...

Hadı Rəcəbli: Azərbaycanda ucuz hotellərin sayı azdır

Cəmiyyət Materials 30 Mart 2016 17:13 (UTC +04:00)
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “Turizm haqqında” yeni qanun layihəsinin ilkin variantı müzakirə edilib.
Hadı Rəcəbli: Azərbaycanda ucuz hotellərin sayı azdır

Bakı. İlhamə İsabalayeva - Trend:

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında "Turizm haqqında" yeni qanun layihəsinin ilkin variantı müzakirə edilib.

Trend-in məlumatına görə, iclasda çıxış edən komitə sədri Hadi Rəcəbli deyib ki, "Turizm haqqında" hazırkı qanun 1999-cu ildə qəbul olunub: "Bu qanun artıq müasir dövrün tələblərinə cavab vermir. Buna görə də "Turizm haqqında" yeni qanun layihəsinin hazırlanması üçün işçi qrupu yaradılıb. "Turizm haqqında" qanunun qəbulundan 17 il keçib. Hazırda bizim əlimizdə dünyanın bir çox ölkələrinin - Qazaxıstan, Belarus, Rusiya və digərlərinin qanunları var. Yeni qanun layihəsinin hazırlanması ilə əlaqədar işçi qrupu yaratmışıq və ölkələrin təcrübələrini öyrənmişik. Milli Məclisin spikerinin dəstəyi ilə materiallar işçi qrupu tərəfindən işlənib hazırlanıb".

Azərbaycanda turizmin böyük potensialının olduğunu deyən H.Rəcəbli bildirib ki, Azərbaycanda 2001-ci ildə 80-dən çox mehmanxana var idisə, indi onların sayı 400-ü keçib: "Bu gün ölkəmizdə 223 muzey, 29 teatr, 6300 tarixi abidə, 27 qoruq var. Turizm potensialı böyükdür, eyni zamanda çatışmayan məsələlər də var. Ölkəmizdə yolların tikilməsinə baxmayaraq, bəzi ərazilərdə hələ də yol yoxdur. Hotellərin tikilməsinə baxmayaraq, ucuz hotellərin sayı azdır. Görülməsi vacib olan işlərimiz görülənlərdən qat-qat çoxdur".

Komitə sədri deyib ki, Azərbaycanda da Rusiyada olduğu kimi məktəb turizmi yaratmaq olar: "Bu gün daxili turizmlə bağlı böyük işlər görülüb. Türkiyə Rusiya bazarından geri çəkildikdən sonra boşluqlar yaranıb. Bu boşluqları doldurmaq üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mühüm işlər görülür. Oradakı turistlərin 10 faizini Azərbaycana cəlb edə bilsək, nəyəsə nail ola bilərik".

H.Rəcəbli onu da qeyd edib ki, layihənin Milli Məclisin yaz sessiyası dövründə tam hazır olması və plenar iclasa tövsiyə olunması nəzərdə tutulur.

Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov bildirib ki, əvvəlki qanunda olan bir çox məsələlər yeni layihədə çıxarılıb. Ümumdünya Turizm Təşkilatının ekspertlərinin tövsiyəsi ilə hazırlanan yeni qanun layihəsinə turizm sahəsi üzrə bir çox vacib məsələlər daxil edilib ki, bütün bunlar da turizmin inkişafına şərait yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti