...

Azərbaycan süni intellekt və rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində mühüm addımlar atır - Sahib Ələkbərov

Cəmiyyət Materials 2 Dekabr 2025 10:51 (UTC +04:00)
Azərbaycan süni intellekt və rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində mühüm addımlar atır - Sahib Ələkbərov
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Süni intellekt sahəsindəki çağırışlara cavab vermək üçün konkret addımlar atılır.

Trend xəbər verir ki, bunu bu gün ASAN xidmətin ASAN Süni İntellekt Mərkəzinin (ASAN AI HUB) açılış tədbirindəki çıxışı zamanı İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov bildirib.

O qeyd edib ki, ölkəmiz müxtəlif istiqamətlər üzrə kifayət qədər genişmiqyaslı işlər həyata keçirir və buna süni intellektin tətbiqi sahəsində görülən tədbirlər də daxildir:

"Ancaq bu gün etiraf etməliyik ki, görüləcək işlərin həcmi, artıq gördüyümüz işlərlə müqayisə olunmayacaq dərəcədə böyükdür. Azərbaycan strategiyasının ayrılmaz hissələrindən biri iqtisadiyyatın şaxələndirilməsidir. Son illərdə neft-qaz sektorundan asılılığı azaltmaq və digər sahələrin inkişafını təmin etmək istiqamətində çox işlər görülür".

S. Ələkbərov bildirib ki, son 20 ildə qeyri-neft sektoruna yönəldilən 213 milyard dollarlıq investisiya nəticəsində qeyri-neft ixracının iki dəfə artması, ölkəmizin bu sahədə qlobal rəqabət qabiliyyətinin yüksəldiyinin göstəricisi hesab olunur.

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" strategiyasında ölkənin beş milli prioritetindən biri kimi dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi artımın təmin edilməsi müəyyən edilib. Bu baxımdan rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsi və yeni texnologiyaların tətbiqi əsas strateji hədəflərdən biridir", - Ələkbərov əlavə edib.

O vurğulayıb ki, bu çərçivədə hazırlanan 2026-2029-cu illəri əhatə edən "Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası" hazırda yekun təsdiq mərhələsindədir və ölkəmizin rəqəmsal transformasiyasını sürətləndirməyi hədəfləyir.

"Strateji sənəd çoxsaylı təşəbbüs və layihələri əhatə etməklə biznesin texnoloji transformasiyasını, rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasını və idarəetmənin data əsaslı modellərə keçirilməsini nəzərdə tutur.

Bu il təsdiq edilmiş 2025–2028-ci illəri əhatə edən Milli Süni İntellekt Strategiyası süni intellektin məsuliyyətli və etik şəkildə tətbiqini, iqtisadiyyatın bütün sektorlarında innovasiyaların genişləndirilməsini və rəqəmsal təhlükəsizliyin gücləndirilməsini hədəfləyir", - nazir müavini əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti