...

Karateçimiz II Avropa Oyunlarında gümüş medal qazanıb

İdman Materials 30 İyun 2019 19:01 (UTC +04:00)

Bakı. Trend:

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında kişi karateçilərin final döyüşləri başlayıb.

Trend-in məlumatına görə, 60 kq çəki dərəcəsində qızıl medal uğrunda görüş keçirilib. Azərbaycan yığmasının üzvü Firdovsi Fərzəliyev də tatamı üzərinə çıxıb. O, finalda Latviya təmsilçisi Kalvis Kalninslə görüşüb. Qarşılaşmadan məğlub ayrılan idmançımız gümüş medalla kifayətlənib. Bu, Azərbaycan karateçilərinin “Minsk-2019”da dördüncü medalı olub.

Qeyd edək ki, Asiman Qurbanlı (+84 kq) qızıl, İrina Zaretska (68 kq) gümüş, Roman Heydərov (kata) bürünc medal əldə edib. Daha bir karateçimiz Rafael Ağayev (75 kq) isə az sonra final görüşünə çıxacaq.

Xatırladaq ki, Azərbaycan yığması Avropa Oyunlarında 27-ci medalını əldə edib. İdmançılarımızın hesabında 5 qızıl, 9 gümüş, 13 bürünc mükafat var.

Xəbər lenti

Xəbər lenti