...

Avropa Oyunları Honq Konq telekanalı ilə də yayımlanacaq

İdman Materials 2 Aprel 2015 18:39 (UTC +04:00)
Bakı 2015 Avropa Oyunları Honq Konqun TVB televiziya şirkəti ilə yayım sazişi imzalayıb.
Avropa Oyunları Honq Konq telekanalı ilə də yayımlanacaq

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Bu gün Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi 12-28 iyun 2015-ci il tarixlərdə ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarını yayımlamaq məqsədilə növbəti yayım sazişini Avropa qitəsinin hüdudlarından kənarda fəaliyyət göstərən Honq Konqun "Television Broadcasts Limited" (TVB) televiziya şirkəti ilə imzalayıb.

Komitədən Trend-ə verilən məlumata görə, Asiyanın ən böyük kommersiya şirkətlərindən biri olan TVB ilk Avropa Oyunlarını ölkəsində ödənişsiz və ödənişli şəkildə yayımlamaq üçün eksklüziv hüquqa sahib olub.

Honq Konq üzrə bütünlükdə 2,4 milyon əhaliyə xidmət göstərən TVB Yay və Qış Olimpiya Oyunlarının, eləcə də FIFA dünya çempionatının daimi yayımını həyata keçirən televiziya şirkətidir.

Məlumat üçün bildirək ki, TVB yalnız Avropa Oyunlarının deyil, Rio-2016 Yay Olimpiya Oyunlarının da yayımını həyata keçirəcəyini bəyan edib. Qeyd edək ki, Avropa Oyunlarının proqramına daxil edilmiş 16 Olimpiya idman növündən 12-si Rio olimpiadası üçün təsnifat rolu oynayacaq.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib: "Avropa Oyunlarına göstərilən maraq getdikcə artmaqdadır. TVB sayca 56-cı yayım tərəfdaşımız olacaq və bununla da Honq Konq Avropadan kənarda Oyunları izləmək şansı əldə edən Körfəz ölkələri, Amerika Birləşmiş Ştatları, Kanada, Hindistan və Çinin sıralarına qoşulacaq. Gələcəkdə sıralarımıza qoşulacaq yayım şirkətlərinin siyahısının daha da artacağına əminəm. Bu beynəlxalq idman tarixinə əlavə olunacaq önəmli tədbirə göstərilən diqqətin əyani sübutudur".

TVB-nin nümayəndəsi Patrik Li də imzalanmış yayım sazişi ilə bağlı fikirlərini bölüşüb: "İdmanın təbliği TVB kanalının əsas istiqamət fəaliyyətlərindən biridir. Biz Honq Konq xalqının Yay və Qış Olimpiya Oyunları, eləcə də futbol üzrə FIFA dünya çempionatı kimi yüksək səviyyəli idman tədbirlərini izləməsini təmin etmişik. Əminəm ki, tarixdə ilk dəfə olaraq Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları da tamaşaçılarımız tərəfindən böyük maraqla izləniləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti