Bakı. Trend:
Humanizmdən ən çox bəhs edən Fransanın Ruanda və Əlcəzairdə insanları kütləvi şəkildə soyqırımına məruz qoymasını heç kim unutmayıb.
Trend-in xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev “Müasir çağırışlar: birgəyaşayışın Azərbaycan nümunəsi” mövzusunda konfransdakı çıxışı zamanı deyib.
O qeyd edib ki, Allah bizi müqəddəs Quranda birgəyaşayışa çağırır və dəvət edir.
“Fransa bu gün dünyada humanizmdən, birgəyaşayışdan ən çox bəhs edən ölkələrdən biridir. Lakin bu ölkənin Ruanda, Əlcəzairdə insanları kütləvi şəkildə soyqırımına məruz qoymasını heç kim unutmayıb.
Hazırda oxşar mənzərələr Azərbaycanda Qubada, Şuşada, Xocalıda da var və 44 günlük Vətən müharibəsindən sonra işğal edilmiş ərazilərdən hələ də kütləvi məzarlıqlar tapılır. Bu qırğınlar fransızlara, ermənilərə nə verib?”, - QMİ nümayəndəsi əlavə edib.
F.Nurullayev vurğulayıb ki, indi Azərbaycan əsgəri sərhəddə erməni sakinlərə su, çörək verir:
“Bu, İslamın buyurduğu insani dəyərlərdir. Biz birgəyaşayışı, insanların dininə hörmət etməyi İslamdan öyrənmişik”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən sentyabrın 29-da “Müasir çağırışlar: birgəyaşayışın Azərbaycan nümunəsi” mövzusunda konfrans keçirilir.