfi deyil ki, Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra, dövlətimizin suverenliyini tanıyan ikinci ölkə (birinci Türkiyə idi) Pakistan olub. Hörmətli professor yazır ki, Pakistanı tam əminliklə Azərbaycanın hərbi-strateji müttəfiqi hesab etmək olar. Çünki bütün sahələrdə, Dağlıq Qarabağ məsələsində də Pakistan Azərbaycana birmənalı şəkildə dəstək verən ölkələrin önündə gedir.

Əli Həsənov yazır: "Qeyd etmək lazımdır ki, Pakistan indiyədək Ermənistanla diplomatik münasibətlər qurmayıb və ən müxtəlif tribunalardan işğalçı ordunun Azərbaycan ərazilərindən çıxarılmasını tələb edir. Öz növbəsində Azərbaycan da Kəşmir problemində Pakistanın mövqeyini dəstəkləyir və TRASEKA layihəsində müşahidəçi kimi iştirak edən bu dövlətə hərtərəfli dəstək verir. Bundan başqa, rəsmi Bakı üçün Pakistanın Azərbaycan hərbiçilərinin hazırlığında oynadığı rol islam ölkələrinə təsir imkanları da vacib amildir..."(Bax. s. 391)

***
Kitabın II bölümünün "postsovet məkanının ümumi geosiyasi xarakteristikası: MDB ölkələri və Rusiya; Fərqli maraqlar və regional geosiyasi fəaliyyətin əsas xüsusiyyətləri" mövzusu da, fikrimcə çox obyektiv araşdırılıb və cərəyan edən hadisələri müəllif dolğunluqla göstərə bilib.

***

Məlumdur ki, müasir Azərbaycan dövlətinin sərhədləri daxilində (baxmayaraq bu sərhədlərin müəyyən hissəsini zaman-zaman itirmişik.) yaşayan əhalinin taleyi yüz ildən artıq Çar Rusiyasının (1813-Gülüstan, 1828-Türkmənçay müqavilələri), bu rejim 1917-ci ildə fevral burjua inqilabından sonra 71 il ərzində (1920-1991 illər) sovetlər birliyinin əlində olub. Bir zamanlar ərazisinin bir ucu Hind okeanına, bir ucu Bağdada, digər ucu isə Qara dənizə dayanan və regionda siyasi və iqtisadi, hərbi münasibətləri müəyyənləşdirən, Azərbaycan ərazisində mövcud olan türk dövlətləri XVIII əsrdən başlayaraq tənəzzülə uğramış, son nəticədə parçalanaarq iki yerə bölünmüş, indiki ərazimiz iki yüz ilə yaxın bir müddətdə Rusiyanın tabeçiliyində olmuşdur. Bu tabeçilik (bura bütün- geosiyasi, geoiqtisadi, hərbi-geostrateji münasibət daxildir) 1991-ci ilin sonunda aradan qalxdıqdan sonra (qeyd etməliyəm ki, 8 dekabr 1991-ci ildə Rusiya, Ukrayna və Belarusiya rəhbərlərinin Belovejskdə imzaladığı müqavilə əsasında SSRİ adlı dövlətin daha fəaliyyət göstərmədiyini elan etdilər. Əslində bu üç dövlət SSRİ-nin tərkibindən çıxmaq haqqında bəyanat verdi.) aradan qalxdıqdan dərhal sonra digər respublikalar da SSRİ-nin tərkibindən çıxmaq haqqında bəyanat verdilər.

Azərbaycan Sovet Sosialist respublikası da bu siyasi proseslərdən kənarda qalmadı, baxmayaraq Azərbaycan tərəfi hələ 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti özünün müstəqillik haqqında aktını qəbul etmiş və 1918-1920-ci illərdə fəaliyyət göstərən Azərbaycan Demokratik Respublikasının varis elan etmişdi. Lakin, SSRİ-nin varisi olan Rusiya bölgədə gedən geosiyasi prosesləri nəzarətdə saxlamaq üçün elə Belovejskdə razılığa gəldilər ki, Avrasiyada gələcək subregional inteqrasiya proseslərinin formalaşmasının mərkəzində yeni bir təşkilat dayansın- Müstəqil Dövlətlər Birliyi (MDB).

MDB-nin yaradılması haqqında üç dövlətin imzaladağı sazişdə bəyan edilirdi ki, bundan sonra SSRİ beynəlxalq hüququn və beynəlxalq münasibətlərin subyekti kimi öz fəaliyyətini dayandırır, onun yerində isə üç müstəqil dövlətin bərabərhüquqlu əsasda birləşdiyi MDB fəaliyyətə başlayır. Təsəvvür edirsinizmi, bu sətirlərin müəllifi də daxil olmaqla, dünyaya hakimlik iddiasından əl çəkməyən, minlərlə, yüzminlərlə, milyonlarla insanın beynini ideoloji cəhətdən "süzgəcdən keçirib, təmizləyən" yaxud onları SSRİ-nin ən sərt həbsxanalarına siyasi və iqtisadi baxışlarına görə sürgün edən və çürüdən, məşhur "üçlük" tərəfindən sorğu-sualsız güllələnən, apardığı ideologiyaya görə dünyada inqilablar etməyi bacaran, həm də dünyada söz sahibi olan SSRİ adlanan imperiya süquta uğradı.

Səsi, sorağı sonra çıxacaq (SSRİ- nin 80-90-cı illərdə Sovet respublikalarında yaratdığı problemlər hələ də həll olunmur, Rusiyanın geosiyasi maraqlarına uyğun olaraq adətən münaqişələr bir müddət "dondurulur", zaman gəldikdə isə rəsmi Moskva bu münaqişələri yenidən alovlandırır.) bir imperiyanın aqibəti səssiz-səmirsiz həll olunur. Yalnız üç dövlət arasında saziş imzalandıqdan sonra, dünya dövlətlərinə və ictimaiyyətinə məlum olur ki, SSRİ adlanan bir dövlət daha fəaliyyət göstərmir, beynəlxalq təşkilatların subyekti deyil.
Ən əsası isə dağılan imperiya məkanında həm vətəndaş müharibələri, həm müharibə, münaqişə və toqquşmalar getdikcə daha da qızışır.

Adama elə gəlir ki, bütün bunlar heç zaman dayanmayacaq, həmişə belə olacaq, Rusiyanın nəzarətindən təkcə Əfqanıstan, Yaxın Şərq, Latın Amerikasında bəzi dövlətlər deyil, həm də Şərqi Avropada özünün ilhaq etdiyi Şərqi Avropa dövlətləri çıxdı; Almaniya birləşdi, Çexoslavakiya iki yerə, Yuqaslaviya bir neçə dövlətə bölündü. Onun ideologiyasına xidmət edən milyonlarla insan birdən-birə dəyərsizləşdilər, iş yerlərini itirdilər, bununla da qarşıdurmanın bir tərəfinə çevrildilər. Elə, 90-cı illərin əvvəllərində Rusiyanın özündə Dövlət Duması tərəfindən bir neçə dəfə çevrilişə cəhd edilməsi buna bariz nümunədir. Hələ, keçmiş SSRİ respublikalarında, yəni Azərbaycan, Gürcüstan və Ermənistanda, daxili müharibələrlə, münaqişələrlə, toqquşmalar ilə müşaiyət olunan münasibətlərdən, yaxud Rusiyanın Çeçenistanla uzun illər apardığı müharibədən bəhs etmirəm. Mövzumuzdan kənarda olduğu üçün, sadəcə olaraq, hörmətli oxucularımıza bunu xatırladıram.
Ardı var

Məqalədə:
Xəbər lenti

Xəbər lenti