...

Azərbaycanın telekanallarında məhdudiyyət tətbiq ediləcək - Hansı saatda və səbəbdən?

Cəmiyyət Materials 21 İyun 2018 07:50 (UTC +04:00)
Azərbaycanda telekanallarda “16+” yaş kateqoriyası üçün nəzərdə tutulan informasiyaların yayımına məhdudiyyət qoyulacaq.
Azərbaycanın telekanallarında məhdudiyyət tətbiq ediləcək - Hansı saatda və səbəbdən?

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda telekanallarda “16+” yaş kateqoriyası üçün nəzərdə tutulan qorxu məzmunlu informasiyaların yerli vaxtla saat 7-dən 21-dək, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaların, eləcə də erotik məzmunlu informasiyaların yerli vaxtla saat 6-dan 23-dək yayımına məhdudiyyət qoyulacaq.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisdə I oxunuşda qəbul edilən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə görə, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyalara zorakılığı və qəddarlığı, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən, ailə institutunu nüfuzdan salan, əxlaqdan kənar leksik (söyüş) məzmunlu, pornoqrafik xarakterli informasiyalar aiddir.

Teleradio yayımı vasitəsi ilə "Universal", "6-", "6+" və "12+" yaş kateqoriyalarına aid informasiya məhsullarının yayımlanmasına isə vaxt məhdudiyyəti qoyulmayacaq.

Layihədə müxtəlif yaş qrupuna aid olan uşaqların normaya uyğun psixi inkişafının xüsusiyyətləri nəzərə alınmaqla informasiya məhsulunun yaş kateqoriyasına uyğun təsnifatı da aparılıb.

Bu təsnifata uyğun olaraq, "Universal" yaş kateqoriyasına aid edilən informasiyaların istənilən yaş qrupları üzrə dövriyyəsinə məhdudiyyət qoyulmayacaq.

"6 yaşadək" yaş kateqoriyasına aid olan infromasiyaların 6 yaşı tamam olmamış uşaqlar, "6 yaşdan" yaş kateqoriyasına aid olan infromasiyaların 6 yaşı tamam olmuş uşaqlar, "12 yaşdan" yaş kateqoriyasına aid olan infromasiyaların 12 yaşı tamam olmuş uşaqlar, "16 yaşdan" yaş kateqoriyasına aid olan infromasiyaların 16 yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol veriləcək.

"18 yaşdan" yaş kateqoriyasına aid olan infromasiyaların uşaqlar arasında dövriyyəsinə yol verilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti