...

Aynur Sofiyeva: Azərbaycanda daha çox küçə uşaqlarının hüquqları pozulur (MÜSAHİBƏ)

Cəmiyyət Materials 1 İyun 2012 09:37 (UTC +04:00)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevanın 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Trend-ə müsahibəsi
Aynur Sofiyeva: Azərbaycanda daha çox küçə uşaqlarının hüquqları pozulur (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 1 iyun / Trend müxbir K.Zərbalıyeva/

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevanın 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Trend-ə müsahibəsi

- Azərbaycanda uşaq hüquqlarının müdafiəsi ilə bağlı hansı tədbirlər həyata keçirilir?

- Azərbaycan Respublikası müstəqilliyini elan etdikdən sonra 1992-ci ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına, 2002-ci ildə (3 avqust) Konvensiyanın 2 Əlavə Protokoluna qoşulmuşdur. 1998-ci ildə BMT-nin Uşaq Hüquqları Haqqında Konvensiyasının müddəalarını özündə əks etdirən Azərbaycan Respublikasının "Uşaq hüquqları haqqında" Qanunu qəbul olunmuşdur. Bu illər ərzində mütəmadi olaraq milli qanunvericilik və normativ-hüquqi aktlar təkmilləşdirilmiş, uşaq hüquqlarının müdafiəsi, onların normal formalaşması, sağlam böyüməsinə yönəlmiş bir çox Dövlət Proqramları, Tədbirlər Planları qəbul edilmişdir.

Bu proqramlar uşaqların hüquq və maraqlarının müdafiəsi, dövlətin vahid uşaq siyasətinin formalaşdırılması, bu siyasətin tənzimlənməsi, həyata keçirilməsinin təmin edilməsi, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyasını inkişaf etdirməyə yönəlmişdir.

2011-ci ildə Milli Məclisdə Ailə Məcəlləsinə əlavə və dəyişiklik edilərək qızların nikah yaşı 17-dən 18-ə qaldırılmışdır.

Eyni zamanda, Cinayət Məcəlləsinə 176-1. maddə əlavə edilmişdir ki, bu maddədə qadını nikaha daxil olmağa məcbur etmə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2010-cu ildə Komitənin təklifi və yaxından iştirakı ilə "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanun qəbul edilmişdir. Qanun məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir.

Bu il isə ölkə başçısı cənab İlham Əliyevin Fərmanı ilə "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası" təsdiq edilmişdir. Qaydalar uşaq sahəsində nəzarətin gücləndirilməsi, müvafiq dövlət orqanlarının uşaq sahəsində fəaliyyətinin əlaqələndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

- Uşaqların müdafiəsi ilə bağlı əsas problemlər hansılardır və uşaq hüquqları daha çox hansı sahələrdə pozulur?

- Bu sahədə hal-hazırda daha çox diqqət yetirilən məsələlər valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün alternativ xidmətlərin yaradılması, erkən nikah və qızların təhsildən yayınmasının qarşısının alınması, baxımsız uşaqların və küçə həyatına məruz qalmış uşaqların reabilitasiyası, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasıdır.
Daha çox küçə həyatına məruz qalmış uşaqlar nəzarətsiz qaldığı üçün onların hüquqlarının pozulması hallarına rast gəlinir.

- Uşaq hüquqlarının müdafiəsi sisteminin möhkəmləndirilməsi üçün hansı zəruri tədbirlərə ehtiyac var?

- Uşaq müdafiəsi sisteminin gücləndirilməsi istiqamətində zəruri tədbirlər məhz uşaq sahəsində fəaliyyət göstərən aidiyyəti orqanların fəaliyyətinin əlaqələndirilməsidir. Ötən ay ölkə başçısı İlham Əliyevin Fərmanı ilə "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"nın təsdiq edilməsi bu sahədə görüləcək işlərin istiqamətini müəyyən etmişdir. Fərmanın icrasını təmin etmək məqsədilə hal-hazırda uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının yaradılması qaydaları hazırlanır. Məlumat bankı uşaq sahəsində nəzarət mexanizminin təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

- Azərbaycanın BMT qarşısında üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı vəziyyət necədir?

- Uşaq Hüquqları Konvensiyası uşaqların hərtərəfli qorunması və müdafiəsini əhatə edən beynəlxalq sənəddir. Məhz bu Konvensiyaya qoşulan ölkələr uşaqların müdafiəsi istiqamətində mütəmadi olaraq BMT-nin Uşaq Hüquqları Komitəsinə hesabat təqdim edir və mütəmadi olaraq Komitə iştirakçı dövlətlərə hesabatlarla bağlı tövsiyələrini verir.

Cari ilin 17-18 yanvar tarixlərində BMT-nin Uşaq Hüquqları Komitəsinin 59-cu sessiyasında Azərbaycan hökumətinin BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının icra vəziyyəti ilə bağlı dördüncü, Konvensiyanın "Uşaq alveri, uşaq fahişəliyi və uşaq pornoqrafiyasına dair" və "Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair" Fakültativ Protokollarının icra vəziyyəti ilə bağlı ilkin hesabatlarının müzakirəsi keçirilmişdir. Müzakirələrin nəticəsi olaraq BMT-nin Uşaq Hüquqları Komitəsi Azərbaycan hökumətinə qarşıdakı 5 il üçün uşaq sahəsində tövsiyələrini təqdim etmişdir. Tövsiyələrdə ötən müddət ərzində hökumət tərəfindən uşaq sahəsində görülmüş işlər, xüsusi olaraq ölkədə uşaq sahəsində həyata keçirilmiş qanunvericilik islahatları, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı atılmış addımlar nailiyyət olaraq qiymətləndirilmişdir.

BMT Komitəsi tərəfindən təqdim edilən hazırkı tövsiyələr xüsusi olaraq uşaq sahəsində effektiv müstəqil monitorinq, uşaq sahəsində fəaliyyətlərin koordinasiyası, uşaq sahəsində milli strategiya, diri doğumun beynəlxalq meyarına keçid, ailə mühitindən məhrum olmuş uşaqların müdafiəsi, sağlamlıq imkanları məhdud uşaqlar üçün ailə əsaslı alternativ qayğının yaradılması və yuvenal ədliyyənin tətbiq edilməsi ilə bağlıdır. Qeyd olunan tövsiyələrlə bağlı tədbirlərin həyata keçirilməsi hökumətin gündəmində duran məsələlərdir.

- İndiyədək Azərbaycanda yuvenal ədliyyə sisteminin yaradılmaması nə ilə bağlıdır və bu istiqamətdə Komitənin fəaliyyəti barədə məlumat verərdiniz.

- Hökumətin diqqətində olan əhəmiyyətli məsələlərdən biri də yuvenal ədliyyə sahəsində islahatlardır. Bu məqsədlə "Yuvenal ədliyyə haqqında" Qanun layihəsi hazırlanaraq geniş ictimai müzakirələrə çıxarılmışdır. Bu istiqamətdə məhkəmə və hüquq-mühafizə sisteminin əsas işçilərinin bacarıqlarının artırılması, cinayət törətmiş yeniyetmələrə qarşı həbs cəzasına alternativ olan cəzaların tətbiq edilməsi üzrə modellərin tərtib edilməsinə əlverişli şəraitin yaradılması, cinayət qurbanları və şahidləri olan yeniyetmələrin müdafiəsi üçün xüsusi tədbirlərin görülməsi, eləcə də yuvenal ədliyyə sisteminin yaradılması üçün tələb olunan struktur-təşkilatlanma və hüquqi dəyişikliklərin müəyyən edilməsi və dəstəklənməsi işləri həyata keçirilir. Ümumiyyətlə, son illər Azərbaycanda yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquqpozmaların sayında azalma müşahidə edilir və onlar da daha çox alternativ xidmətlərə cəlb edilir. Məhz bu səbəbdən ölkədə ayrıca yuvenal məhkəmələrin, yuvenal polisin yaradılması səmərəli hesab edilmir. Hüquqpozmaları törədən uşaqların işlərinə xüsusi təcrübəsi olan hakimlərin baxması, eləcə də polis bölmələrində polis uşaq otaqlarının yaradılması bu sahədə əsas islahatlardır.

Xəbər lenti

Xəbər lenti