...

Bakı təcili tibbi yardım xidmətində helikopterdən istifadəyə ehtiyac yoxdur - Səhiyyə Nazirliyi

Cəmiyyət Materials 6 Aprel 2011 15:14 (UTC +04:00)
Bakı təcili tibbi yardım xidmətində helikopterdən istifadəyə ehtiyac yoxdur.
Bakı təcili tibbi yardım xidmətində helikopterdən istifadəyə ehtiyac yoxdur - Səhiyyə Nazirliyi

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakı təcili tibbi yardım xidmətində helikopterdən istifadəyə ehtiyac yoxdur.

Səhiyyə Nazirliyinin Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev Trend-ə müsahibəsində bildirib ki, Bakı şəhərinin ərazisi böyük olmadığından helikopterdən istifadəyə zərurət yoxdur.

Səhiyyə sistemində "113" -"Sanitar aviasiya" xidmətinin fəaliyyət göstərdiyini deyən Nağıyev qeyd edib ki, bu xidmətdən rayonlardan paytaxta, yaxud rayonlararası ağır xəstələrin daşınmasında istifadə olunur.

"Bakı böyük yaşayış sahəsi olsaydı, yəni onun bir tərəfindən digər tərəfinə olan məsafə saatlarla vaxt tələb etsəydi, təcili yardım sistemində helikopterlərdən istifadə etmək olardı. Bakının ən ucqar yaşayış məntəqələri olan Novxanı, Səngəçaldan mərkəzə təcili yardım maşınları ilə xəstələrin daşınmasına 20-25 dəqiqə vaxt sərf olunur. Helikopterin işə salınması, lazımi ünvana getməsi, enişi, xəstənin yerləşdirilməsi və aidiyyəti xəstəxanaya çatdırılmasına da bu qədər vaxt sərf olunacaq", - baş həkimin müavini deyib.

Onun sözlərinə görə, Bakı şəhərində təcili yardımın 40 obyekti var, həmin obyektlər yaşayış məntəqələrinə yaxın ərazilərdədir və hər biri yüksək sürətli sanitar avtomobillərlə təmin olunub.

Təcili yardım avtomobillərinin lazımi ünvanlara vaxtında çatması ilə bağlı problemlərə toxunan Nağıyev qeyd edib ki, müəyyən hallarda sürücülər təcili yardım maşınlarına yol vermir.

"Bakının küçələri bu qədər avtomobil üçün hesablanmamışdı. Əvvəllər paytaxt küçələrində avtomobillərin sayı az olduğundan elə ciddi problemlər yaranmırdı. İndi dar küçələrdə xidmətimizin maşınları üçün problemlər yaranır. Yaxşı olardı ki, sürücülər təcili yardım maşınlarına yol verəydi. Sanitar maşınların şəhərdə artıq hərəkətinə icazə verilmir, onların hərəkətinə nəzarət olunur", - baş həkimin müavini deyib.

O qeyd edib ki, ünvanlara yaxın olsun deyə, avtomobillərin sıx olduğu, tıxaclar yaranan ərazilərdə sanitar maşınlar heyətlə birgə yollarda yerləşdirilir.

Nağıyev bildirib ki, gün ərzində əhaliyə heyətlə birgə 141 təcili yardım maşını xidmət göstərir.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının maddi-texniki bazasının son illər daha da möhkəmləndirildiyini deyən Nağıyev qeyd edib ki, hər bir sanitar maşın lazımi tibbi ləvazimat və avadanlıqlarla təmin olunub.

Xidmətə mini-hospitalı xatırladan sanitar maşın, keçilməz yollarda istifadə olunan 5 sanitar maşın verilib.

"Həmin maşında 1 dəfəyə 4 uzanıqlı vəziyyətdə, yaxud da 4 uzanıqlı və 2 oturaq vəziyyətdə olan xəstələri daşımaq mümkündür. Həmin maşın bütün ləvazimatlar, texniki və tibbi avadanlıqlarla təmin olunub", - o deyib.

Xidmətdə 900-dən artıq səyyar həkim, bir o qədər səyyar feldşer çalışır. Həkim və felşerlərin hazırlanması, onların peşəkarlığının artırılması istiqamətində iş aparıldığını deyən Nağıyev bildirib ki, stansiyada bu məqsədlə xüsusi kafedra yaradılıb.

"Tibb işçilərinin hazırlığının yüksəldilməsi, bilik səviyyəsinin artırılması üçün kafedrada lazımi şərait yaradılıb. Respublikanın rayonlarındakı təcili yardım xidmətlərinin işçiləri bu kafedrada təlim keçirlər. Stansiyada Dispetçer xidməti də yenidən qurulub. Burada bütün çağırışların audio yazısı aparılır, şəhərdə sanitar maşınların hərəkəti monitor vasitəsilə izlənilir, personalın danışıqlarına nəzarət olunur", - baş həkimin müavini qeyd edib.

Xəbər lenti

Xəbər lenti