Bakı. Trend:
ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz hökumətin iclaslarında iştirak etməyə başladı. Əvvəlki səfir C.Heffern Ermənistan hökumətinin bütün iclaslarında iştirak edirdi və onun mövqeyi nəzərə alınırdı.
Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
M.Əhmədoğlu bildirib ki, R.Millzin hökumətin iclasında iştirakının rəsmi tərtibatı da məhz onun hökumətin iclaslarında iştiraka başlaması üçün tərtib olunmuşdu: "Baş nazirin müavini V.Qabrielyanın sədrliyi ilə traffikinqə Qarşı Mübarizə Şurasının iclası keçirildi. Səfir R.Millz iştirak və çıxış etdi. Ermənistan Cənubi Qafqazın küncündə yerləşən, izolyasiya vəziyyətində olan dövlətdir. Bu dövlətin ərazisindən traffikinq marşrutu kimi istifadə olunması çox az ehtimallıdır. Erməni qadınlarının getdiyi yer də bəllidir: Türkiyədə fəaliyyət göstərib pul qazanırlar. Ona görə traffikinq məsələsi Ermənistan üçün aktual deyil. Əvvəlki illərdə də bu mövzuda təmtəraqlı iclasların keçirilməsinin şahidi olmamışıq. R.Millz konstitusiya islahatlarına münasibət bildirərkən özünü "Ermənistanın dostu" adlandırdı və bu islahatların lehinə və əleyhinə olanların təbliğatı üçün bərabər şərait yaradılması ilə ciddi maraqlanacaqlarını bildirdi. Səfir R.Millz Ermənistanda cinsi azlıqların ofisində oldu, onlara dəstək verdi".
M.Əhmədoğlu qeyd edib ki, ABŞ Ermənistanın sülhməramlı əməliyyatlarda iştirakının artmasında maraqlıdır: "Bu barədə ABŞ müdafiə nazirinin humanitar məsələlər üzrə müavini A.Viktovski Yerevanda keçirilən sülhməramlılığa dair beynəlxalq konfransda bildirdi. ABŞ-ın Ermənistandakı konsulu Frenk Tunun verdiyi məlumata görə, Ermənistan regionda ən çox "green card" alan ölkədir. Qeyd: Green cardların dünya və Ermənistan üzrə verilməsilə bağlı rəqəmlərdə cüzi hesablamalar aparmaqla bu məsələdə ABŞ məmurlarının kütləvi saxtakarlığına rast gəlmək olar. ABŞ-a düşən erməni etnokriminallarının böyük əksəriyyəti də "green card" vasitəsilə düşüb. ABŞ-ın "Contour Global" şirkətinin Vorotan SES-i alması ciddi şübhələr yaradır; daha çox siyasi korrupsiya sxemidir. ABŞ-ın bu şirkətinin dünyada elə ciddi fəallığı və reputasiyası yoxdur".
M.Əhmədoğlu vurğulayıb ki, ABŞ-da erməni mafiyasına həsr olunmuş "Aram, Aram" filmi də çəkilib: "ABŞ-dakı erməni təşkilatları Azərbaycana və Türkiyəyə səfər etmiş konqresmenlərin fəaliyyətini yoxlatdırmaqla məşğuldurlar. Etika komissiyası ciddi təhlükəli nəticələr aşkar etməsə də, bu həmin konqresmenlərə ciddi psixoloji təzyiqdir. ABŞ Ermənistandakı dini azadlıqdan narazıdır. Bu barədə ABŞ Dövlət Departamentinin ənənəvi illik hesabatında bildirilir. ABŞ-dakı erməni diaspora təşkilatları Amerika həkimlərinin Ermənistana gələrək yerli əhalinin diaqnostika və müalicəsini apardılar, prezident S.Sərkisyan onları qəbul etdi".
Politoloq qeyd edib ki, USAID Ermənistana tibbi və sosial məqsədlə ayırdığı qrantın miqdarını 30.5 milyondan 31.3 milyon dollara qaldırdı: "ABŞ ekspertlərinin fikrincə, ABŞ-Rusiya rəqabəti MDB-nin hətta periferiyalarında, başqa sözlə, Ermənistanı da əhatə edə bilər. ABŞ Dövlət Katibinin Avrasiya Məsələləri üzrə yardımçısının müavini Bricit Brinkin Yerevana səfəri səfir R.Millzin Ermənistan hökumətinin iclasında iştirak etməyə başlamasından sonra baş tutdu. Bu səfərədək Yerevanda ABŞ-ın Ticarət təmsilçisinin köməkçisinin müavini Betsi Xafnerin iştirakı ilə Ticarət və İnvestisiya üzrə Ermənistan-ABŞ Şurasının I iclası keçirilmişdi. B.Brink Dnestryanı bölgənin Rusiyadan uzaqlaşdırmağın mümkünlüyünə inanan və bu istiqamətdə konkret addımlar atan yüksək çinli ABŞ rəsmisidir. Onun Ermənistanın Rusiyadan uzaqlaşmasının mümkünlüyünə inanması və bu istiqamətdə fəaliyyət göstərməsi elə də qəliz məsələ deyil".
M.Əhmədoğlu bildirib ki, Ticarət və İnvestisiyalar üzrə ABŞ-Ermənistan Şurasının birinci iclasında az qala diplomatik qalmaqal yarandı: "Ermənistan ABŞ-la ticari münasibətlərdə ikiqat vergi qoymanı ləğv etməyi təklif etdi. Ermənistanla ABŞ arasında ikiqat vergi qoymanı məhz indiki zaman dövründə ləğv etməyi nəzərdə tutan müqavilənin imzalanmasını əsaslandıran zərurilik Səfir Millzə aydın olmadı. Ona görə R.Millz bunun hələ vaxtının çatmadığını bildirdi. B.Brink ABŞ Dövlət Departamenti adından bu məsələni müzakirə edəcəklərini bildirdi. Ermənistan hökumət üzvləri görünür, B.Brinki aldada bilmişlər".
Politoloq qeyd edib ki, ABŞ-ın Dağlıq Qarabağ siyasəti yalnız həmsədr C.Uorlik üzərində qurulub: "Bu ciddi yanaşma deyil. ABŞ Cənubi Qafqaza erməni eynəyi ilə baxmaqda davam edir. Uorlikin yeddi rayonun Azərbaycanın nəzarətinə qaytarılması ilə bağlı yenidən bəyanat verməsi Dağlıq Qarabağ tənzimləməsində ABŞ-la Rusiya arasında rəqabətin olduğunu göstərir. Bu rəqabət Ermənistanın ziyanınadir. Uorlikin B.Brinkdən Moldova ilə Dnestryanı bölgə arasında necə dialoq qurmasını öyrənməsi və bunu Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoqunun qurulmasına tətbiq etməsi çox faydalı olardı".
Mərkəz rəhbəri sonra deyib ki, ABŞ Dnestryanı münaqişənin tənzimlənməsi ilə məşğul olan "5+2" formatının üzvüdür: "ABŞ Dnestryanı bölgənin müstəqilliyini tanımır, Moldovanın ərazi bütövlüyünü dəstəkləyr. "5+2" formatında fəaliyyəti Dnestryanı bölgəni Moldovanın tərkibinə qaytarmağa yönəlib. ABŞ-ın belə aydın mövqeyi Azərbaycanda da çox arzu olunandır. Dağlıq Qarabağın de-fakto idarəedicisi B.Saakyanın ənənəvi telemarafonda iştirak üçün ABŞ-a bu il getməməsi də diqqət çəkir. Görünür, səfir R.Millz fəaliyyətinin başlanğıcını prinsipial görünməsində maraqlıdır. Bəlkə də, ona görə B.Saakyana ABŞ-a viza vermədi. Green qard korrupsiyası ilə də məşğul olsa, onun prinsipiallığına inam artacaq. Eks-səfir C.Heffern fəaliyyətə daha qətiyyətlə başlamışdı. Axırda Ermənistanın müdafiə naziri S.Ohanyanın köməkçisinə çevrildi".