...

Bilik Fondu ədəbiyyat müəllimlərini topladı (FOTO)

Cəmiyyət Materials 26 May 2016 15:22 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda Azərbaycan Prezidenti İlham Əliyevin elmlə təhsilin vəhdəti, alimlərin məktəblə əlaqələrinin möhkəmləndirilməsi, maarifləndirmə işlərinin genişləndirilməsi sahəsində qarşıya mühüm vəzifələrə əsaslanaraq, silsilə tədbirlər, dəyirmi masalar həyata keçirir.
Bilik Fondu ədəbiyyat müəllimlərini topladı (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda Azərbaycan Prezidenti İlham Əliyevin elmlə təhsilin vəhdəti, alimlərin məktəblə əlaqələrinin möhkəmləndirilməsi, maarifləndirmə işlərinin genişləndirilməsi sahəsində qarşıya mühüm vəzifələrə əsaslanaraq, silsilə tədbirlər, dəyirmi masalar həyata keçirir.

Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, mayın 25-də Bilik Fondu və AMEA Folklor İnstitutunun birgə təşkilatçılığı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında "Ədəbiyyat fənninin tədrisinə innnovativ yanaşma" mövzusunda dəyirmi masa keçirilib.

Bakı şəhərinin orta məktəblərində çalışan ədəbiyyat müəllimlərini bir araya gətirən bu tədbirin əsas məqsədi ədəbiyyat fənninin tədrisində, eləcə də ali məktəblərə qəbul zamanı test imtahanlarında yaranan problemlərə aydınlıq gətirmək, müəllimləri müasir tədris metodları barədə maarifləndirmək, həmçinin yeni test modelləri ilə tanış etmək idi.

Tədbiri giriş sözü ilə açan Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev müasir dövrün tələblərinə cavab verən, çağdaş nəsil yetişdirməyin vacibliyini vurğulayaraq, Bilik Fondunun maarifləndirici funksiyasından söz açıb.

AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Dövlət İmtahan Mərkəzinin ədəbiyyat fənni üzrə komissiyasının sədri, Ədəbiyyat fənni üzrə elmi-metodik seminarın rəhbəri Muxtar İmanov ədəbiyyatın məqsəd və vəzifələrindən, ədəbiyyat dərsliklərindəki mövcud problemlərdən danışıb.

Şagirdlərin bədii ədəbiyyata az maraq göstərdiyini vurğulayan M.İmanov qəbul imtahanlarında yüksək nəticələrin əldə olunmamasının səbəblərinə də toxunub.

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Dövlət İmtahan Mərkəzinin ədəbiyyat fənni üzrə komissiyasının sədr müavini, filologiya üzrə elmlər doktoru Atəmi Mirzəyev müəllimləri yeni test modelləri ilə tanış edib.

AMEA Folklor İnstitutunun şöbə müdiri, ədəbiyyat fənni üzrə ekspert, professor Kamran Əliyev tədrisin keyfiyyətinin yaxşılaşdırılması üçün onun metodikasının yaxşılaşdırılmasının vacibliyini vurğulayıb, ədəbiyyat dərsinin tədrisi ilə bağlı müəllimlərin marağına səbəb olan bəzi metodik məsləhətlər verib.

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, ədəbiyyat fənni üzrə ekspert, professor İslam Qəribli kurikulumla bağlı dərsliklərdə yaranmış problemlərə aydınlıq gətirib.

Müzakirələr əsasında davam edən tədbirdə maraqlı təkliflər səslənib. Müəllimlər belə dəyirmi masaların vaxtaşırı keçirilməsinin səmərəli nəticələr verəcəyinə əmin olduqlarını bildiriblər.

Sonda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin baş məsləhətçisi Sabir Həmidov belə müzakirələrin bütün fənlər üzrə keçirilməsinin məqsədəuyğun olduğunu dilə gətirib və orta məktəblərdə tədrisin keyfiyyətinin artırılmasına, həmçinin qabaqcıl təcrübələrin mübadiləsinə imkan yaratdığını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti