...

Misir Mərdanov: Müəllim adına layiq olmayanları məktəbdən uzaqlaşdırmaqda çox ciddi çətinliklər çəkirik (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 10 Sentyabr 2012 12:28 (UTC +04:00)
Uzun illər müəllim adına layiq olmayan çoxsaylı adamlar az saatlar hesabına işə götürülüblər, bu gün biz onları məktəbdən uzaqlaşdırmaqda çox ciddi çətinliklər çəkirik.
Misir Mərdanov: Müəllim adına layiq olmayanları məktəbdən uzaqlaşdırmaqda çox ciddi çətinliklər çəkirik (ƏLAVƏ OLUNUB)

Nazirin sözləri əlavə olunub (ilk xəbər saat 12:28-də yayılıb)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Uzun illər müəllim adına layiq olmayan çoxsaylı adamlar az saatlar hesabına işə götürülüblər, bu gün biz onları məktəbdən uzaqlaşdırmaqda çox ciddi çətinliklər çəkirik. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov Bakının təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Bu gün də məktəbdə müəllimin həlledici sima olduğunu deyən nazirin sözlərinə görə, belə müəllimlərin məktəbdən uzaqlaşdırılması üçün çox ciddi şəkildə iş aparılmasa, təhsili istənilən səviyyəyə qaldırmaq mümkün olmayacaq.

"Əgər biz davamlı olaraq ulu öndərin "Təhsil millətimizin gələcəyidir" sözlərini, möhtərəm Prezidentimizin Azərbaycan müəllimlərinin əməyinin yüksək qiymətləndirilməsi sahəsində çoxsaylı fikirlərini xatırlasaq, hər adamı məktəbə müəllim götürə bilmərik", - Mərdanov deyib.

O bildirib ki, məktəbə gedən, müəllim təyinatı alan şəxs həm bacarığı, həm biliyi baxımından seçilmiş olmalıdır.

"Əgər müəllim 45 dəqiqə ərzində qan-tər töküb sinifdən çıxmırsa, ona müəllim deməməliyik. Mən Azərbaycanın gələcəyini yalnız və yalnız bunda görürəm. Biz cəmiyyətin təhsilə olan münasibətini dəyişməliyik", - nazir əlavə edib.

Mərdanov deyib ki, orta məktəblərdəki şagirdlərin sayı bir il ərzində 13662 nəfər artıb: "Bu, sevindirici haldır. Xeyli müddət idi ki, şagirdlərin sayında azalma gedirdi. Son bir neçə il ərzində bu sayda artım müşahidə olunur. Bu il isə bu say daha da artıb".

Nazir deyib ki, son bir il ərzində Azərbaycanın dövlət büdcəsindən təhsilə ayrılan vəsait təxminən 300 milyon manat artıb. 2011-ci ildə Azərbaycanın dövlət büdcəsinin 1 milyard 268 milyon manatı təhsilə ayrılmışdısa, 2012-ci ilin büdcəsində bu vəsait 1 milyard 515 milyon manat olub. Təhsilə qoyulan investisiya xərcləri 2011-ci ildə 273, 2 milyon manatdan 2012-ci ildə isə 420 milyon manata yüksəlib.

Bununla yanaşı, 2011-2012-ci tədris ilində Azərbaycanda 4502 ümumtəhsil məktəbi olub, 2012-2013-cü tədris ilində isə məktəblərin sayı 4505-ə çatıb.

Xəbər lenti

Xəbər lenti