...

Ölkəmizdə "hüquqi maliyyələşdirmə" institutunun tətbiqi nə dərəcədə mümkündür?

Cəmiyyət Materials 21 Oktyabr 2015 20:16 (UTC +04:00)
Dünya hüquq praktikası günbəgün inkşaf etməkdə, keyfiyyət baxımından yeni xarakter almaqdadır. Hüquqi xidmətlərin göstərilməsində də yeni metodlardan, dövrün tələbləri ilə uzlaşan texnologiyalardan istifadə artıq reallığa çevrilib.
Ölkəmizdə "hüquqi maliyyələşdirmə" institutunun tətbiqi nə dərəcədə mümkündür?

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Dünya hüquq praktikası günbəgün inkşaf etməkdə, keyfiyyət baxımından yeni xarakter almaqdadır. Hüquqi xidmətlərin göstərilməsində də yeni metodlardan, dövrün tələbləri ilə uzlaşan texnologiyalardan istifadə artıq reallığa çevrilib.

Hazırda Qərbdə, xüsusilə ABŞ, Almaniya, İngiltərə və bir sıra digər inkişaf etmiş ölkələrdə formalaşmış yeni institut olan "hüquqi maliyyələşdirmə" barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, vəkil Anar Bağırov bunları deyib:

"Bu gün Qərb ölkələrində hüquqi maliyyələşdirmə ilə məşğul olan xüsusi şirkətlər mövcuddur. Hər hansı mülki məhkəmə mübahisəsi olan şirkət və ya şəxs (əsasən, iddiaçı) hüquqi maliyyələşdirmə xidməti göstərən şirkətə yaxınlaşaraq ondan öz məhkəmə işinə dair çıxa biləcək xərcləri qarşılaması üçün müraciət edir. Şirkəti isə müraciət əsasında işin mahiyyətini araşdıraraq maliyyənin ayrılıb-ayrılmaması barədə qərar qəbul edir. Əgər nəticədə müraciətçi məhkəmədə qalib gələrsə, mülki iddia nəticəsində udulan məbləğdən maliyyələşdirmə aparan şirkətə müəyyən faiz ödənilir. Lakin iddiaçı məhkəmə işini uduzarsa, şirkət tərəfindən ödənilmiş məbləğ geri qaytarılmır. Buna görə də maliyyə ayıran şirkətlər maliyyə ayırarkən çalışırlar ki, həm işin məhkəmə perspektivi yüksək olsun, həmçinin iddia məbləği böyük olsun. Ümumiyyətlə, maliyyə ayrılan işlər əsasən fərdi qəza və iqtisadi mübahisələrə aiddir.

Həmçinin təcrübəyə əsasən, müraciətçiyə maliyyə ayıran şirkətlər ona nə vəkil, nə də hüquqi məsləhət verir. Mürəciətçi artıq əvvəldən özünə vəkil tutmalı və həmin xərci özü qarşılamalıdır. Şirkət isə həmin xərci müraciətçiyə kompensasiya edir".

Lakin burada belə bir sual doğur: Əslində, bəzən şəxslər (şirkətlər və ya vətəndaşlar) özlərinin kifayət qədər daxili maliyyə imkanları ola-ola nəyə görə hüquqi maliyyələşdirmə şirkətlərinə müraciət edirlər? Qeyd olunan məqamla bağlı vəkil deyib: "Bəli, orta ölçülü şirkət 100 minlik iddia ilə bağlı məhkəmə xərclərini özü də qarşılaya bilər, lakin iddia məbləği 1-2 milyon və daha artıq məbləği aşdıqda həmin şirkətlər məhkəməni uduzacaqları təqdirdə şirkət büdcəsinin hansı vəziyyətə düşəcəyi təsəvvür oluna bilər. Bu cür qeyri-müəyyənlikdə məhkəmə mübahisəsi olan şəxslərin çıxış yolu "hüquqi maliyyələşdirmə" institutudur".

Ölkəmizdə bu praktikadan hələ ki institusional səviyyədə istifadə olunmur. Lakin bazar münasibətləri daha da inkişaf etdikcə "hüquqi maliyyələşdirmə" mexanizmindən istifadə labüdləşəcək. Əslində, Qərb ölkələrinin özündə belə, qeyd olunan mexanizmdən 2000-ci illərin əvvəllərindən istifadə olunmağa başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti