...

Sərnişin və yük daşımalarına görə icazənin alınması üçün tələb olunan sənədlər müəyyənləşib

Cəmiyyət Materials 18 Avqust 2023 12:19 (UTC +04:00)
Sərnişin və yük daşımalarına görə icazənin alınması üçün tələb olunan sənədlər müəyyənləşib

Bakı. Trend:

Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində icazənin alınması üçün tələb olunan sənədlər müəyyənləşib.

Trend-in xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanunda qeyd edilib ki, Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi üçün hüquqi şəxs və ya fərdi sahibkar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) "Lisenziyalar və icazələr haqqında" qanun ilə müəyyən edilmiş sənədlərdən başqa, aşağıdakı sənədləri (skar edərək) və məlumatları elektron qaydada təqdim etməlidir;

- ərizəçi hüquqi şəxs olduqda, onun idarəetmə orqanını, rəhbəri (rəhbərləri) haqqında məlumatlar (soyadı, adı, atasının adı və vəzifəsi).

- məsul şəxs (şəxslər) haqqında məlumatlar (soyadı, adı, atasının adı və fərdi identifikasiya nömrəsi), məsul şəxsin (şəxslərin) müəyyən olunmasını təsdiq edən sənədin surəti;

- beynəlxalq daşımalarda istifadə edilməsi nəzərdə tutulan, mülkiyyət istifadə və ya icarə hüququ ilə malik olduğu avtonəqliyyat vasitələri barədə məlumatlar (dövlət qeydiyyat nişanı, markası, modeli, tipi, buraxılış ili, ekoloji sinfi (əgər mövcuddursa), ban nömrəsi);

- barəsində məlumat təqdim olunan avtonəqliyyat vasitələrindən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin sürəti,

- sürücü (sürücülər) haqqında məlumatlar (adı, soyadı və atasının adı), sürücünün (sürücülərin) avtonəqliyyat vasitələrini idarə soyadı etmək hüququnu təsdiq edən müvafiq kateqoriyalı (altkateqoriyalı) sürücülük vəsiqəsinin (vəsiqələrinin) surəti və əmək müqaviləsinə dair məlumat (daşıyıcı ilə sürücü eyni şəxs olan hal istisna olmaqla);

- avtonəqliyyat vasitəsinə (vasitələrinə) texniki xidmət göstərilməsi, onun (onların) saz vəziyyətdə saxlanılması və təmiri üçün texniki-təmir stansiyasının (sahəsinin) olmasını təsdiq edən sənədin və ya belə xidmətləri göstərəcək şəxs (şəxslər) ilə bağlanılmış müqavilənin (müqavilələrin) surəti;

- fərdi sahibkarın və ya hüquqi şəxsin idarəetmə orqanının rəhbərinin (rəhbərlərinin), məsul şəxsinin (şəxslərinin) həyat və sağlamlıq əleyhinə, mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət sahəsində, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə, insan alveri və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, qulluq mənafeyi əleyhinə olan ağır və (və ya) xüsusilə ağır cinayətlərə görə məhkumluğunun olmaması, müvafiq vəzifəni tutması və ya müvafiq fəaliyyətlə məşğul olması hüququndan məhrumetmə ilə bağlı məhkəmə qərarının olmamasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən arayış;

- ərizənin verildiyi günədək kənar (müstəqil) auditor tərəfindən təsdiq edilmiş son hesabat dövrünə aid maliyyə hesabatları, aktivləri barədə məlumat və ya maliyyə vəziyyəti barədə bank arayışı;

- operatorun məsul şəxsinin (səxslərinin), habelə sürücüsünün (sürücülərinin) hazırlıqdan keçməsi;

- sürücünün iş və istirahət dövrlərinə dair müvafiq məlumatların taxoqrafdan yüklənilməsi üçün istifadə edilən daşıyıcı kartının və müvafiq kateqoriyalı (altkateqoriyalı) sürücülük vəsiqəsi olan avtonəqliyyat vasitələri sürücülərinin rəqəmsal taxoqraf kartlarının olması barədə məlumat.

Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi almaq üçün hüquqi şəxs və ya fərdi sahibkar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) aşağıdakı sənədləri (skan edərək) və məlumatları elektron qaydada təqdim etməlidir:

- fərdi sahibkar olduqda, şəxsiyyətini təsdiq edən sənədi, hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışı;

- vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnaməsi;

- hüquqi şəxsin və ya fərdi sahibkarın mülkiyyət, istifadə və ya icarə malik olduğu avtonəqliyyat vasitələrinin dövlət qeydiyyat hüququ əsasında şəhadətnaməsi.

Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə üçün hüquqi şəxs və ya fərdi sahibkar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) "Lisenziyalar və icazələr haqqında" qanun ilə müəyyən edilmiş sənədlərdən başqa, aşağıdakı sənədləri (skan edərək) və məlumatları elektron qaydada təqdim etməlidir:

- sürücülərin müvafiq kateqoriyalı (altkateqoriyalı) sürücülük vəsiqəsi;

- hüquqi şəxsin və ya fərdi sahibkarın mülkiyyət, istifadə və ya icarə hüququ əsasında malik olduğu avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatı şəhadətnaməsi;

- ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin, o cümlədən taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədlər;

- avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənəd və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və ya tibb məntəqəsi ilə müqavilə;

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi hallarda müntəzəm sərnişin daşımalarının həyata keçirilməsi nəzərdə tutulan avtonəqliyyat vasitələrinin gediş haqqının elektron qaydada ödənilməsi üçün ödəniş alətləri ilə təchiz olunması barədə məlumat;

- taksi minik avtomobillərində taksometrin (taksometr funksiyalarının proqram təminatı əsasında həyata keçirildiyi hallar istisna olmaqla) metroloji yoxlamadan keçməsini təsdiq edən şəhadətnamə;

- sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumat;

- Lisenziyalar və icazələr haqqında" qanunamüvafiq olaraq, dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (bu maddə ilə nəzərdə tutulan digər sənədlərdə çatışmazlıqlar müəyyən edilmədikdə təqdim olunur).

Taksi sifarişi operatoru fəaliyyətinə icazə almaq istəyən hüquqi şəxslər və ya fərdi sahibkar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) "Lisenziyalar və icazələr haqqında" qanun ilə müəyyən edilmiş sənədlərdən başqa, aşağıdakı sənədləri (skan edərək) və məlumatları elektron qaydada təqdim etməlidir:

- müraciət edən şəxsin internet informasiya ehtiyatı və taksi sifarişi operatoru fəaliyyəti üçün istifadə etdiyi bütün telekommunikasiya vasitələri, o cümlədən mobil tətbiqlər barədə məlumat;

- taksi sifarişi xidmətinin göstərilməsi üçün Azərbaycan Respublikasının ərazisində yerləşən filial və ya nümayəndəliyi barədə məlumat;

- Lisenziyalar və icazələr haqqında" qanuna müvafiq olaraq, dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (bu maddə ilə nəzərdə tutulan digər sənədlərdə çatışmazlıqlar müəyyən edilmədikdə təqdim olunmalıdır).

Qeyd olunan sənədlərin və məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar müraciət edən şəxsdən tələb edilməyəcək. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunacaq və ya müraciət edən şəxs tərəfindən təmin ediləcək.

Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına dair icazələr və onların əlavələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada veriləcək. İcazəni almış şəxs həmin icazəni çap edə və kağız daşıyıcıda istifadə edə bilər. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazə verildikdə daşıyıcıya elektron qaydada avtonəqliyyat vasitələrinin sayına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən buraxılış kartı veriləcək. Buraxılış kartı daşıyıcının həmin avtonəqliyyat vasitəsi ilə sərnişin və yük daşımalarını həyata keçirmək üçün icazəyə malik olduğunu təsdiq edəcək. Buraxılış kartının hüquqi qüvvəsinin dayandırılması, bərpası, ləğvi və yeni buraxılış kartının verilməsi ilə bağlı inzibati icraat "Lisenziyalar va icazələr haqqında" və "inzibati icraat haqqında" qanunlar uyğun olaraq həyata keçiriləcək. Avtonəqliyyat vasitələrinin sayı artdıqda, yaxud avtonəqliyyat vasitəsi başqası ilə əvəz olunduqda, hüquqi şəxs və ya fərdi sahibkar yeni buraxılış kartının verilməsi haqqında müraciət etməlidir. Yeni buraxılış kartının verilməsi haqqında müraciətə "Lisenziyalar və icazələr haqqında" qanunda nəzərdə tutulan qaydada və müddətdə baxılacaq.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu qanunda və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda və qaydada avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına verilmiş icazənin dublikatını verəcək, icazəni yenidən rəsmiləşdirəcək, dayandıracaq, bərpa edəcək və ləğv edəcək.

Avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, habelə ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin və onların əlavələrinin sayına məhdudiyyətlər tətbiq edə bilər. Məhdudiyyətlər tətbiq edilməzdən 60 (altmış) gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müvafiq əsasları göstərməklə, mediada məlumat verməlidir.

Qanun 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti