...

Nazir müavini: Əhalinin 38 faizi aqrar sektorda çalışır

İqtisadiyyat Materials 9 Mart 2018 14:45 (UTC +04:00)

Bu gün Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) nümayəndələri ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən (KTN) Trend-ə verilən məlumata görə, görüşün məqsədi Cənubi Qafqazın kənd regionlarında davamlı inkişaf və enerji təhlükəsizliyi naminə təbii sərvətlərin və ətraf mühitin dayanıqlı idarə olunması sahəsində yeni əməkdaşlıq proqramının - “Otlaqların idarə edilməsinin təkmilləşdirilməsi”və “Kənd təsərrüfatı istehsalının ekoloji normalara uyğunluğu üzrə müasir tələblərə cavab verən indikatorların hazırlanması və qiymətləndirmənin aparılması” layihələrinin müzakirəsi olub.

İ.Quliyev Azərbaycanda kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar, fermer və sahibkarlara kənd təsərrüfatı texnikalarının, mineral gübrələrin, damazlıq heyvanların güzəştlə verildiyini, onların torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olduqlarını, həmçinin ixracyönümlü sahələr, xüsusilə pambıqçılıq, baramaçılıq, tütünçülük və çayçılığa diqqət yetirildiyi barədə geniş məlumat verib. Nazir müavini, Azərbaycanın tarixən əkinçilik və heyvandarlıqla məşğul olduğunu və əhalinin 38%-nin aqrar sektorda çalışdığını qeyd edib. O, həmçinin qeyd edib ki, Azərbaycan neft ölkəsi olsa da, hal-hazırda qeyri-neft sektorunun inkişafına böyük diqqət yetirir. Bu məqsədlə dövlət tərəfindən strateji proqramlar, regionlarda infrastruktur layihələr həyata keçirilir.

İ.Quliyev Azərbaycanda aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramları, o cümlədən “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş əsas hədəflərə nail olmaq üçün belə layihələrin əhəmiyyətini xüsusilə vurğulayıb. Nazir müavini həmçinin kənd təsərrüfatının inkişafı istiqamətində son 4 ildə Baytarlıq şəhərciyinin tikilməsi, Süni Mayalanma Mərkəzinin inşa olunması, Dövlət Fitosaniotar Nəzarəti Xidmətinin maddi-texniki bazasının təkmilləşdirilməsi və hazırda Toxumçuluq üzrə laboratoriyaların quraşdırılması, Azərbaycanın milli at cinsləri olan Qarabağ və Dilbaz atları üçün kompleksin tikilməsi, habelə Azərbaycan Dövlət Aqrar Universitetində yeni tədris korpusu və tələbə yataqxanasının tikilib başa çatdırılması barədə məlumat verib. O, bu layihələrin Azərbaycanda dakənd təsərrüfatının inkişafına öz töhfəsini verəcəyini bildirib.

Görüşdə GİZ-in nümayəndələri ilə layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Qeyd edək ki, layihə çərçivəsində müzakirə olunan məsələlər üzrə ehtiyaclar müəyyən ediləcək və təkliflər hazırlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti