...

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə nazirlik statusu verilməsi təklif edilir

Cəmiyyət Materials 15 Mart 2012 12:30 (UTC +04:00)
Azərbaycanda qadınların dövlət orqanlarında təmsilçiliyində kvota müəyyən olunmalıdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə nazirlik statusu verilməsi təklif edilir

Azərbaycan, Bakı, 15 mart / Trend müxbir K.Zərbaliyeva/

Azərbaycanda qadınların dövlət orqanlarında təmsilçiliyində kvota müəyyən olunmalıdır. Trend-in məlumatına görə, bunu cümə axşamı "Azərbaycanda qadın hüquqları və gender stereotipləri" mövzusunda keçirilən "dəyirmi masa"da çıxışı zamanı millət vəkili Məlahət İbrahimqızı deyib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı qanunvericilik təkmilləşdirilməli, komitənin səlahiyyəti artırılmalıdır, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə nazirlik statusu verilməlidir.

"Avropa ölkələrində belə nazirliklər var. Komitənin tərkibində qadınlarla bağlı qanunların icrasının monitorinqinin aparılması ilə bağlı onun hansısa qurumuna ombudsman səlahiyyəti verilməlidir", - millət vəkili bildirib.

O hesab edir ki, məişət zorakılığının qurbanı olan qadınlar üçün yaradılacaq mərkəzlər Komitənin nəzarətində olmalıdır.

"QHT-lərin nəzarətində olarsa, məişət zorakılığının qurbanı olan qadınlar həmin mərkəzlərdə qalmayacaq. Dövlət nəzarətinə verilərsə, qadınlar orada qalarlar", - İbrahimqızı deyib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə bildirib ki, qadınların dövlət orqanlarında, seçkili vəzifələrdə təmsilçiliyinin aşağı olmasının səbəblərindən biri də qadınların özlərinin passivliyi, onların özlərinə inamsız olmalarıdır.

Komitə sədri hesab edir ki, cəmiyyətdə qadınlara qarşı mövcud stereotiplərin aradan qaldırılmasında qadınların özünün fəallığı lazımdır.

O, qadınlar arasında bu sahədə maarifləndirmənin aparılmasına ehtiyac olduğunu deyib.

"Təcrübədə qadınların hüquqlarının təmin olunmasında problemlər var. Bələdiyyə üzvlərinin 26,5 faizi, bələdiyyə sədrlərinin 17,7 faizi, məhkəmə hakimlərinin 14 faizi qadınlardır. 85 icra hakimiyyətindən 35-də müavin qadındı. Amma 1 nəfər qadın icra başçısı yoxdur", - komitə sədri əlavə edib.

Hüseynovanın sözlərinə görə, Azərbaycanda savadlılıq səviyyəsi kişilərlə qadınlar arasında eynidir. "100 təhsil alandan 48-i kişi, 52-si qadındır. Lakin əmək haqqında fərq var. Belə ki, 2010-cu ilin məlumatına görə, kişilərin əməkhaqqı 413 manatdan çox olduğu halda, qadınların əməkhaqqı bunun yarısı qədərdir", - o bildirib.

Xəbər lenti

Xəbər lenti