...

Bakı 2015 Avropa Oyunları "Polsat" kanalı ilə də yayımlanacaq (FOTO)

İdman Materials 5 Mart 2015 16:53 (UTC +04:00)
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi bu yay keçiriləcək birinci Avropa Oyunlarının Polşada yayımını təmin etmək üçün "Polsat" idman kanalı ilə saziş imzalayıb.
Bakı 2015 Avropa Oyunları "Polsat" kanalı ilə də yayımlanacaq (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 5 mart /Trend/

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi bu yay keçiriləcək birinci Avropa Oyunlarının Polşada yayımını təmin etmək üçün "Polsat" idman kanalı ilə saziş imzalayıb.

Komitədən Trend-ə verilən məlumata görə, sazişə əsasən Polşanın ən böyük özəl televiziya şəbəkəsi olan "Polsat" Avropa Oyunlarını hər gün azı altı saat müddətində, o cümlədən gündəlik əsas məqamları yayımlayacaq. Möhtəşəm açılış və bağlanış mərasimləri də nümayiş etdiriləcək.

Digər mühüm üstünlüklərlə yanaşı, "Polsat" UEFA Avropa təsnifat yarışlarının, UEFA Avropa Kubokunun (2016), Uimbldon tennis turnirlərinin, şose velosipedi üzrə dünya çempionatının (2015), 2015-ci və 2017-ci illərdə Polşada keçiriləcək Avropa voleybol çempionatlarının və kişilər arasında Avropa həndbol çempionatının (2016) yayımını təmin edən yeganə kanaldır.

Avropa Oyunlarının əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq bildirib: "Birinci Avropa Oyunlarının "Polsat" və "Polsat Sport" kanalları vasitəsilə polşalı idmansevərlərə nümayiş etdiriləcəyi xəbəri məni çox sevindirdi. Məqsədimiz Avropa Oyunlarını mümkün qədər geniş tamaşaçı auditoriyası arasında bölüşməkdir və bu məqsədə nail olmaq üçün səylə işləməyə davam edəcəyik".

Bu sazişin bağlanması ilə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi Amerika Birləşmiş Ştatları, Çin və ərəb ölkələri daxil olmaqla yarışların dünyanın 53 ölkəsində yayımlanmasını təmin edəcək sazişlər bağladığını elan etdi.

"Polsat" kanalının idman departamentinin rəhbəri Pyotr Paykel deyib: "Avropa Oyunları beynəlxalq idman təqvimində son 50 ildə keçirilmiş ən mühüm tədbirlərdən biridir və bağladığımız saziş polşalı idman azarkeşlərinə Oyunlarda iştirak edəcək idmançıların çıxışlarını izləməyə imkan yaradacaq. "Polsat" vasitəsilə Bakı 2015 yarışlarını Polşaya yayımlamaq üçün bizə verilən eksklüziv hüquqla fəxr edirik və səbirsizliklə möhtəşəm 17 günlük yarışların yayımlanacağını gözləyirik".

Polşa Milli Olimpiya Komitəsinin prezidenti Andjey Kraşnitski əlavə edib: "Avropa Oyunları idman dünyasında mühüm bir hadisədir və ən azı 12 idman növü üzrə idmançılara Olimpiya Oyunlarına təsnifat imkanı verəcək. Avropa Oyunları polşalı idmançıların beynəlxalq arenada mübarizə aparması üçün mükəmməl imkandır və "Polsat" kanalı vasitəsilə bu cür tədbirin yayımlanacağı xəbərini duymaq çox xoşdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti