...

Xalq artisti Şərqiyyə Hüseynova: "Mən Almaniyada doğulmalı idim"

Cəmiyyət Materials 1 May 2008 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /müx. TrendLife Safura/

Böyük Vətən müharibəsi çoxlarını bir-birindən ayırdığı halda, onun valideynlərinin qovuşmasına səbəb olub. Atası hərbçi, anası isə tibb işçisi idi. Onlar müharibə dövründə tanış olub evlənmişdilər. Bu sevgi nəticəsində qurulan ailənin təməli Almaniyada qoyulub. Ailənin ilk övladının doğulmasına bir ay qalmış cütlük Almaniyadan Bakıya qaydır. Beləcə Şərqiyyə Hüseynova Bakıdakı Əzizbəyov adına doğum evində dünyaya gəlir. Söhbət Almaniyanı da Azərbaycan qədər sevən tanınmış diktordan gedir. Şərqiyyə xanım deyir ki, anası Bakıya bir ay gec qayıtsaymış, o, Almaniyada doğulacaqmış.

-Şərqiyyə xanım, ailəniz barədə bir az ətraflı danışın, uşaqlığınıza səyahət edək.

-Biz ailədə 5 uşaq olmuşuq. Atam uşaqları çox sevirdi. Atam hərbçi olduğu üçün biz hərbi şəhərcikdə yaşayırdıq. Mən ailənin ilki idim.

-Necə oldu televiziyaya gəldiniz? Ailənizin buna etirazı oldumu?

-Yox, olmadı. Mən ziyalı ailənin üzvü idim. 1967-ci ildə televiziyaya müsabiqə yolu ilə gəlmişəm. 300 nəfərin iştirak etdiyi müsabiqədə iki dil bilmək, səsin mikrofona uyğunluğu və xarici görünüş mütləq idi. Məni səsimə və rus dilini bildiyimə görə seçdilər. Beləcə təcrübəçi diktor vəzifəsinə qəbul olundum. Sonra üçüncü, ikinci dərəcə aldım. O vaxt birinci və ali dərəcəni Moskva verirdi. Mən ali dərəcəni alanda uçmağa qanadım yox idi. Daha sonra isə əməkdar artist, iki il bundan əvvəl isə xalq artisti adına layiq görüldüm.

1984-cü ilə qədər şən və mehriban kollektivdə çalışmışam. 1984-cü ildə həmkarlarımız Roza Tağıyeva ilə Rafiq Hüseynovun başına gələn fəlakətdən sonra hamımız süstləşdik. Onların övladı, Rövşən həlak oldu. Biz onu öz övladlarımızdan ayırmırdıq.

-Kənardan baxanlarda televiziya həyatı həmişə maraq doğurur. Həmişə üzdə olmaq, diqqət mərkəzində qalmaq çətin idi?

-Diktor olmaq çox çətin idi. Hər hərəkətə, sözə fikir vermək məcburiyyətində idik. Adi insanların problemləri onların öz ailələrində qalırdısa, bizimkilər müzakirəyə çevrilirdi. Amma qeyd etməliyəm ki, televiziya həyatı çətin olduğu qədər də maraqlı idi. Çox sirr saxladığım məqamları bu gün sizə açacağam. O vaxtlar biz mərkəzi televiziya ilə efirə canlı çıxırdıq. Bizim Azərbaycan günləri Moskvada tez-tez işıqlandırılırdı. Mən və Rafiq Hüseynov rus dilini daha yaxşı bildiyimiz üçün Moskvaya bizi göndərirdilər. Oradan gələndən sonra mənim ünvanıma Moskvanın bir çox şəhərlərindən məktublar gəlirdi. Mənim ağ "jabolu" koftam var idi. İndiyə qədər yadımdadır ki, bir məktubda bu sözlər yazılmışdı, "Mən sizə və sizin ağ "jabolu" koftanıza vurulmuşam". Eşq-məhəbbət dolu məktublar çox olub. Hətta mənə məktubla evlənmək təklif edənlər də var idi. O qədər maraqlı yazılar idi ki, indi təəssüf edirəm ki, onları saxlamamışam.

-Həmin məktubları niyə məhv etdiniz?

-Bilirsiniz, mən institut illərindən artıq bilirdim ki, öz doğma xalam oğluna ərə gedəcəyəm. İşə düzələndə 19 yaşım var idi. Anam öz nişan üzüyünü mənim barmağıma taxaraq dedi: "Bura bax, birdən səni istəyib eləyən olsa, yadında saxla ki, öz xalan oğluna gedəcəksən. Başqa biri ola bilməz". Odur ki, mən başqalarına laqeyd idim. Mənim həyat yoldaşım artıq seçilmişdi. Xalam oğlu Asim olmalı idi. Elə də oldu. 1969-cu ildə ailə qurduq. 1971-ci ildə qızım Mehriban dünyaya gəldi. Mənim qızımın adını çox sevdiyim xalam verib. İndi gənclər öz övladların ad qoyanda heç kimlə məsləhətləşmir. O vaxtlar biz nə karə idik ki, övladımıza ad qoyaq. Onda böyük-kiçik var idi. Mənim xalam "Telefonçu qız" filmində oynayan Mehribana vurulmuşdu. O, bu adı təklif edəndə ürəyimcə oldu. İndi qızımın da bir qızı var- nəvəm Ayan. Onun da adını mən vermişəm. 1998-ci ildə həyat yoldaşımı uzun sürən xəstəlikdən sonra itirdim. Artıq 10 ildir onsuz yaşayıram. Bir övladımın olmasına indi çox təəssüflənirəm.

-Niyə bəs bir övladınız oldu?

-Mənim orta məktəbdə bir müəlliməm var idi. Qalina Leonidovna bizə ədəbiyyatdan və rus dilindən dərs deyirdi. O, hər dəfə dərsə girəndə mən ona həsədlə baxırdım. Çox zəngin bir xanım idi. Həmişə dəblə geyinirdi. Ayaqqabıları həmişə kostyumlarına uyğun idi. Mən ona oxşamaq istəyirdim. Onun bir qızı var idi. Biz isə ailədə 5 uşaq idik. Elə uşaqlıqdan deyirdim ki, mənim bir övladım olacaq. Amma bilsəniz necə peşimanam. İkinci bir tərəfdən də başqa proğlem var idi. İkinci övladın dünyaya gəlməsi üçün mən müalicələr almalı idim. Qızımın 10 yaşı olanda mən hansısa anda övlad istədim. Bu fikrə düşdüm. Amma fikrimdən də tez daşındım.

-Bildiyimizə görə qızınızın da cəmi bir övladı var.

-Mənim qızımın övladı gec olub. Düz 7 ildən sonra. Mən düşünürdüm ki, onun övladı olmasa, ürəyim patlayar. Müalicələrdən sonra şükürlər olsun ki, Ayan dünyaya gəldi. Artıq 8 yaşı var. Amma qızımın həyat yoldaşı da dünyasını dəyişdi. Bu məsələ ilə bağlı jurnalistlərdən incidim, çünki məni o zamanlar çox incitdilər. Demədiyim sözlər qəzetlərdə dərc olunurdu. Ləyaqətimə toxunan ifadələr yazılırdı. Çox xoşagəlməz illər yaşadım. Nə isə, o günlərə bir də qayıtmaq istəmirəm.

-Ən böyük uşaqlıq arzunuz nə olub. Elə əvvəldən diktor olmaq istəmisiniz, yoxsa...

-Mən uşaqlıqda konduktor olmaq istəmişəm. Yiyələndiyim diktor sənətinin dəlisi olmamışam. Amma bu sənəti seçdiyimə peşiman deyiləm.

-Şərqiyyə xanımın bəs indi ən böyük arzusu nədir?

-Mənim arzularımın 80 faizi həyata keçib. Bir arzum var ki, yaşlı vaxtımda heç kimə möhtac olmayım. Xalq artisti adına layiq görülmüşəm. Hazırda ANS telekanalında işləyirəm. Öz ehtiyaclarımı ödəyə biləcək dərəcədə qazanıram. Lakin elə bir vaxt gəlib çatacaq ki, heç işə gəlmək imkanım olmayacaq. Bax o vaxtlar istərdim ki, xalq artistlərinə verilən Prezident təqaüdünə layiq görülüm.

Xəbər lenti

Xəbər lenti