...

Əflatun Amaşov: Dövlətimizi qoruma səngərlərimiz evlərimizdir

Siyasət Materials 30 Mart 2020 18:04 (UTC +04:00)
Əflatun Amaşov: Dövlətimizi qoruma səngərlərimiz evlərimizdir

Bakı. Trend:

Koronavirus təhlükəsinin qaldığı və daha da artacağına dair ehtimalların mövcud olduğu hazırkı şəraitdə birliyimiz və həmrəyliyimiz şərtdir. Bunu sözdə deyil, əməldə göstərməliyik. Hər kəs öz çalışdığı sahənin bəşəriyyəti təhdid edən qlobal bəla ilə mübarizəyə töhfə verməsinə böyük səylə və fadakarlıqla çalışmalıdır.

Trend-in məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Onun sözlərinə görə, bu gün fədakarlıq göstərən həkimlərimiz var. Polislərimiz və digər zəruri peşə sahiblərimiz də iş başındadırlar: "Hər birinə minnətdaram. Xüsusi minnətdarlığım isə fədakarların əməyini xalqa çatdıran fədakar jurnalistlərimizədir. Onlar hər yerdədirlər. Bu an elə bir vacib sahə yoxdur ki, həmin sahənin işinin cəmiyyətdə hiss olunub güvənlik yaranmasında jurnalistlərin əməyi özünü hiss etdirməsin.

Dünyanın bir çox bölgələrində koronavirus dövründə jurnalist fəaliyyətinin istiqamətləri ilə bağlı da müzakirələr gedir. Medianın insanlara ünvanlanmış çağırışlarındakı motivlər necə olmalıdır? Hansı psixoloji gedişlərindən istifadə edilməlidir? Jurnalistikanın virusdan qorunmaq naminə verdiyi mesajlar peşə standartlarına necə uyğunlaşdırılmalıdır? Əlbəttə, bu sayaq mövzulara birmənalı baxış yoxdur. Xüsusən də qəzetçilik məsələsinə formalaşmış münasibət istisnadır. Çünki qəzetin ərsəyə gəlməsi və cəmiyyətə çatdırılması yalnız jurnalist əməyinin nəticəsi deyil. Prosesə müxtəlif peşə sahibləri mükəlləfdirlər. Düşünürəm ki, irəlidəki günlərdə koronavirus pandemiyasının dinamikasından asılı olaraq, ölkəmizdə də məsələ ilə bağlı konkretləşmələr ola bilər".

Şura sədri qeyd edib ki, Azərbaycanda media cəmiyyətin müxtəlif təbəqələrinin koronavirus təhlükəsinə qarşı səfərbərliyinin təmin edilməsində başlıca ictimai instrument kimi çıxış edir: "Azərbaycan Mətbuat Şurasının müşahidələri göstərir ki, bu baxımdan telekanalların və radioların fəaliyyəti özünü daha effektiv göstərməkdədir. Ancaq biz eyni zamanda müxtəlif internet informasiya resurslarının işini də yüksək qiymətləndiririk. Xüsusi vurğulanmalı məqam telekanalların fəaliyyətinin elektron media ilə vəhdət təşkil etməsindədir. Müşahidələrimiz bu vəhdətdə müvafiq dövlət qurumlarının, o cümlədən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın cəmiyyətə informasiya verilməsinə məsul strukturlarının da aktiv təmsilçiliyini göstərir. Bununla da şaiyələrin və müəyyən şəxslər tərəfindən yolverilmiş özfəaliyyət meyllərinin vətəndaşlar içərisində yayılmasının qarşısı yerindəcə alınır. Hesab edirik ki, bunun özü də indiyədək yüksək effektivliyi o qədər də nəzərə çarpmayan ciddi təcrübənin əldə edilmə göstəricisidir. Medianın müxtəlif quruluşlarının bir-birilə, xüsusən də sosial şəbəkələrdə yayılmış bilgilərin, fikir və mülahizələrin təhlilinə əsaslanmış qarşılıqlı əməkdaşlığı, bu əməkdaşlığın rəsmi orqanlarla sistemli şəkildə əlaqələndirilməsi son dərəcə vacibdir. Təqdirəlayiq haldır ki, tərəflər bunu tam məsuliyyətləri ilə dərk edirlər.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə qeyri-şərtsiz əməl etməyimiz mütləqdir. Mediamız var gücü ilə nəinki bunu təbliğ edir, həm də mövcud sahədəki neqativ halları, məsuliyyətsizlik meyillərini göstərir.

Əlbəttə, dünyanı cənginə almış, yüksək insan tələfatı doğurmuş koronavirusla mübarizə hamımızdan məsuliyyətli olmağı tələb edir. Bu məsuliyyət dövlətimizi əldə silah səngərdə qorumaq qədər vacibdir. Bəli, bu gün dövləti qoruma səngərlərimiz həm də evlərimizdir. Bir-birimizi evdə qalaraq qorumalıyıq. Bir-birimizə olan qayğımızı, nəvazişimizi evdə qalaraq göstərməliyik. Xalqımız və dövlətimizin gələcək uğurlarını görmək üçün səngərlərimizdə qalmalıyıq. Nəzərə alınmalıdır ki, dövlətimizin ən böyük sərvəti vətəndaşlardır. Dövlətimiz vətəndaşlarını qorumaq üçün bütün vasitələrdən istifadə edir, bütün tədbirləri görür. Bu tədbirlərə dəstəyimiz ali vətəndaşlıq borcumuzdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti