...

Ombudsman Aparatının rəhbəri: Azərbaycanda insan hüquqlarının müdafiəsi mexanizminin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır

Siyasət Materials 12 Dekabr 2017 13:16 (UTC +04:00)
Görkəmli ictimai-siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində əvəzsiz rolu olub.
Ombudsman Aparatının rəhbəri: Azərbaycanda insan hüquqlarının müdafiəsi mexanizminin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır

Bakı. İlhamə İsabalayeva – Trend:

Görkəmli ictimai-siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində əvəzsiz rolu olub.

Bunu Trend-ə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlı deyib.

Onun sözlərinə görə, müstəqil Azərbaycanda həyata keçirilmiş genişmiqyaslı islahatlar, insan hüquqları və azadlıqlarının təmini istiqamətində baş verən köklü dəyişikliklər məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Heydər Əliyevin müstəqil respublikamıza başçılıq etdiyi dövrlərdə ən çox diqqət yetirdiyi sahələrdən biri də məhz insan hüquq və azadlıqlarının qorunması olub. Ümummilli liderimiz deyib: “Vəzifəli şəxslərin fəaliyyətini onların insan hüquqlarının qorunmasındakı xidmətlərinə görə qiymətləndirmək lazımdır”. Bununla o, insan hüquqlarının müdafiəsinə daim böyük önəm verdiyini diqqətə çatdırıb. Ulu öndər həmişə həyatda hər kəsi nəcib, xeyirxah, humanist amallar uğrunda mübariz olmağa, insan hüquqlarını qorumağa və hörmət bəsləməyə çağırıb. O, bunu hamıya tövsiyə etsə də, vəzifəli şəxslərdən xüsusi olaraq birmənalı şəkildə tələb edib”.

A.Səfixanlı bildirib ki, qısa zaman kəsiyində Heydər Əliyev tərəfindən insan hüquq və azadlıqlarının təmini məqsədi ilə bir sıra mühüm islahatlar həyata keçirilib, müvafiq qanunvericilik aktları qəbul olunub, fərman və sərəncamlar imzalanıb.

Aparat rəhbəri qeyd edib ki, həyata keçirilmiş hüquqi islahatların təməli öz əksini Ümummilli Liderin memarı olduğu Azərbaycan Respublikasının yeni Konstitusiyasında tapmışdır. Bu ali sənədin 48 maddədən ibarət üçüncü fəslinin bütün müddəaları insana, onun ləyaqətinə, hüquqlarına hörmət ruhunda yazılıb, insan hüquq və azadlıqları ən yüksək dəyər kimi tətbiq olunub: “Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra insan hüquq və azadlıqlarının təmini məqsədi ilə həyata keçirilən hüquqi islahatlardan biri də yaşamaq hüququnun təmini ilə bağlı olub. Belə ki, 1993-cü ildən respublikamızda ölüm cəzasının tətbiqi üzərinə veto qoyulub, 1998-ci il 10 fevral tarixli qanunla isə ölüm cəzası ləğv olunaraq ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub. Şərqdə ilk dəfə məhz bizim respublikamızda ölüm cəzasının ləğv edilməsi dünyada böyük əks-səda doğurub. Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilmiş bu islahat dövlətimizin humanist siyasi kurs həyata keçirdiyini bir daha bəyan edib. Dahi öndərin insan hüquq və azadlıqlarının təmini sahəsində atdığı mühüm addımlardan biri də fikir və söz azadlığının təmini və inkişaf etdirilməsi ilə bağlı olub. Belə ki, Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" 6 avqust 1998-ci il tarixli fərmanla mətbuat üzərində senzura ləğv edildi, kütləvi informasiya vasitələrinin sərbəst inkişafı üçün münbit şərait yaradıldı. Məlum olduğu kimi, dövlətin demokratikliyi yalnız onun insan hüquqlarını bəyan etməsi ilə deyil, həmçinin bu hüquqların müdafiəsi istiqamətində tədbirlərin görülməsi ilə qiymətləndirilir”.

A.Səfixanlı bildirib ki, ulu öndər tərəfindən qəbul olunmuş Fərman və Sərəncamlar Konstitusiyamızda təsbit olunmuş insan hüquqlarının daha effektiv təmin edilməsi ilə yanaşı, insan hüquq müdafiə mexanizmlərinin yaradılması və inkişaf etdirilməsində mühüm rol oynayıb.

Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu və insan hüquqlarının və azadlıqlarının təmin olunması istiqamətində qəbul edilmiş normativ sənədlər sırasında 22 fevral 1998-ci il tarixli “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı və 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı xüsusilə qeyd etmək lazımdır. Bu sənədlərdə insan hüquqlarının müdafiəsi sahəsində mühüm tədbirlərin həyata keçirilməsi, o cümlədən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə səlahiyyətli müvəkkili təsisatının yaradılması kimi vəzifələr nəzərdə tutulub: “Bu gün artıq qətiyyətlə demək olar ki, aparılmış uzaqgörən siyasət nəticəsində bu məsələlərin hər biri öz uğurlu həllini tapıb. Heydər Əliyev yalnız qanunlar qəbul edilməsinə deyil, onların həyata keçirilməsinə də xüsusi diqqətlə yanaşırdı. Məhz ümummilli liderin rəhbərliyi ilə bu sahədə aparılan hüquqi islahatların məntiqi nəticəsi kimi 28 dekabr 2001-ci il tarixdə "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanunu qəbul edilib, Ombudsman təsisatının yaradılması və fəaliyyət göstərməsi üçün maddi və hüquqi baza formalaşdırılıb, 2 iyul 2002-ci il tarixdə Azərbaycanın ilk Ombudsmanı seçilib və beləliklə də, ulu öndərin xeyir-duası ilə respublikamızda da digər inkişaf etmiş demokratik ölkələrdə olduğu kimi ombudsman institutu təsis edilib”.

A.Səfixanlı bildirib ki, digər dövlətlərlə müqayisədə Azərbaycanda Ombudsman təsisatının yaradılması və fəaliyyət göstərməsi qısa zaman kəsiyində mümkün olub. Bütün bunlar ulu öndərin insan hüquq və azadlıqlarının qorunmasına verdiyi önəmin nəticəsidir.

O qeyd edib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktın məhz Konstitusiya statuslu olması dövlətin bu təsisatın fəaliyyətinə, ümumilikdə isə insan hüquqlarının müdafiəsi işinə verdiyi böyük önəmin göstəricisi olaraq qiymətləndirilməlidir: “Müasir dünyada hər bir dövlətin demokratik dəyərlərə sadiqliyi onun insan hüquqlarına münasibəti ilə müəyyən olunur. İnsan hüquqlarını bəşər sivilizasiyasının ən müdrik kəşflərindən biri hesab edən Heydər Əliyev demişdir: “İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur”. Fərəhli haldır ki, ümummilli liderimizin insan hüquq və azadlıqlarının qorunması sahəsində müəyyən etdiyi müdrik və uzaqgörən siyasi xətt bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən dövr ərzində Azərbaycan daha da inkişaf edib, yeni-yeni proqramlar, yol xəritələri, Azərbaycanın hərtərəfli, daha dinamik inkişafı, xoşbəxt gələcəyimiz naminə islahatlar həyata keçirilib və bu proses sürətlə davam etməkdədir. İnsan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilmiş islahatların məntiqi davamı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi, 18 iyun 2007-ci il tarixli Sərəncamla 18 iyun tarixinin “insan hüquqları günü” kimi təsis olunması, 27 dekabr 2011-ci il tarixli Sərəncamla Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi və bu kimi digər tədbirlər ölkəmizdə insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi sahəsində islahatların uğurla davam etməsinin bariz göstəricisidir. Qeyd etmək istərdim ki, Cənab Prezidentin təsdiq etdiyi insan hüquq və azadlıqlarının müdafiə olunmasında mühüm əhəmiyyət daşıyan və dövlət qurumları qarşısında bununla bağlı vəzifələr müəyyən edən bu sənədlər uğurla icra olunmaqdadır. Azərbaycanda insan hüquqlarının inkişafına və təkmilləşdirilməsinə daim böyük diqqət yetirilir və ölkə Prezidentinin yürütdüyü siyasət məhz insan hüquq və azadlıqlarının səmərəli təmininə xidmət edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti