...

Baş nazirin müavini E.Əfəndiyev: "Rasim Ocaqov xalq tərəfindən sevilən, dövlət tərəfindən qiymətləndirilən xoşbəxt sənətkar idi"

Siyasət Materials 12 İyul 2006 17:04 (UTC +04:00)
Baş nazirin müavini E.Əfəndiyev: "Rasim Ocaqov xalq tərəfindən sevilən, dövlət tərəfindən qiymətləndirilən xoşbəxt sənətkar idi"

"Rasim Ocaqov XX əsrin yetirdiyi o sənətkarlardan idi ki, onun Azərbaycan xalqının inkişafında böyük rolu olub". Bu fikirləri Trend ə açıqlamasında baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev bildirib.

O, görkəmli kinorejissor Rasim Ocaqovun vəfatı ilə bağlı fikirlərini bölüşərkən qeyd edib ki, Rasim Ocaqovun vəfatı yalnız Azərbaycan kinematoqrafiyası, mədəniyyəti üçün deyil, həm də müasir tariximiz üçün bir itki oldu: "Çünki onun yaradıcılığının miqyası geniş idi və yalnız kinematoqrafiya ilə məhdudlaşmırdı. Doğrudur, Rasim Ocaqov kinonun dili ilə danışırdı, amma kino dili ilə Azərbaycanın tarixini, mentalitetini, azərbaycanlıların xüsusiyyətini, tipik keyfiyyətlərini, xalqımızın güzəranını göstərirdi, təbliğ edirdi".

Elçin Əfəndiyev qeyd edib ki, öz əsərləri üzərində Rasim Ocaqovla kinorejissor kimi işləməsə də, onun filmlərini izləyib, rejissor da onun əsərlərini oxuyub: "Yəni, bizim aramızda çox səmimi ünsiyyət var idi. Mən onun itkisinə çox təəssüflənirəm, ancaq hesab edirəm ki, o, xoşbəxt sənətkar idi. Çünki ilk növdəbə ona xalqın sevgisi və həm də dövlətin qayğısı var idi. Rasim Ocaqov xalq artisti, əməkdar incəsənt xadimi, dövlət mükafatı laureatı, prezident təqaüdçüsü idi. Yəni, sənətkar üçün lazım olan bütün fəxri adları almışdı. Bütün bunlarla bərabər tamaşaçıların sevgisini qazanmışdı, buna görə də o, xoşbəxt sənətkar idi. Mən hesab edirəm ki, müstəqil Azərbaycanın 15 illik tarixi Rasim Ocaqovun həyatında ən xoşbəxt illərdən olub. Çünki Azərbaycanın müstəqilliyi onun üçün həm maddi, həm də mənəvi baxımdan əhəmiyyətli oldu"-deyə baş nazirin müavini vurğulayıb.

E.Əfəndiyev onu da qeyd edib ki, R.Ocaqov özündən sonra kinorejissorluq sahəsində özünəməxsus bir iz qoydu: "Hər bir böyük sənətkarın şagirdləri, davamçıları olur. Vacib deyil ki, o, böyük auditoriyalarda dərs versin, mühazirələr oxusun. Əsas odur ki, bu sənətkar öz sənətinin ifadəsini hər bir kəsə, o cümlədən də gənclərə göstərirsə, bu, özü bir məktəbdir. Buna görə də Rasim Ocaqov xalq tərəfindən sevilən və dövlət tərəfindən qiymətləndirilən sənətkar idi. Mən bilirəm ki, mərhum Heydər Əliyevin də ona son dərəcə böyük hörməti və qayğısı var idi".

Xəbər lenti

Xəbər lenti