...

Valeh Ələsgərov: Qanunverici baza çərçivəsində gerçəkləşdirilən neft-qaz investisiya layihələri uğurla inkişaf etdirilir

Siyasət Materials 10 Aprel 2006 16:01 (UTC +04:00)
Valeh Ələsgərov: Qanunverici baza çərçivəsində gerçəkləşdirilən neft-qaz investisiya layihələri uğurla inkişaf etdirilir

Trend in Milli Məclisin vitse-spikeri, MM-in təbii ehtiyatlar, energetika və ekologiya daimi komissiyasının sədri ilə müsahibəsi

- Valeh müəllim, Azərbaycanda "Neft və qaz haqqında" qanun qəbul edilməməsinə baxmayaraq, ölkədə neft sahəsində dünyanın onlarla iri şirkəti, eləcə də yüzlərlə yerli və xarici servis şirkətləri çalışır. Azərbaycana investisiya axını artmaqda davam edir. Necə bilirsiniz, belə bir qanuna zərurət varmı və yaxın gələcəkdə onun qəbul edilməsi gözlənilirmi?

- Hər hansı qanunverici aktın işlənib-hazırlanmasına tələbat və belə qanunların qəbul edilməsi o halda baş verir ki, qüvvədə olan qanunverici baza və hüququn tətbiqi praktikası ölkənin strateji prioritetlərinə uyğun gəlmir, iqtisadiyyatın və ümumiyyətlə, onun hər hansı bir sahəsinin sabit inkişafına mane olur, yaxud bunu məhdudlaşdırır, neft-qaz ehtiyatlarının sahibi olan dövlətlə sərmayəçilərin qarşılıqlı münasibətlərində həll edilə bilməyən problemlər yaradır, gerçəkləşdirilən layihələrin səmərəliliyini aşağı salır, sərmayəçi və investisiya axınını azaldır və ya buna maneə törədir, milli təhlükəsizlik prinsiplərinə uyğun gəlmir, dövlətin suveren hüquqlarının müdafiəsini kifayət qədər təmin etmir.

Bu gün Azərbaycanda belə mənfi tendensiyalar yoxdur. Hətta bunların təzahürləri belə mövcud deyil. Belə olan halda, yeni qanunverici təşəbbüslərə zərurət varmı? Hər hansı qanunların, normativ aktların işlənib hazırlanması, qəbul edilməsi, institusional islahatların aparılması kimi baza prinsipinə əsaslanmaq lazımdır, bütün bunlar yalnız cəmiyyətin, ölkənin, onun iqtisadiyyatının, yaxud iqtisadiyatın ayrı-ayrı sahələrinin inkişafının təkmilləşdirilmiş strateji prioritetlərinin gerçəkləşdirilməsi vasitələridir. Prezident Heydər Əliyev tərəfindən Azərbaycanın təkmilləşdirilmiş neft-qaz strategiyası hazırlanıb və bu strategiya uğurla reallaşdırılmaqda davam etdirilir.

Nəticələr barədə danışmağa ehtiyac yoxdur, çünki bunlar hamıya məlumdur. Strategiyanın gerçəkləşdirilməsi üçün müvafiq qanunverici və normativ model formalaşdırılıb, qanunverici baza və hüququn tətbiqi praktikası yaradılıb və bütün bunlar beynəlxalq cəmiyyət, o cümlədən biznes və maliyyə birlikləri tərəfindən tanınaraq uğurla fəaliyyət göstərir.

Mən yeni qanunverici təşəbbüslərə zərurət görmürəm, çünki qanunverici baza çərçivəsində gerçəkləşdirilən nevt-qaz investisiya layihələri uğurla inkişaf etdirilir, yeni-yeni müqavilələr imzalanır və həyata keçirilir, ölkənin neft və bununla əlaqədar digər gəlirləri artır.

- Amma dünya bazarı dəyişir və tendensiyalar müxtəlif ola bilər. Yeni müvafiq qanunların dəyişdirilməsi, yaxud yaradılması məsələsinə çevik yanaşma olacaqmı?

- Tamamilə mümkündür. Gələcəkdə beynəlxalq ticarət, fond, maliyyə bazarlarında baş verən hər hansı mənfi meyllər, inteqrasiya proseslərinin fəallaşması zərurəti və qanunverici bazanın müvafiq unifikasiyası, dövlətin suveren hüquqlarının müdafiəsi və digər belə səbəblər nəticəsində yeni qanunverici təşəbbüslərə tələb yarana bilər. Yeni qanunlara tələb olacaqsa, yeni qanunlar da olacaq.

- Siz Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya daimi komissiyasının sədri seçilmisiniz. Komissiyanın tərkibi xeyli yeniləşib və demək olar ki, iki dəfə artıb. Komissiyanın fəaliyyətində hər hansı dəyişikliklər, yeniliklər gözlənilirmi?

- Daimi komissiyanın funksiyaları və səlahiyyətləri nə komissiyanın sədri, nə də onun üzvləri tərəfindən müəyyən edilmir, bunlar müvafiq sənədlərə əsasən müəyyən edilib və bizim vəzifəmiz buna əsasən ciddi fəaliyyət göstərməkdir.

- Siz özünüzün əsas vəzifənizi nədə görürsünüz?

-Mən öz vəzifəmi müvafiq hakimiyyət orqanları, Milli Məclis aparatı ilə əməkdaşlıq əsasında qüvvədə olan qanunverici aktların monitorinqinin keçirilməsində, zamanın tələblərinə uyğun olmayan dar məqamların aşkar edilməsində, zərurət yaranarsa müvafiq dəyişikliklərin, əlavələrin hazırlanmasında və əlbəttə ki, bunların Milli Məclisə müzakirəyə təqdim edilməsində görürəm.

- Milli Məclisə üçüncü çağırış seçkilər majoritar sistem üzrə keçirilib. Proporsional sistemin üstün olması ilə bağlı müxtəlif rəylər və hətta iradlar səsləndirilib. Bu məsələ ilə bağlı fikriniz necədir?

- Əminəm ki, seçilmiş model - Milli Məclisə majoritar seçki sistemi daha düzgün, ədalətli və deməli, daha üstündür. Majoritar sistemdə seçicilər müəyyən seçki dairəsindən hər bir deputatlığa namizədlə şəxsən görüşmək, tanış olmaq, namizədlərin fərdi keyfiyyətlərini və bacarıqlarını, onların proqramlarını öyrənmək, müqayisə və təhlil etmək, eləcə də bu və ya digər namizədin xeyrinə şüurlu seçim etmək imkanı əldə edirlər. Müəyyən seçki dairəsindən seçilmiş deputat ona və onun proqramına səs vermiş seçicilər qarşısında şəxsən məsuliyyət daşıyır. Proporsional sistemdə isə seçici konkret namizədə deyil, partiya siyahısına səs verir. Partiya siyahısı ilə seçilən deputat kimin qarşısında şəxsən məsuliyyət daşıyır? Onu partiya seçilmişlər siyahısına daxil etmiş partiya bosslarınınmı qarşısında? Şəxsən ona deyil, partiya siyahısına səs vermiş bütün ölkə seçicilərininmi qarşısında? Belə qeyri-şəxsi məsuliyyəti şəxsi məsuliyyətlə müqayisə etmək olarmı? Əlbəttə, yox. Bundan başqa, proporsional sistemdə təkcə deputatların
deyil, seçicilərin də məsuliyəti konkretləşdirilmir. Mən majoritar sistemin lehinə bir çox digər əsaslar da göstərə bilərəm.

İnkişaf, demokratik instituların təkmilləşdirildiyi, cəmiyyətin, partiyaların, ictimai hərəkatların siyasi mədəniyyətinin yüksəldiyi, sabit demokratiyanın qurulduğu bir vaxtda proporsional sistemə keçid tamamilə mümkün ola bilər. Amma bu günkü gerçəklik şəraitində istər seçicilərə, istərsə də deputatlığa namizədlərə münasibətdə majoritar sistem daha ədalətlidir.

Xəbər lenti

Xəbər lenti