Bakı. Trend:
Dövlət Dəniz Administrasiyasında Türkiyənin ölkəmizdəki səfiri Erkan Özaralla görüş keçirilib.
Administrasiyadan Trend-ə verilən məlumata görə, Azərbaycanla-Türkiyə arasında əlaqələrin, dostluq münasibətlərinin tarixi köklərə dayandığını deyən Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov, iki ölkə arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb.
Prezident İlham Əliyevin qayğısı nəticəsində dəniz nəqliyyatı sahəsində görülən işlər, donanmanın yenilənməsi istiqamətində əldə olunan nailiyyətlər, respublikamızın nəqliyyat dəhlizlərinin inkişafına verdiyi töhvə barədə ətraflı məlumat verilib.
Görüşdə, ölkəmizin Birləşmiş Millətlər Təşkilatının nüfuzlu təşkilatı olan Beynəlxalq Dəniz Təşkilatının ali idarəetmə orqanı olan Assambleyasında və adıçəkilən Təşkilatın Alt Komitələrinin sessiyalarında, Şurasına keçirilən seçkilərdə Türkiyəyə daim yaxından dəstək olduğu qeyd edilib.
Eyni zamanda “Türk Loydu” təsnifat cəmiyyətinin ölkəmizdə fəaliyyətinin genişləndirməsi üçün münbit şəraitin olduğu, Respublikamızda ticarət gəmiçiliyi sahəsinin getdikcə inkişaf etdiyi, bu şəraitdən istifadə edərək gəmilərə texniki nəzarət sahəsində məqsədyönlü tədbirlərin həyata keçirilməsinin zəruriliyi qeyd edilib. Azərbaycan dənizçilərinin təcrübəsi və fəliyyətindən söz açılıb, istər Azərbaycan, istərsə də xarici bayraq altında üzən gəmilərdə təcrübəli azərbaycanlı dənizçilərin olduğu qeyd diqqətə çatdırılıb.
Vaxtilə Azərbaycanda çalışdığını qeyd edən səfir Erkan Özaral, bu dəfəki dönüşündə ölkədə qısa müddətdə inanılmaz inkişafla rastlaşdığını deyib. Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olduğunu diqqətə çatdıran səfir bildirib ki, ölkədə gedən sürətli inkişaf prosesi bütün sahələrdə olduğu kimi Dövlət Dəniz Administrasiyasının da fəaliyyətində nəzərəçarpacaq şəkildə hiss olunur.
Səfir, həmçinin Dövlət Dəniz Administrasiyası tərəfindən dəniz nəqliyyatı sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərin uğurlu nəticələrinin Azərbaycandan kənarda da hiss edildiyini, bu səbəbdən Respublikamızın dəniz nəqliyyatı sahəsinin təsnifat cəmiyyətləri üçün cəlbedici xarakter daşıdığını, Türkiyə Loydunun da bu təsnifat cəmiyyətləri cərgəsində ön sıralarda olduğunu və Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən bir neçə gəmiyə “Türk Loydu” təsnifat cəmiyyəti tərəfindən texniki nəzarətin həyata keçirildiyini vurğulayaraq, Dövlət Dəniz Administrasiyası tərəfindən Türkiyə Loyduna göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Görüşdə Azərbaycanın Dövlət bayrağı altında üzən 10-a yaxın gəminin Qara dənizdə həyata keçirilən yük daşımalarına yaxından cəlb edilməsi və Türkiyəyə məxsus tərsanələrdə bir neçə gəmimizin inşa edildiyi, habelə bu sahədə gələcəkdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.