Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir E.Tariverdiyeva/
"Euronews" telekanalının saytında Azərbaycan regionlarından biri haqqında süjet təqdim olunub.
Süjetdə bildirilir ki, Qafqaz 50-dən artıq etnik qrupun və müxtəlif dini inanclara malik insanların birgə yaşadığı regiondur: "Din və ictimai xadimlər müxtəlif mədəniyyət və dini münasibətlərlə bağlı problemləri müzakirə etmək məqsədilə bu yaxınlarda Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində bir araya gəliblər."
"Euronews" məlumatlandırır: "Azərbaycan Qafqaz mədəniyyət mozaikasının nümunələrindən biridir. Qafqazda, əvvəlki kimi, son dərəcə təcrid edilmiş icmalara da rast gəlmək olar".
"Euronews" Qafqaz dağlarının Azərbaycan tərəfində, Quba rayonunun 2300 metr hündürlükdə yerləşən Xınalıq kəndinə yola düşüb.
Süjetdə bildirilir: "Xınalıq sakinləri həm Azərbaycan dilində, həm də öz dialektlərində danışırlar. Təxminən 2000 sakini olan kənd Azərbaycanın ən qədim və ucqar kəndlərindən və Avropada insanların məskunlaşdığı ən yüksək dağlıq yerlərdən biridir".
Kənd sakini "Euronews"a müsahibəsində bildirib ki, bu etnik qrupun tarixini, mədəniyyətini və dilini qorumaq çox vacibdir: "Bizim əcdadlarımız 6 min il ərzində burada yaşayıblar və bizdə insanların az məskunlaşdığı belə ərazilərin olduğunu dünyaya göstərmək əhəmiyyətlidir".
Kəndin əksər sakinləri öz evlərini sakit və tənha yerdə yaşamaq istəyən xarici turistlərə kirayə verirlər.
Azərbaycanın Quba rayonunda "Qırmızı" qəsəbə də yerləşir. Bu qəsəbədə həm də öz dillərində danışan yəhudilər məskunlaşıb.
Süjetdə deyilir: "Bəzi məlumatlara görə, yəhudi icması təxminən eramızdan 500 il əvvəl Azərbaycanda məskunlaşıb. Uzun illər boyunca bu icmanın nümayəndələri Yaxın Şərq münaqişəsindən uzaqda, Qafqazın bu hissəsində müsəlmanlarla qonşuluq şəraitində yaşayırlar".
Ravvin Elazar Nisimovun sözlərinə görə, yəhudi və müsəlman xalqları bir ağacın budaqlarıdır və Azərbaycanda hamı bunu anlayır. Qarşılıqlı dözümlülüyə baxmayaraq, xalqlar qarışmır və hər hansı gərginlik olmadan bir yerdə yaşayırlar.
Süjetdə bildirilir: "Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu konseptual çərçivələr və idarəetmədən siyasət və praktikaya qədər bir çox problemlərin müzakirə edildiyi meydança oldu. Forumun ümumi ideyası tolerantlığın mümkün olması ilə tamamlandı".