...

Azərbaycanın işğal edilmiş ərazilərində təbii sərvətlərin talan edilməsi ölkəyə 23 milyard manatdan çox ziyan vurub - versiya 2

Cəmiyyət Materials 18 Aprel 2007 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Ermənistan tərəfindən işğal olunan Azərbaycanın ərazilərində təbii sərvətlərin talan olunması ilə bağlı beynəlxalq qurumlara - BMT-yə, Avropa Şurasının Parlament Assambleyasına (AŞPA), ATƏT sədrinə və Minsk qrupunda həmsədr olan ölkələrin başçılarına müraciət ünvanlanıb. Müraciət çərşənbə günü Bakıda "Azərbaycanın işğal altında olan ərazilərindəki təbii sərvətlərin ermənilər tərəfindən talan olunması" mövzusunda keçirilən toplantının sonunda qəbul edilib.

Müraciətdə bildirilir ki, işğal edilmiş Dağlıq Qarabağın, o cümlədən, onun ətrafındakı Ağdam, Kəlbəcər, Laçın, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarında, eləcə də Şuşada mövcud olmuş bütün tikililər, tarixi, mədəniyyət abidələri, qoruqlar, şirin və mineral su ehtiyatları, nadir bitki və heyvan nümunələri, yeraltı və yerüstü sərvətlərin hamısı talan olunub, məhv edilib.

Müraciətdə qeyd olunur ki, 155 növ müxtəlif faydalı qazıntı yatağı, həmçinin beş qızıl, altı civə, iki mis, bir qurğuşun, bir sink, 19 üzlük və 10 mişar daşı, dörd sement xammalı, 13 müxtəlif növ tikinti daşları, bir soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, on gil, doqquz qum-çınqıl, beş tikinti qumu, doqquz gips, anhidrid və gəc, bir perlit, bir obsidian, üç vermikulit, 14 əlvan və bəzək daşları, on mineral su yatağı, onlarla şirin su yatağı ermənilər tərəfindən istismar olunur.

Həmçinin meşə zolaqlarının məhv edilməsi, çayların, göllərin çirkləndirilməsi, ekologiyanın zəhərlənməsi barədə də məlumat verilir. Ermənilərin beynəlxalq hüquq və normalara, Haaqa Konvensiyasının, Rio-de-Janeyro Bəyannaməsinin tələblərinə əhəmiyyət vermədən işğal etdiyi Azərbaycan ərazilərində bu cür özbaşınalıqlar törətməsinə beynəlxalq təşkilatların göz yumması hiddət doğurur. Müraciət müəllifləri beynəlxalq təşkilatları ermənilərin Azərbaycanın təbii sərvətlərini talan etməsinə son qoyulması üçün təsirli tədbirlər görməyə çağırır.

Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti