...

Ermənidilli toponimlər azərbaycancadan tərcümələr və qondarma coğrafi adlardan ibarətdir - İnstitut direktoru

Cəmiyyət Materials 16 Oktyabr 2020 09:53 (UTC +04:00)
Ermənidilli toponimlər azərbaycancadan tərcümələr və qondarma coğrafi adlardan ibarətdir - İnstitut direktoru

Bakı. İlhamə İsabalayeva – Trend:

Yeni yaradılan erməni dilli coğrafi adların bir qismi Azərbaycan dilindən erməni dilinə eyni ilə tərcümələrdən, digər qismi isə tarixi Azərbaycan toponimlərinə yad olan qondarma coğrafi adlardan ibarətdir.

Trend-in məlumatına görə, bunu AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova deyib.

Onun sözlərinə görə, bütün dünyaya özlərini “Qafqaz xalqı” və Qarabağı “qədim yurdları” kimi tanıtmağa çalışan ermənilər, XIX əsrdə Rusiyanın Qacar və Osmanlı dövləti ilə bağladığı Türkmənçay və Ədirnə sülh müqavilələri nəticəsində Azərbaycana köçürülərək məskunlaşmağa başlamışlar:

"Bu proses hələ XVIII əsrdə Pyotrun hakimiyyəti illərində həyata keçirilməyə çalışılsa da, 100 il sonra gerçəkləşdirildi. Qeyd olunan bu fakt bir çox mənbələrdə, eləcə də çar Rusiyasının arxiv mənbələrində açıq şəkildə qeyd olunmuşdur. Ermənilərin hazırda yaşadıqları ərazilərə köçürülmə olmasını təsdiq edən mənbələr olduğu kimi, Azərbaycan xalqının əcdadlarının həmin ərazilərin avtoxton əhalisi olmasını təsdiq edən külli miqdarda qaynaqlar var. Bunların bir çoxu da antik dövr qaynaqlarıdır. Qədim zamanlardan başlayaraq azərbaycanlıların yaşamış olduğu əzəli ərazilərdə indi azərbaycanlı yoxdur. Ermənilərin 1828-ci ildən başlatdığı azərbaycanlıların sistematik və planlı surətdə qovulub çıxarılması prosesi 1988-ci ildə sona çatdırıldı. Həmin il azərbaycanlıların axırıncı hissəsi erməni millətçiləri tərəfindən doğma şəhər və kəndlərindən deportasiya edildi. Bu tale həm də min illər boyu yaranmış coğrafi adların – toponimlərin tam genosidi ilə başa çatdı. Azərbaycanlı əhali qovulduqca onların kəndləri dağıdılır, adları məhv edilirdi. Hələ 1935-ci ildən etibarən yeni və həm də tam uydurma erməni adları ilə əvəz olunmalar başlandı.

Mənfur qonşularımız bu gün nəinki qədim torpaqlarımıza, hətta mədəniyyətimizi, tariximizi saxtakarlıqla mənimsəməyə çalışır, Qarabağın guya “yerli əhalisi” olduğunu hər vəchlə sübut etməyə çalışırlar. Bu məqsədlə düşmənlər tərəfindən işğal olunmuş ərazilərdə mövcud olan tarixi-memarlıq abidələrimiz ya tamamilə məhv edilir, ya da erməniləşdirilir. “Erməniləşdirmə” prosesi daha çox Azərbaycanın, eləcə də Qarabağın aborigen əhalisi olan və IV əsrdə rəsmi olaraq xristianlığı qəbul etmiş albanlara məxsus kilsələrdə və digər dini abidələrdə aparılır. Bununla da mənbələr onların əleyhinə olduğu halda, onlar Qarabağın guya “köklü əhalisi” olduqlarını dünyaya göstərməyə çalışırlar.

Ermənilər azərbaycanlıların Ermənistan ərazisində tarixi izini silmək üçün qədim türklərə məxsus xaçdaşları, balıq və ilan şəkilli daşları, qoç heykəlləri harada varsa məhv etmişlər. Naxçıvanın Batabat yaylağındakı abidənin taleyi də digərləri kimi acınacaqlı olmuşdur. Ermənilərin «vişap» adı altında təqdim etdikləri digər abidələr isə əsas etibarilə öküz, at və qoç heykəlləridir. Bu isə regionda türk etnosunun mövcudluğunun izlərini gizlətmək, eyni zamanda Qaraqoyunlu, Ağqoyunlu dövlətlərinə aid qədim məzar daşlarını erməniləşdirmək məqsədilə edilən saxtakarlıq cəhdidir.

İşğal edilmiş ərazilərdə mədəni və tarixi abidələrin məhv edilməsi, hər hansı arxeoloji qazıntının aparılması beynəlxalq hüquq və qəbul edilmiş konvensiyalarla ziddiyyət təşkil etsə də, ermənilər Azərbaycanın ən qədim abidəsi hesab edilən və dünyada ən qədim yaşayış yerlərindən biri kimi qəbul edilən Azıx mağarasında qanunsuz arxeoloji qazıntı işləri də aparmışlar. Bu tədqiqat işləri tanınmamış qondarma "Dağlıq Qarabağ Respublikası"nın himayəsi altında aparılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti