...

Azərbaycan Ermənistanda keçiriləcək gənclərlə bağlı beynəlxalq tədbirdə iştirakdan imtinanın səbəbini açıqlayıb

Cəmiyyət Materials 27 Mart 2012 16:25 (UTC +04:00)
Azərbaycan Yerevanda təşkil olunacaq "Şərq Tərəfdaşlığı" çərçivəsində gənclər konfransında iştirakı məqbul hesab etməyib.
Azərbaycan Ermənistanda keçiriləcək gənclərlə bağlı beynəlxalq tədbirdə iştirakdan imtinanın səbəbini açıqlayıb

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan Yerevanda təşkil olunacaq "Şərq Tərəfdaşlığı" çərçivəsində gənclər konfransında iştirakı məqbul hesab etməyib.

Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova çərşənbə axşamı Trend-ə bildirib ki, dəfələrlə Azərbaycanda gənclərlə bağlı keçirilən beynəlxalq tədbirlərə dəvət olunsa da və təhlükəsizliyinə tam zəmanət verilsə də Ermənistan iştirakdan imtina edib.

"Son illərdə Bakıda keçirilmiş MDB üzv dövlətlərinin Gənclərlə İş üzrə Şurasının iclası və Avropa Şurası idmana məsul nazirlərin toplantısına Ermənistan dəvət edilmiş və təhlükəsizliyinə tam zəmanət verilmişdi. Lakin Ermənistan tərəfi iştirakdan imtina etdi. Həmçinin, Ermənistan tərəfi bu ilin may ayında Bakının ev sahibliyi edəcəyi "Eurovision" yarışmasına da gəlməkdən imtina edib", - Məmmədova deyib.

O bildirib ki, Ermənistan dəfələrlə təhlükəsizlik məsələlərini bəhanə gətirərək Azərbaycanda keçirilən müxtəlif tədbirlərə gəlməkdən imtina edib. "Lakin nəzərə almaq lazımdır ki, Bakıda keçirilən güləş üzrə dünya çempionatında Ermənistan idmançılarının təhlükəsizliyi yüksək səviyyədə təmin olunmuşdu", - Məmmədova deyib.

Mətbuat katibi qeyd edib ki, bütün bunları nəzərə alaraq, Azərbaycan Yerevanda təşkil olunacaq "Şərq Tərəfdaşlığı" çərçivəsində gənclər konfransında iştirakı məqbul hesab etmir.

Yerevanda 26-28 mart tarixlərində Ermənistan, Gürcüstan, Belarus, Ukrayna və Moldova gənclərinin iştirakı ilə "Şərq Tərəfdaşlığı" çərçivəsində gənclər konfransında gənclərlə bağlı proqramlar müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti