Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli /Azərbaycan parlamentinin insan haqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova bazar ertəsi bəyan edib ki, "Gündəlik Azərbaycan" qəzetinin baş redaktoru Eynulla Fətullayevin həbs olunması insan haqlarının pozulması deyil. Onun sözlərinə görə, şərəf və ləyaqətləri alçaldılan Xocalı sakinləri öz tələblərində haqlıdırlar və onlar öz konstitusion hüquqlarından istifadə ediblər.
"Eynulla Fətullayevin həbs olunması tam qanunauyğundur. Hər bir jurnalist qələminə hörmət etməlidir və şəri, böhtanı bayraq edib, insanların şərəf və ləyaqətinə toxunmamalıdır" - deyə Aslanova bildirib.
Fətullayev aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi Mərkəzinin rəhbəri Tatyana Çaladzenin xüsusi ittiham qaydasında şikayəti üzrə Cinayət Məcəlləsinin147-ci (böhtan) maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azdlıqdan məhrum edilib. O, "Qarabağ gündəliyi" adlı məqalədə xocalıların şərəf və ləyaqətini təhqir etməkdə günahlandırılır.