...

"GƏNCLƏR PARLAMENTİ"NİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB

Siyasət Materials 27 Sentyabr 2005 14:38 (UTC +04:00)

50 nəfər fəal gənclərdən ibarət "Azərbaycan Gənclər Parlamenti" yaradılacaq. Trend in məlumatına görə, Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Könüllülər İctimai Birliyi və Bakı Teleradio Şirkəti tərəfindən yaradılan "Azərbaycan Gənclər Parlamenti"nin sentyabrın 27-də Beynəlxalq Mətbuat Mərkəzində təqdimat mərasimi keçirilib. Gənclər Parlamentinin əsas məqsədi gəncləri narahat edən problemlərin müzakirəsini dövlət və ictimaiyyət qarşısında qaldırmaq, gənc vətəndaşların dövlətdə gedən proseslərdə iştirakını təmin etməkdir. Əsas funksiyaları gənclər siyasətinin formalaşmasında, bu sahədə qərarların qəbulunda iştirak etmək, regionlarda yaşayan gənclərin ölkə üzrə gənclər hərəkatlarında iştirakını aktivləşdirmək məqsədi daşıyır.

Azərbaycan Könüllülər İctimai Birliyinin sədri Ceyhun Osmanlı bildirib ki, Gənc Parlament vasitəsi ilə gəncləri seçkilərdə də aktiv iştirak etməyə çağırışlar aparacaqlar. Onun sözlərinə görə, "Gənclər Parlamenti" layihəsində gənclər təşkilatları ilə hökumət arasında effektiv fəaliyyət sisteminin yaradılması, həmçinin, gənclərin seçmək və seçilmək hüquqlarını efir vasitəsilə izah etmək, seçki kampaniyasında gəncləri narahat edən məsələləri televiziyada geniş kütləyə çatdırmaq da nəzərdə tutulub. Bunun üçün layihə çərçivəsində Space telekanalında Gənclər Parlamenti adlı həftəlik veriliş hazırlanacaq.

Gənclər, İdman və Turizm Nazirliyinin sektor müdiri Fərhad Hacıyev bildirib ki, "Gənclər Parlamenti"nin noyabrın 6-da Milli Məclisə keçiriləcək seçkilərdən əvvəl yaradılması labüddür. O, gənclər parlamentarizm ideyasının gənclər arasında təbliğinin vacibliyini vurğulayıb. Qeyd edək ki, yaşı 18-35 arasında olan gənclər təşkilatları liderləri, siyasi partiyaların gənclər qanadlarının nümayəndələri, istedadlı, ictimai fəallığı olan, KİV-lərdə, özəl sektorda çalışan gənclər "Gənclər Parlamenti"nin üzvü ola bilərlər.

Xəbər lenti

Xəbər lenti