Bakı. Trend:
Öd daşı xəstəliyinin əmələ gəlməsində iştirak edən əsas amillərindən biri də yaş faktorudur. Müasir dövrdə ÖDX-nin yaşlı nəsil arasında həzm traktı orqanlarının ən çox yayılan patologiyalardan biri hesab edilir. Bu barədə Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Əliniyaz Məmmədov deyib.
Trend Ə.Məmmədov ilə müsahibəni təqdim edir:
- Əliniyaz müəllim, ilk öncə bilmək istərdik ki, öd daşı xəstəliyinin əmələ gəlməsində cinsi mənsubiyyətlik faktorun əhəmiyyəti varmı?
- Öd daşı xəstəliyi (ÖDX) xoş xassəli xəstəliklər qrupuna aid
olsa da, ÖDX-nin etiologiyasında gender faktoru, yaş, qidalanma
rejimi, urbanizasiya kimi proseslərin iştirakı məsələlərinə daha
çox tibbi-sosial baxımdan yanaşmağı tələb edir.
Bir sıra fundamental epidemioloji tədqiqatların nəticələrinə görə,
öd daşı xəstəliyinin yaranmasında önəmli rol oynayan faktorlar
içərisində gender amili ilk yerlərdən birini tutur. ÖDX-nin
qadınlarda və kişilərdə rast gəlmə tezliyinin fərqi ancaq cinsi
yetişkənlik dövründən sonra müşahidə edilir. Bu da cinsi
hormonların təsiri və disproporsiyası ilə bağlıdır. Elmi cəhətdən
sübut olunub ki, menopauza dövründə hormonal sistemdə müşahidə
edilən dəyişikliklər öd kisəsinin yığılma funksiyasının azalması və
ödün fiziki-kolloidal vəziyyətində disbalansa səbəb olur. Kişilərdə
isə hormonal pozğunluğun öd daşlarının yaranmasında hansısa bir
rolu müəyyən edilməyib. Qadınlarda xolelitiazın əmələ gəlməsində
əhəmiyyətli yeri həmçinin çoxsaylı hamiləliklər, doğuşların çox
olması, çoxsaylı abortlar tutur. Bu da orqanizmdə hormonal fonun
dəyişməsi nəticəsində öd kisəsinin təqəllüs funksiyasının
zəifləməsi, öd turşularının ifrazının azalması, ödün fiziki-kimyəvi
və reoloji xüsusiyyətlərinin dəyişməsi və digər faktorlarla
əlaqədardır.
Öd daşlarının əmələ gəlməsi ən çox 22-25 və 41-45 yaşlarda olan
xanımlarda rast gəlinir.
Qadınlarda ödün tərkibində biokimyəvi destabilizasiya yaradan
metabolik pozğunluqların əsas səbəbi qanda esterogenlərin
səviyyəsinin artmasıdır. Estrogenlər qaraciyər reseptorlarında
lipoproteinlərin əmələ gəlməsini stimullaşdırır, bağırsaqlardan
xolesterinin sorulmasını və onun ödə sekresiya olunmasını
gücləndirir.
- Doktor, qidalanma və yaş faktorunun bu xəstəliyin yaranmasında əhəmiyyəti necə qiymətləndirilir?
- Genetik olaraq ana xətti ilə bu xəstəliyə meyillilik daha
çoxdur, nəinki ata xətti ilə. Aparılan tədqiqatlar göstərir ki,
valideynlərində xolelitiaz olan uşaqların ödünün tərkibində
xolesterinin miqdarı daha çox olur.
Yaşla əlaqədar olaraq öd daşı xəstəliyinin artması öd kisəsində
gedən involyativ dəyişikliklərlə əlaqədardır. Belə ki, kisənin
böyüməsi, uzunluğunun artması (divarda əzələ tonusunun və
elastikliyin azalması hesabına) tədricən əzələ qişasında
atrofiyanın inkişafına və arteriyanın endotelisinin fibrozlaşmasına
səbəb olur. Bütün bunlar öd kisəsinin motor-evakuator funksiyasının
aşağı düşməsinə və öd durğunluğuna gətirib çıxarır. Yaşlı adamlarda
uzunmüddətli alimentar yükə davamlılıq azalır, ekzogen xolesterin
metabolizmi əhəmiyyətli dərəcədə yavaşıyır, bundan əlavə orqanizmin
xolesterinə tələbatı azalır. Bütün bunlar xolesterinin ödlə aşırı
miqdarda xaric olmasına gətirib çıxarır. Bu da ödün tərkibində
ciddi disbalansa səbəb olur.
Öd daşı xəstəliyinin əmələ gəlməsi ilə əhalinin qidalanma rejimi
arasında da çox sıx əlaqənin olması müəyyən edilib. Qidanın
tərkibində heyvani yağların, xolesterinin, rafinə olunan
karbohidratların olması ödün xolesterinlə normadan artıq
zənginləşməsinə gətirib cıxarır.
Balanslaşdırılmamış qida qəbulu, çox yemək, bədən çəkisinin
artması, xolelitiazın inkişafı üçün zəmin yaradan əsas risk
faktorlarından hesab edilir. Piylənmə dərəcəsinin artması ilə
xolestiazın əmələ gəlmə mexanizmi arasında düz mütənasiblik
mövcuddur. Bədən çəkisinin artması xolesterinin daha çox
hazırlanmasına səbəb olur. Bədən çəki indeksinin 35-dən yüksək
olması öd daşlarının əmələ gəlmə riskini istər kişi, istərsə də
qadınlarda 20 dəfədən çox artırır.
Kortəbii arıqlama da cox vaxt ciddi neqativ hallara səbəb olur.
Qida tərkibində bəzi əsas ərzaqların azaldılması, onların
disproporsiyası, həmçinin uzun müddətli aclıq öd turşularının
entero-hepatik sirkulyasını pozur. Nəticədə öd turşularının
xolesterini həll olan halda saxlamaq üçün miqdarı kifayət
etmədiyindən ödün litogenliyi artır, bu da, öz növbəsində daşın
əmələ gəlməsinə səbəb olur.
- Müasir dövrdə insanlarımızda az hərəkətlilik özünü daha qabarıq göstərir. Bu faktorların öd daşı xəstəliyində rolu necədir?
- Hipodinamiya və adinamiya ilə bağlı olaraq da insanlarda
xolelitiazın inkişafına dair fikirlər mövcuddur. Bəzi qrup
insanlarda məsələn, həftədə 40 saat televizora baxanlarda və digər
oturaq işi olanlarda öd daşı xəstəlyinin əmələ gəlmə riski 2 dəfə
çox olur. Öd daşı xəstəliyi ağır fiziki əməklə məşğul olan əhali
qrupu arasında daha az rast gəlinir.
Öd daşı xəstəliyinin qəbul olunan xarici risk faktorlarına,
həmçinin sürətli urbanizasiya nəticəsində həyat və qidalanma
rejiminin birdən–birə dəyişməsi və s. aid edilə bilər.
- Xəstəlik özünü hansı əlamətlərlə biruzə verir?
- Xəstəliyin klinik əlamətləri daşın harada yerləşməsi, ölçüsü,
tərkibi, miqdarı, yanaşı olaraq infeksiyanın qoşulması, öd
yollarının funksional vəziyyəti, həzm traktının başqa sistemlərinin
nə dərəcədə zədələnməsindən asılıdır. Daş öd yollarında olarsa,
ağrının intensivliyi daha davamlı olur və mexaniki sarılıq
əlamətləri ilə (skleranın saralması, sidiyin tündləşməsi və s.)
özünü göstərir. Ağrı tutmaları adətən qidalanma rejimi pozulduqda
(cox yemək, yağlı qida və yumurtadan istifadə və s.), fiziki və
əsəbi gərginlik nəticəsində meydana çıxır.
Ağrı tutmaları əksər hallarda qarında köp, ürək bulanma və qusma
ilə müşahidə olunur. Həmçinin, yüksək hərarət, üşütmə halı da ola
bilər. Bu da xolangit və ya xolesistitin olmasına dəlalət edir
Ahıl və yaşlı adamlarda xəstəliyin gizli gedişli olması daha
xarakterikdir. Belə xəstələr uzun müddət periodik olaraq, xüsusən
qidalanma rejimi və qida rasionu pozulduqda, sağ qabırğa altında,
əsasən sağ çiyinə, kürəyə, ürək nahiyyəsinə irradiasiya edən
(yayılan) küt ağrılardan və xoş olmayan hissiyatdan
şikayətlənirlər.
Öd daşı xəstəliyinin yaşlı adamlarda atipikliyinə səbəb patoloji
prosesə digər qonşu orqanların da (onikibarmaq bağırsaq, mədə,
qaraciyər, mədədaltı vəzi, bağırsaq) cəlb olunması ilə
əlaqədardır.
- Sonda öd daşı xəstəliyinin müalicəsi barədə məlumat verərdiniz…
- Öd daşı xəstəliyinin tam və dəqiq diaqnozu kompleks yanaşma yolu ilə xəstənin şikayətləri, ətraflı fiziki yoxlamalar, bir sıra laborator və instrumental müayinələr əsasında müəyyən edilir. Diaqnozun vaxtında aşkar olunması olduqca vacib məsələdir. Yuxarıda qeyd olunduğu kimi, öd daşlarının əmələ gəlməsi daşların öd kisəsində görünməsindən çox əvvəl başlayır. Ona görə də problemi tibbi-bioloji və sosial-gigiyenik baxımdan araşdıraraq, xəstəliyə səbəb olan risk faktorlarını aşkar edib, vaxtında və düzgün kompleks profilaktik tədbirlər həyata kecirməklə, onun qarşısını alıb, daha uğurlu nəticə əldə etmək mümkündür.