Bakı. Trend:
Biz geniş aspektdə müxtəlif sahələrdə əməkdaşlıq edirik.
Trend-in məlumatına görə, bunu bu gün İsrail xarici işlər naziri Eli Kohen azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra mətbuata bəyanatla çıxışı zamanı deyib.
"Azərbaycan səfiri bir neçə gün öncə etimadnaməsini Prezident Hersoqa təqdim etdi və artıq rəsmi şəkildə fəaliyyətə başladı. Azərbaycan İsrailin strateji tərəfdaşıdır. Biz geniş aspektdə müxtəlif sahələrdə əməkdaşlıq edirik", - deyə əlavə edib.
Nazir bildirib ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq dərinləşir:
"Kənd təsərrüfatı, kibertexnologiyalar, qida təhlükəsizliyi sahəsində əməkdaşlıq mövcuddur və daha da dərinləşməsi üçün potensial var", - E.Kohen vurğulayıb.
Qeyd edək ki, 28 mart 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib.
Səfər çərçivəsində 29-30 mart tarixlərində nazir Ceyhun Bayramovun hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.